Akademik Ramiz Mehdiyevin kitabı Litva dilində nəşr edilib Hadisə

Akademik Ramiz Mehdiyevin kitabı Litva dilində nəşr edilib

Akademik Ramiz Mehdiyevin "Azərbaycanın keçmişdəki itkiləri və gələcəyinin strateji görünüşü" adlı kitabı Vilnüsdə Litva dilində çapdan çıxıb.
SalamNews xəbər verir ki, iki hissədən ibarət kitabın birinci hissəsində R. Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" adlı tarixi oçerki dərc olunub. Bununla bərabər, həmin hissədə R.Mehdiyevin sözügedən tarixi oçerki barədə Litva Milli Elmlər Akademiyasının akademiki, professor Antanas Tila və Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitunun müəllimi, sosial elmlər doktoru Laurinas Kasçyunas tərəfindən yazılmış resenziya və politoloji mülahizələr, həmçinin professor Vitautas Landsbergisin 20 Yanvar hadisələri haqqında "Azərbaycanın faciəsi" adlı məqaləsi yer alıb.
Kitabın ikinci hissəsində oxuculara R.Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı sosial-siyasi və fəlsəfi əsəri təqdim olunub. Bu əsər haqqında tanınmış iqtisadçı alim, Litva Milli Elmlər Akademiyasının akademiki, monetar siyasət sahəsində nüfuzlu mütəxəssis, professor Antanas Buraçasın yazıdığı geniş həcmli elmi məqalə və "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013 – 2014" (The Global Talent Competitiveness Index) hesabatında Azərbaycanın və Litvanın tutduqları reytinqlərə aid müqayisəli göstəricilər də sözügedən hissədə dərc olunub.
R.Mehdiyevin kitabını Litva dilinə Azərbaycan və Litva filologiyaları üzrə mütəxəssis, Azərbaycan - Litva ədəbi-mədəni və ictimai-siyasi əlaqələrinin tədqiqatçısı, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuvene tərcümə ediblər.
Kitab Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən min nüsxədən ibarət tirajla nəşr edilib.