20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim Hadisə

20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi - Tarixçi alim

20 yanvar faciəsi tarixi mübarizə meydanına atılmış Azərbaycan xalqının ictimai şüurunda müqəddəs «şəhidlik» anlamını yenidən bərpa etdi, xalqı öz inamı, tarixi,qəhrəmanlıq ruhu ilə bağladı. Azərbaycan xalqı bu faciəyə baxmayaraq, yenə də milli birliyini qoruyub saxladı.

Bunu AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Qurbanlı deyib.

20 yanvarın müstəqillik tariximizin mühüm bir mərhələsi olduğunu deyən Ə.Qurbanlı qeyd edib ki, 20 yanvar faciəsindən keçən bu illər ərzində zaman etibarı ilə bu hadisələrdən uzaqlaşdıqca, hadisə ilə, onun yaranma səbəbi ilə bağlı hər şey aydın olduqca, tarixi-siyasi təcrübəmiz çoxaldıqca həmin hadisənin dünəni və sabahı daha aydın dərk olunur.

Tarixçi hesab edir ki, 20 yanvar faciəsi o zaman dünyanın böyük bir düşərgəsində yaranmış yeni tarixi şəraitdə baş vermiş kəskin ictimai-siyasi dönüşlərin Azərbaycanı titrədən güclü bir təkan idi. Bu anlamda bu faciə Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizənin bütün ümumi və tipik cəhətlərini özündə birləşdirən rəmzi bir məqamdır. Bu faciədə əks olunan ümumi və tipik cəhətlər isə özündən əvvəlki və sonrakı hadisələrin ana xəttini təşkil edir. 20 yanvar faciəsi həmin dövrdə cərəyan edən ictimai-siyasi hadisələrin kulminasiyası olmaqla yanaşı, yaranmaqda olan yeni bir epoxa ilə yaşanmış tarixi mərhələ arasında bir sərhəddir.

Alimin fikrincə, məhz 20 yanvar faciəsi ilə artıq oyanmaqda olan milli şüurda mühüm keyfiyyət dəyişikliyi baş verdi və xalq artıq müstəqilliyin labüd olduğunu anladı:

"Xalq onu da anladı ki, azadlıq, müstəqillik bir hüquqi, siyasi, iqtisadi reallıqdır və bu reallığa hazır olmaq lazılmdır. 20 yanvar olayları bir xalqın müstəqillik arzularına, onun barlığına, heysiyyatına edilən bir təcavüz idi. Azərbaycan xalqını bu təcavüzə məruz qoyan «demokratikləşmədən» və «yenidənqurmadan» dəm vuran o zamankı sovet rəhbərliyi idi. İmperiyanın ömrünü uzatmaq istəyənlər qətliamı törətməklə həm Azərbaycan xalqına,həm də sovet rejimində yaşayan xalqlara ibrət dərsi vermək istəyirdilər. 20 yanvar hadisəsi Azərbaycanın müstəqillik mübarizəsini boğmağa qarşı yönəldilmişdi. Lakin sovet imperiyası buna nail ola bilmədi, Azərbaycan öz dövlət müstəqilliyinə qovuşdu".