Azərbaycanla Türkmənistan arasında dostluq münasibətləri var Hadisə

Azərbaycanla Türkmənistan arasında dostluq münasibətləri var

Fevralın 17-də ADA Universitetində Azərbaycan-Türkmənistan əlaqələrinə həsr olunan "dəyirmi masa" keçirilib.
ADA Universitetinin rektoru Hafiz Paşayev "dəyirmi masa"da çıxış edərək Azərbaycan və Türkmənistan arasında mehriban qonşuluq və dostluq münasibətlərinin olduğunu söyləyib. Hafiz Paşayev hər iki ölkənin regionda vacib mövqeyə malik olduğunu diqqətə çatdırıb.
Türkmənistanın Humanitar Məsələlər və İnkişaf üzrə Beynəlxalq Universitetinin rektoru Esen Aydoqdyev Azərbaycan-Türkmənistan əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb. O, gələcəkdə münasibətlərimizin daha intensiv şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu qeyd edib.
Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov qeyd edib ki, hər iki ölkənin prezidentlərinin istər ikitərəfli, istərsə də beynəlxalq tədbirlər çərçivəsində görüşləri münasibətlərin gələcəkdə daha da möhkəmlənməsinə böyük töhfələr verib.
İkitərəfli münasibətlərin çoxşaxəli inkişafı üçün geniş imkanların olduğunu söyləyən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə təhsil sahəsində əlaqələrin inkişaf etdiyini, Türkmənistanla tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. Fariz İsmayılzadə Xəzər regionunda turizmin inkişafına birgə töhfə verməyin mümkünlüyünü qeyd edib, bununla bağlı müştərək layihələr həyata keçirməyin önəmini vurğulayıb.