Təkrar cinayət halları niyə baş verir? Hadisə

Təkrar cinayət halları niyə baş verir?

Çingiz Qənizadə: "Heç kəs ürəklə deyə bilməz ki, cəza çəkən şəxslər sonradan cinayət törətməyəcək"

Elnur Rüstəmov: "Keçmiş məhkumların ən ciddi problemləri işsizlikdir"

Xəbər verildiyi kimi Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası başa çatıb. Sərəncamın şamil edildiyi bütün məhkumlar bu gün azadlığa buraxılıblar. Qeyd edək ki, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 87 nəfərə şamil edilib.
Amma bəzi hallarda həbsdən çıxan məhbusıar təkrar cinayət törədirlər ki, bu da onların həbsdən sonra adaptasiya prosesi ilə bağlıdır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, heç kim həbsdən azad olunan insanların sonradan cinayət törətməyəcəyinə zəmanət verə bilməz: "Bu gün cəzaçəkmə müəssisələrində yatan məhkumların statistikasına baxsaq, görərik ki, onların içərisində dəfələrlə məhkum olunanlar var. Onlar isə bir neçə qrupda birləşir: Vaxtından əvvəl azad olunanlar, cəzasını tam çəkib azadlığa çıxanlar, əfv olunanlar. Əgər söhbət vaxtından əvvəl və əfv olunanlar qrupundan gedirsə, burada risk azdır. Çünki onların vaxtından əvvəl azad olunması üçün müəyyən araşdırmalar aparılır: hər hansı insanla düşmənçiliyi varmı, ona qarşı qəsd ola bilərmi, kimdənsə intiqam ala bilərmi, özünü cəzaçəkmə müəssisəsində necə aparıb. Bunlar hamısı təbii ki, nəzərə alınır".
Hüquq müdafiəçisi qeyd edib ki, cəzasını tam şəkildə çəkərək azadlığa çıxan insanların hərəkətlərinə heç kim zəmanət verə bilməz: "Bu qrupda risk daha çoxdur. Bu baxımdan heç kəs ürəklə deyə bilməz ki, cəza çəkən şəxslər sonradan cinayət törətməyəcək. Amma onların üzərində açıq nəzarət aparmaq da düzgün deyil. Konstitutsiyaya görə insanlar azad və sərbəstdirlər və cəzalarını çəkdikdən sonra yenə də azaddırlar.
Lakin müəyyən operativ tapşırıq əməliyyatlarını həyata keçirərkən, həmin insanların özü də bilmədən hansısa əməliyyatlar, onların cəmiyyətdə davranışı, onları əhatə edən dairə, hazırki, işi və ya işsizliyi, həmçinin törədilən cinayətlə bağlı aparıla bilər. Araşdırmalar apararkən müəyyən etmişik ki, əfv olunan insanların 1-2 faizi təkrar cinayət törədir və xarakter etibarı ilə ağır olmur.
Əfv olunan və cəzasını vaxtından əvvəl çəkərək azad olunan şəxslərin cəzasını tam şəkildə çəkərək azadlığa çıxan insanlarla müqayisədə təkrar cinayət törətməsi arasında böyük fərq var".
Hüquq müdafiəçisi Nazir Quliyev bildirib ki, məhkumlar azadlığa çıxdıqdan sonra onlara biganə münasibət bəslənilir. Onun sözlərinə görə, prezidentin müvafiq qərarı ilə verilən əfv fərmanı ilə azadlığa çıxan məhkumlar cəmiyyətdə bir sıra problemlərlə üzləşir ki, bu da onların gələcək həyatına mənfi təsir göstərir. "Əfv olunan insanlar azadlığa çıxdıqdan sonra cəmiyyətdə onların problemlərinə biganə münasibət göstərilir və onlar ayrı-seçkiliyə məruz qalırlar. Belə insanlar arasında təkrar cinayət törədənlərin də sayı az deyil".
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov isə keçmiş məhbusların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün reabilitasiya mərkəzlərinin önəmini vurğulayıb: "Çox yaxşı olardı ki, məhbusların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün reabilitasiya mərkəzləri olsun. Hansı ki, onlar bu mərkəzlərdə cəmiyyətə normal şəkildə inteqrasiya vərdişlərinə yiyələnir, treninqlər, seminarlar keçirlər. Eyni zamanda sosioloq, psixoloq və ilahiyyatçıları da bu işə cəlb etmək olar. Bundan başqa, onlara hər hansı peşənin öyrədilməsi, əməyə alışdırılması baxımından işlər aparılması daha məqsədəuyğun olar".
