Hərbi ekspertdən cəbhədəki vəziyyətlə bağlı açıqlama Hadisə

Hərbi ekspertdən cəbhədəki vəziyyətlə bağlı açıqlama

"Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında Serj Sarkisyanın ifadə etdiyi iddialar ciddi siqnal və ərazi bütövlüyümüzə açıq təhdiddir".
Hərbi ekspert İbrahim Rüstəmli Ermənistan prezidentinin səsləndirdiyi fikirlərə münasibət bildirib. "Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında Serj Sarkisyanın ifadə etdiyi iddialar ciddi siqnal və ərazi bütövlüyümüzə açıq təhdiddir. Ona görə də deyilənləri ən qısa müddətdə dərindən analiz etmək, adekvat münasibətlə, düşünülmüş güclü əks-təsirlə qarşılamaq vacibdir. Təkrar edirəm: onlara ironiya ilə, sarkazmla yanaşmaq bütün hallarda təhlükəlidir. Çünki bu məlumatların hər biri dövriyyəyə məqsədli şəkildə buraxılır və gələcəkdə baş verə biləcək hadisələrin əsas bazasını təmsil edir.
Yəni, özünü doğruldan təcrübə, əlbəttə, ilk növbədə məxfiliyi qorumaq şərtilə, ciddi qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Müdafiə Nazirliyi təşəbbüsü əldə saxlamaq məqsədilə bütün cəbhə boyu hərəkətə keçməli, komanda heyətinin ön xətlə birbaşa təmasını daha etibarlı özüllər üzərində qurmalıdır.
Bu mənada cəbhədəki vəziyyətə nəzarətin bir deyil, bir-neçə informasiya mənbəyinin dəstəyilə həyata keçirilməsini vacib sayıram. Bu, ordu rəhbərinin real vəziyyətlə bağlı təsəvvürlərini dolğun şəkildə formalaşdıracaq və qabaqlayıcı tədbirlərin effektini ikiqat artıracaq.
Nəhayət, Serj Sarkisyanın kəskin ifadə formaları başadüşüləndir. İndi o, depressiyadadır və elə buna görə də küncə sıxışdırılmış vəhşi heyvandan fərqlənmir: acıqlıdır, çünki manevr imkanları tamamilə tükənib; həm içdən, həm də xaricdən aldığı dəstək artıq özünü doğrultmur. Beləsinin vabanka getməsi, ən kəskin variantları seçməsi onun üçün yeganə açıq yoldur. Fikir verin, birbaşa üstümüzə yeriyir! O üzdən real vəziyyəti həlledici məqam kimi dəyərləndirirəm: bu vəhşini öz iradəsilə layiq olduğu yerə salmaq üçün dəmir qəfəsin qapılarını açmaq lazımdır".
Qeyd edək ki, Ermənistan prezidenti Sarkisyanın bazar ertəsi Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı çoxsaylı sürprizlərin gözləndiyini demişdi.