ABŞ-İran qarşıdurması: Hörmüz problemi necə həll olunacaq?
9 Sentyabr 23:45

Yəməndə hökumət qüvvələri ilə husilər arasında uzun illərdir baş verən münaqişə son zamanlar şiddətlənib. Son hadisələrdən biri Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının tərəfdarlarının Mərib əyalətinin şimalında məcburi köçkünlərin yerləşdiyi düşərgəyə ballistik raket zərbəsi endirməsi olub.
Husilərin son hücumları münaqişəni yenidən genişləndirə bilərmi?
Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu söyləyib ki, son hadisələr Yəməndə münaqişənin yenidən genişmiqyaslı mərhələyə keçməsi riskinin artıq kifayət qədər yüksək olduğunu göstərir: “Burada söhbət təkcə ayrı-ayrı raket hücumlarından deyil, 2022-ci ildən sonra yaranmış nisbi sakitliyin faktiki olaraq dağılmasından gedir. Məribə məcburi köçkünlərin düşərgəsinin ballistik raketlə vurulması xüsusilə ciddi siqnaldır. Daha önəmlisi odur ki, bu hücumlar tək hadisə deyil. Son həftələrdə Mərib, Taiz və Hodeyda istiqamətlərində hökumət qüvvələri ilə husilər arasında döyüşlər intensivləşib. Əslində, Yəməndə yeni müharibə mərhələsinin başlanması artıq ehtimal deyil, prosesin özüdür. BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq avqust ayında ölkənin 2022-ci il atəşkəsindən bəri ən yüksək səviyyədə genişmiqyaslı münaqişəyə qayıtmaq riski ilə üz-üzə olduğunu bildirmişdi. Burada üç amil xüsusilə təhlükəlidir. Birincisi, daxili cəbhə genişlənir. Husilər artıq yalnız uzaqmənzilli raket və dronlarla regional aktorlara mesaj vermirlər; Mərib, Taiz və Hodeyda kimi strateji ərazilərdə hökumət qüvvələri ilə birbaşa hərbi qarşıdurmanı intensivləşdirirlər. Mərib isə Yəmənin neft-qaz infrastrukturu və hökumətin nəzarət etdiyi ərazilər baxımından xüsusi strateji əhəmiyyət daşıyır”.
“Münaqişə yenidən regional xarakter alır”
V.Zifəroğlunun sözlərinə görə, ikincisi, münaqişə yenidən regional xarakter alır: “Husilərin Səudiyyə Ərəbistanına qarşı raket və dron hücumlarını bərpa etməsi artıq Yəmən daxilindəki qarşıdurmanı Səudiyyə–Husi qarşıdurmasına çevirmək təhlükəsi yaradır. Sentyabrın 8-də Səudiyyə Ərəbistanı ölkənin cənubundakı enerji obyektlərinə Husi hücumları nəticəsində 73 nəfərin yaralandığını və bir sıra obyektlərin fəaliyyətinin pozulduğunu açıqlayıb. Üçüncüsü, Bab əl-Məndəb faktoru var. Husilərin Taiz və Hodeyda istiqamətində fəallaşması təsadüfi deyil. Bu ərazilər Bab əl-Məndəb boğazına çıxış baxımından stratejidir. Əgər husilər burada mövqelərini möhkəmləndirsələr, Yəmən müharibəsi yalnız daxili hakimiyyət uğrunda savaş olmayacaq, həm də Qırmızı dəniz və qlobal dəniz ticarəti üçün ciddi təhlükəyə çevriləcək”.
Ən təhlükəli ssenari...
Ekspert həmçinin deyib ki, burada ən təhlükəli ssenari Yəmənin 2015–2022-ci illərdəki tammiqyaslı müharibə modelinə qayıtmasıdır: “Hazırda bunun ilkin əlamətləri görünür: cəbhə xətlərində intensivləşmə, ballistik raketlərdən daha geniş istifadə, yaşayış məntəqələrinin və düşərgələrin vurulması, hökumət qüvvələrinin əks-hücumları və Səudiyyə Ərəbistanının birbaşa hədəfə çevrilməsi. Üstəlik, Yəməndəki eskalasiya hazırda daha geniş Yaxın Şərq qarşıdurmasının fonunda baş verir. Buna görə də əvvəlki illərdən fərqli olaraq hadisələrin yalnız Ənsarullah–Yəmən hökuməti xəttində qalacağına zəmanət yoxdur. İran–ABŞ qarşıdurması, Səudiyyə Ərəbistanının təhlükəsizlik narahatlıqları və Qırmızı dənizdəki gərginlik Yəmən cəbhəsini daha böyük regional münaqişənin bir hissəsinə çevirə bilər”.
“İran husiləri dəstəkləyir”
Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib ki, hazırda Yəməndə Ənsarullah hökuməti və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən mühacir hökumət arasında hakimiyyət və ən əsası Qırmızı dəniz sahillərinə nəzarət uğurunda mübarizə gedir: “Məsələ ondadır ki, 2012-ci ildə Yəməndə prezident Əli Abdullah Saleh ərəb baharı etirazlarından sonra istefaya getdi, onu müvəqqəti olaraq vitse-prezident Əbdurəbbi Mansur Hadi əvəz etdi, ancaq Hadinin yeni prezident seçkiləri keçirməməsi, islahatlar həyata keçirməməsi nəticəsində siyasi böhran yarandıqdan sonra 2014-cü ildə Ənsarullah Hərəkatının rəhbərlik etdiyi hərbi-siyasi koalisiya çevriliş edərək hakimiyyəti ələ keçirdi. Hadi isə əvvəl razılaşsa da, sonra Səudiyyə Ərəbistanına qaçıb orada mühacir hökumətini davam etdirdi. 2015-ci ildə isə Səudiyyə Ərəbistanı koalisiyası Yəmənə hücum etdi. Ancaq nəticə olmadığı üçün 2022-ci ildə atəşkəs elan olundu, husilər isə İsrailə müharibə elan etdi. Husiləri İran dəstəkləyir. Bu mənada Yəməndə proksi müharibə İran və Səudiyyə Ərəbistanı arasındadır”.
“Səudlar qalib gəlsə...”
K.Rövşənoğlunun sözlərinə görə, lakin bu il ABŞ və İsrailin İrana hücumundan sonra İran elan etdi ki, Hörmüz boğazı ilə yanaşı Qırmızı dənizdə də Bab əl-Məndəb boğazı bağlanacaq: “Bundan sonra husilər bir neçə gəmini və Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxışı olan neft terminalı Yanbunu atəşə tutdu. Bu səbəbdən də Səudiyyə Ərəbistanı husiləri cəzalandırmaq və Qırmızı dənizdən uzaqlaşdırmaq üçün yenidən onlara qarşı əməliyyatlara start verdi. Vuruşan yəmənlilər və Afrika, eləcə də digər ölkələrdən gələn silahlılar olsa da, sponsor Səudiyyə Ərəbistanıdır. Yəni müharibə dolayısı ilə İran və Səudiyyə, daha geniş mənada ABŞ arasında gedir. Əgər səudlar qalib gəlsə, husiləri Qırmızı dənizdən uzaqlaşdırmaq və ya hakimiyyəti ələ keçirmək istəyir. Buna görə də indi belə xəbərlər çox yayılır, orada güclü müharibə gedir”.
Röya İsrafilova