Ailəli olan məhkumların uzun müddət onlardan ayrı qalmasının ailədaxili münasibətlərə də təsirsiz ötüşmədiyini deyən E. Rüstəmov bu istiqamətdə də addımların atılmasının önəmini vurğuladı: "Bir qisim məhkumlar ailədən, həyat yoldaşından, uşaqlarından kənarda qalırlar. Onlara ailədaxili münasibətlərin qurulması və bərpası üçün psixoloji yardım göstərmək yaxşı olardı. Ümumiyyətlə, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi məhkumların müstəqil həyata, azadlığa adaptasiyasını gücləndirə bilər. Bu olmadığı təqdirdə, bir sıra problemlərin yaşanması qaçılmazdır. Bu gün cinayət törədənlərin böyük əksəriyyəti əvvəllər məhkum olunmuş şəxslərdir. Bu da onu göstərir ki, cinayət törədən şəxs cəzaçəkmə müəssisəsində islah olunmayıb, o, sədəcə, cəzasını çəkib. Əgər o, islah olunsaydı, yenidən həbsxanaya düşmə ehtimalı çox aşağı olardı". E. Rüstəmov bu baxımdan reabilitasiya mərkəzlərinin təşkil olunmasının vacib olduğunu deyib.
Dünya ölkələrinin bir çoxunda məhkumların əmək qabiliyyətini bərpa etmək və onları azadlığa buraxıldıqdan sonrakı həyata hazırlamaq məqsədilə bir sıra reabilitasiya tədbirləri həyata keçirilir. İlk növbədə, cəzaçəkmə müəssisələrinin tabeliyində olan istehsalat sahələrində məhkumların əməyindən istifadə olunur. Hətta onlara əməkhaqqı olaraq müəyyən qədər maaş da verilir. 2013-cü ilin statistik göstəriciləri ABŞ-da 1 milyon 260 min məhkumun olduğundan xəbər verir. Bu qədər məhkumun illik xərci 50 milyard dollara başa gəlir. Lakin dövlət həbsxanaların tabeliyində olan istehsalat müəssisələrində məhkumların əməyindən istifadə edərək, 72 milyard dollar gəlir əldə edir. Bunlar əsasən sanitar-gigiyena, yeməklərin hazırlanması, kommunal-təsərrüfat, nəqliyyat xidmətləri kimi sahələrdir. ABŞ xarici ölkələrdə yerləşən istehsalat bazalarını geri qaytarmaqla məhbusların məşğulluq səviyyəsini artırır. Buna görə də bir çox şirkətlər ucuz işçi qüvvəsi toplamaq üçün öz müəssisələrini xaricdə deyil həbsxanalarda qururlar. Bu həm məhbuslara yardım edir, həm də ölkədəki ticarətin inkişafına təkan verir.
Psixoloq E. Rüstəmov keçmiş məhkumların ən ciddi problemlərinin işsizlik məsələsi olduğunu vurğulayıb: "Bu gün ən böyük problemlərdən biri də cəzasını çəkib bitirən insanlara hələ də "cinayətkar" damğası ilə yanaşılmasıdır. Bu düşüncənin aradan qaldırılması çox vacib məsələlərdəndir. Nəzərə almaq lazımdır ki, zaman keçdikcə həmin insanlar öz cəzasını çəkib, bitiriblər və yeni bir həyata başlamaları üçün dəstəyə ehtiyacları var. Hesab edirəm ki, ilk növbədə, onların işlə təmin olunmasında müəyyən güzəştlər olunmalıdır. Bu cür güzəştlər onların yenidən cinayət törətməsinin qarşısını ala bilər. Araşdırmalar göstərir ki, cinayətkarların böyük əksəriyyəti, əvvəlcə, məhkumluq həyatı yaşayanlardır. Onların yenidən cinayət törətməsinə cəmiyyətin laqeyd münasibəti də müəyyən qədər təsir edir. Düşünürəm ki, onların reabilitasiyası istiqamətində kompleks tədbirlər görülsəydi, bu amil təsiredici rol oynamazdı". Dövlətin məhbusların yenidən cəmiyyətə inteqrasiyasını təmin etmək üçün reabilitasiya mərkəzinin tikilməsinə qərar verdiyini deyən psixoloq tezliklə bu istiqamətdə müsbət nəticələrin əldə olunacağını bildirdi: "Düşünürəm ki, bu addım müsbət nəticələrin əldə edilməsində mühüm rol oynayacaq. Artıq müvafiq orqanlar da bu istiqamətdə işlərə başlayıblar. Bu reabilitasiya prosesi aparılsa, onların cəmiyyətə adaptasiyası daha tez nəticə verəcək".
Bizdə cəzaçəkmədən azad olan şəxslərə fərqli yanaşılsa da, bir çox Avropa ölkələrində həmin müddət islah olunma kimi dəyərləndirilir. Cəzasını çəkdikdən sonra azadlığa çıxan məhbus əvvəlki səhvlərini təkrar etməməyi, yeni həyat qurmağı qərara alsa da, qarşılaşdığı problemlər onun bu istəyini ürəyində qoyur. Belə ki, cəmiyyətin bu insanlara "cinayətkar" nəzəri ilə baxması onların sosial mühitdən təcrid olunmasına səbəb olur. Psixoloq bu vəziyyəti normal hal kimi qiymətləndirib: "Hesab edirəm ki, cəmiyyətin məhkumluq həyatı yaşamış insanlara normal yanaşması da doğru olmazdı. Belə olsaydı, hər kəs potensial cinayətkar olardı. Cəmiyyət tərəfindən qınaqların olması normal haldır. Lakin onların işlə təmin olunması, cəmiyyətə yenidən uyğunlaşması prosesinə əngəl olan düşüncənin aradan qaldırılmasına çalışmaq lazımdır. Bu da dövlətin və cəmiyyətin birgə iştirakı ilə olmalıdır. Yəni ictimai qınağın tamamilə aradan qaldırılmasını tələb etmək doğru deyil".

Əli