Azərbaycanda diaspora və lobbiçilik quruculuğu Hadisə

Azərbaycanda diaspora və lobbiçilik quruculuğu

CAVİD

Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.
Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.
2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycançılıq ideologiyasının beynəlxalq əhəmiyyət qazanması baxımından önəmli bir hadisəyə çevrildi. Dünyanın 36 ölkəsindən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Sonra dönəmlərdə də keçirilən Dünya azərbaycanlılarının qurultayları Azərbaycanın hüdudlarından soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addımlar idi.
Milli Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyi diaspor təşkilatlarımızın gücünü ortaya qoyur. Dünyanın ayrı-ayrı ölkələrindəki soydaşlarımızla aparılan sistemli iş, azərbaycanlıların milli birliyinin möhkəmləndirilməsi yönündə dövlətin yürütdüyü siyasət Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından səmərəli nəticələr verib.
Diaspor təşkilatlarının problemlərinin aradan qaldırılması istiqamətində fəaliyyət, onların fəaliyyətinin milli maraqlarımızın gerçəkləşdirilməsinə yönəldilməsi yönündə dövlət siyasəti xüsusilə təqdir olunmalıdır.
Politoloqlar hazırki dövrdə diaspor anlayışını beynəlxalq münasibətlərin vacib elementi kimi xarakterizə edirlər.
Dünyada gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq məsələlərdə diaspor və lobbi təşkilatlarının rolunun artması bu sahəyə diqqətin daha da artırılmasını tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsi əslində bu zərurət nəzərə alınaraq yaradılıb. Lakin beynəlxalq siyasətdə ikinci paralel hesab olunan bu fəaliyyətin tənzimlənməsi baxımından bir sıra əlavə tədbirlərə ehtiyac var.
Ötən illərin təcrübəsi göstərir ki, diaspor təşkilatları ilə iş xeyli dərəcədə mürəkkəbdir. Bu gün dünyanın müxtəlif ölkələrində 450-yə yaxın diaspor qurumu fəaliyyət göstərir. Amma diaspor təşkilatlarının daha səmərəli fəaliyyətini təmin etmək, yeni keyfiyyət mərhələsinə keçirmək baxımından daha iş görülməlidir. Biz təkcə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində çalışmamalıyıq, bu fəaliyyət tədricən lobbiçilik müstəvisinə keçməli, ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların qərarlarına təsir göstərmək səviyyəsində qurulmalıdır.
Artıq Azərbaycanı dünyada daha çox tanıyırlar. Azərbaycan diasporunun Azərbaycan gerçəklərini dünya miqyasında yetərincə və uğurla təbliğ etdikləri fikrilə razılaşmamaq olmur. Amma diaspor təşkilatlarımızın bu sahədə fəaliyyətinin onların öz imkanları daxilində məhdud olduğu da nəzərə alınmalıdır. Əlbəttə ki, diaspor qurumlarımız daha böyük işlər görə bilərlər.
Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru, Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası 100 ildən bəri dünyaya yalanlar üfürən erməni təbliğatına ciddi şəkildə zərbə vurub. Bu kampaniya çərçivəsində dünyanın bir çox ölkəsində keçirilən Xocalı soyqırımı ilə bağlı həqiqətləri yaymaq məqsədilə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlərdə Azərbaycan diaspor təşkilatlarının fəallığı xüsusilə qeyd edilməlidir.
Xocalı faciəsinin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir. Ötən 5 il ərzində 200-dək müxtəlif xarakterli tədbirin həyata keçirilməsi Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından ciddi faktordur.
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 13 fevral tarixli "Xocalıya ədalət" kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı da tarixi əhəmiyyət daşıyır və müvafiq istiqamətdə fəaliyyət göstərməyə böyük dəstəkdir.
Bu kampaniya çərçivəsində əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan diasporasının da dəstəyilə beynəlxalq miqyasda lobbiçilik daha effektivdir. Əslində bu kampaniya göstərdi ki, erməni diasporunun işini o qədər də şişirtmək lazım deyil və sadəcə olaraq onların haqqında mif yaradılıb. Artıq dünya ictimaiyyəti Azərbaycan torpaqlarının işğal olunması, Ermənistanın nəinki işğalçı dövlət olması reallığını, hətta qondarma soyqırım pərdəsi altında gizlənərək soyqırım həyata keçirdiyi faktını qəbul edir.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində gənclərin rolu onların Azərbaycan diasporunun ən fəal hissəsi olduğunu da ortaya qoydu. Bu gün xarici ölkələrdə təhsil alan və yaşayan azərbaycanlı gənclər də dövlətin yaxın dəstəyi və yardımı sayəsində təhsil aldıqları ölkələrdə müxtəlif dərnəklər və ictimai birliklər yaradır.
