Müharibədən zərər görmüş vətəndaşların psixoloji reabilitasiyası davam edir - VİDEO Hadisə

Müharibədən zərər görmüş vətəndaşların psixoloji reabilitasiyası davam edir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğalçı düşməni torpaqlarımızdan qovdu və ərazi bütövlüyümüzü bərpa etdi.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə əlaqədar şəhid ailələri, qazilər, müharibədən fiziki-mənəvi əziyyət çəkən insanlar hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli, zəruri tibbi, o cümlədən psixoloji yardım təminatı daim diqqət mərkəzində saxlanılır.

Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər FHN-in mütəxəssisləri ilə birlikdə Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasını davam etdirirlər. Artıq fevralın 26-dan etibarən Bakı şəhəri ilə yanaşı, Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarımızın psixoterapevtik reabilitasiyasına başlanılıb. Ümumilikdə ötən müddət ərzində FHN-in “112” qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 1000 nəfərdən artıq Vətən müharibəsi iştirakçısı, qazi, şəhid ailəsi üzvü və erməni terrorundan zərər görmüş digər şəxslərə, o cümlədən 90-a yaxın uşaq və yeniyetməyə müvafiq yardımlar göstərilib.

Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in “112” qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.