KIVDF müsabiqə qaydalarını açıqladı Hadisə

KIVDF müsabiqə qaydalarını açıqladı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda kütləvi informasiya vasitələri arasında keçirdiyi müsabiqənin qaydaları açıqlanıb.
Müsabiqənin qaydaları aşağıdakılardır:
1. Bu qaydalar Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda (bundan sonra - Konsepsiya) əks olunmuş prioritet sahələrə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (bundan sonra - Fond) tərəfindən KİV-lərin mükafatlandırması ilə bağlı məsələləri tənzimləyir.
2. Müsabiqədə ən azı 1 (bir) il müddətində fəaliyyət göstərən kütləvi informasiya vasitələri (televiziya kanalları, qəzetlər, jurnallar, informasiya agentlikləri və internet informasiya resursları) iştirak edə bilərlər.
3. Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşmüş KİV-lər-in müsabiqədə iştirakına yol verilmir.
4. Müsabiqənin maliyyələşdirilməsi qaydaları Fondun Müşahidə Şurası tərəfindən müəyyənləşdirilir.
5. Mövzunun KİV-lər tərəfindən əhatə olunması səviyyəsini müəyyənləşdirmək üçün Fondun Müşahidə Şurası tərəfindən xüsusi Monitorinq Qrupu yaradılır və onun tərkibi təsdiq edilir.
6. Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, idman yarışlarının işıqlandırılması, jurnalist təhlili;
- fəaliyyətin cəmiyyət üçün informasiyalılıq səviyyəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

7. Müsabiqədə qaliblərinin mükafatlandırılması:

I -ci yer üçün 1 KİV 30 000 AZN
II -ci yer üçün 2 KİV 15 000 AZN
III -cü yer üçün 2 KİV 10 000 AZN

8. Nəticələri yüksək qiymətləndirilmiş KİV-lər Müşahidə Şurasının qərarı ilə Fondun İcraçı direktoru tərəfindən təsdiq edilir və müsabiqənin yekunları haqqında iştirakçılara və ictimaiyyətə məlumat verilir.
9. Müsabiqə 2015-ci mayın 27-də başlayır və iyulun 1-də başa çatır.

Xatırladaq ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "l Avropa Oyunlarını ən geniş və dolğun işıqlandıran KİV" mövzusunda kütləvi informasiya vasitələri arasında keçirdiyi müsabiqənin qaydaları 25 may 2015-ci il tarixli Müşahidə Şurasının iclasında təsdiq edilib.