Bütün bunlarla yanaşı Azərbaycan dövlətinin qarşısında mühüm vəzifələr dayanır. Diasporla İş üzrə Dövlət Komitəsi bu sahədə dövlət siyasətini təmin etsə də, diasporla iş üçün ayrılan büdcə yetərli deyil. Dövlət diaspor təşkilatlarımıza daha çox yardım etməli, dövlətimizin apardığı xarici və daxili siyasətin məramını onlara daha ətraflı izah etməlidir. Bu baxımdan müvafiq komitəyə dövlət büdcəsindən ayrılan vəsaitin hətta dəfələrlə artırılmasına ehtiyac var. Qeyd edək ki, diaspor və lobbi fəaliyyətlərinin stimullaşdırılması baxımından ayrı-ayrı ölkələrdə imkanlı soydaşlarımızın dəstəyilə diaspor fondlarının, hətta beynəlxalq miqyasda Vahid Diaspor Fondunun yaradılması məsələsi günümüz üçün aktualdır.
Bu Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələyə keçilməsi demək olardı. BeNiLüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov da bu fikirdədir ki, Azərbaycan diasporu lobbiçilik istiqamətində addımlar atmalıdır və Avropadakı diasporumuz artıq bu mərhələyə keçid edir. Lobbiçilik diaspor fəaliyyətinin daha mütəşəkkil hədəfidir. Sahil Qasımovun sözlərinə görə, lobbizm özü böyük bir diplomatiyadır və belə bir fəaliyyət qarşıda duran əsas vəzifələrdən biridir. Lobbiçilik ənənəvi diplomatiyadan fərqlənir və əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı dövlətə daxildən ictimai sifarişi təşkil edir.
Yaxşı təşkilatlanmış diaspora təşkilatları öz tarixi vətənlərinin xeyrinə lobbiçilik fəaliyyəti ilə də məşğul
olurlar.
Məsələn, BeNiLüks Azərbaycanlıları Konqresi Avropa Birliyində akkreditə olunub və Azərbaycanla bağlı məsələləri birbaşa avropalı parlamentarların diqqətinə çatdırır.
Xaricdə fəaliyyət göstərən diaspor qurumlarının əksəriyyəti də Vahid Diaspor Fondunun yaradılması ideyasını dəstəkləyir. Bu təşəbbüsün reallaşması müvafiq dövlət komitəsinin diasporla aparılan işin səmərəliliyini dəfələrlə artırmış olardı.
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işçisi Zaur Əliyev deyir ki, günümüzdə ən doğru şəkildə təşkilatlanmağı bacaran bir sıra diasporlar mövcuddur. Ümumiyyətlə bu təşkilatlanmalar 2 istiqamətdə həyata keçirilir, mahiyyətcə isə eyni istiqamətə hesablanmış hərəkətdir: "Məsələn, Böyük Britaniya, ABŞ və Çin hazırki şəraitdə maliyyə siyasəti ilə diaspor və lobbi quruculuğunu həyata keçirirlər. Bu zaman onlar sosial baza olmadan da güclü hərəkət edir, ayrı-ayrı korparasiyalarla hətta həmin dövlətin xarici siyasətinə belə təsir edirlər".
Bu kimi fəaliyyətlər isə istənilən halda maliyyə dəstəyi tələb edir.
İstər dövlətin dəstəyilə, istərsə də xarici ölkələrdəki imkanlı soydaşlarımızın könüllü iştirakı ilə yaradılan fondlar diaspor təşkilatlarının fəaliyyətindəki çətinlikləri ortadan qaldırmağa imkan verərdi. Diaspor qurumlarının xaricdə mediaya çıxışı, nüfuzlu siyasi partiya və təşkilatlarla münasibətlər qurması, müstəqil təbliğat vasitələri yaratması kimi addımlar isə lobbi mexanizminin yaranmasını da labüd edəcək.
Köln Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Ufuk Kamal diaspor fəaliyyətinin gücləndirilməsi və lobbiçilik baxımından Diaspor Fondunun yaradılması vacibdir və fond ilk növbədə dövlət səviyyəsində dəstəklənməlidir. Belə bir fond yaradılarsa, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən cəmiyyətlərin, diaspor qurumlarının fəaliyyəti araşdırılaraq, əməkdaşlığa cəlb olunmalıdır. Belə bir fəaliyyət diaspor qurumlarından gözləntiləri də artırardı.
Gürcüstan Respublikasının baş nazirinin azərbaycanlı müşaviri Savalan Mirzəyev də Vahid Diaspor Fondunun yaradılmasını vacib sayır. O, Dünya Azərbaycanlılarının növbəti qurultayında iştirak edəcəyi təqdirdə belə bir təşəbbüsü səsləndirəcəyini deyir.
Gürcüstanda yaşayan daha bir soydaşımız, Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgərov bir çox iri şirkətlər tərəfindən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına maddi və mənəvi dəstək verməsinə baxmayaraq, vahid bir fondun yaradılmasının zəruri sayır. Onun fikrincə, bu halda diaspor fəaliyyətləri üçün ayrılan vəsaitlərin şəffaflığı da təmin edilmiş olardı. Onun fikrincə, bu gün diaspor qurumlarının ən ciddi problemi məhz maliyyət sıxıntıları ilə bağlıdır. Diaspor fəaliyyətini dəstəliyəcək fonda dövlət imkanlı işadamlarını da cəlb edə bilər.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün