“Kəbin deyil, haramdır” Hadisə

“Kəbin deyil, haramdır”

Komitə sədri saxta kəbinlərdən danışıb

Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədə saxta kəbinlərin kəsilməsindən narahatlığını ifadə edib.
APA-nın məlumatına görə, Bakıda keçirilən "Dövlət-Din münasibətləri və vətəndaş cəmiyyəti" adlı konfransda M. Qurbanlı bildirib ki, son vaxtlar İslamın qaydalarına zidd kəbin kəsənlərin sayı artıb. Komitə sədri qeyd edib ki, xüsusən erkən evliliklərdə tərəflərdən birinin iştirakı olmadan kəbinlər kəsilir: "Bu kəbini kəsən axund və ya imam nə etdiyini bilirmi? Kəbin kəsiləndə hər iki tərəf iştirak etməlidir və bu, İslamın çox konkret tələblərindən biridir. Əgər onlardan biri iştirak etmirsə bu, kəbin deyil, haramdır".
Mübariz Qurbanlı deyib ki, bu gün dindən siyasi məqsədlər üçün istifadə olunmasını müşahidə etməkdəyik. Bəzi dairələr din əbasına bürünərək çirkin məqsədlərini həyata keçirmək istəyir.
O qeyd edib ki, bu dairələr bütün ölkələrdə var: "Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, çoxsaylı insanların fəlakətə aparılmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedir və çox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır".
Komitə sədri deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinə çox diqqət verilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir: "Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var".
M. Qurbanlı bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı çox mühüm dəyişikliklər edilib: "İctimai iştirakçılıqla bağlı yeni qanun hazırlanmasının ardınca Cinayət Məcəlləsində din adı altında terror təşkilatların qoşulanlara qarşı ciddi dəyişikliklər edildi ki, bu, profilaktik tədbirlərin alınmasına səbəb oldu. Başqa ölkələrdə baş verənlər bura sirayət etməməlidir. Bu yolda həm ziyalılarımızın, həm vətəndaş cəmiyyətinin, həm də dini icmaların çox böyük rolu olmalıdır".