Bu kiçik planet hər kəsindir... Mədəniyyət

Bu kiçik planet hər kəsindir...

Altıncı hissi oyaq olanlar var. Koronavirusun adını da eşitmədiyim vaxtlarda altıncı hissim mənə nələrisə diktə edirdi. Sanki dünyanın sonuydu, əlim işdən soyumuşdu, sözün düzü, heç hara getmək istəmirdim, öz hücrəmə çəkilib gerçəkliklə romantika arasında var-gəl edirdim.
Sonra olanlar oldu, COVID-19 pandemiyası dünyanın başının üstündən Damokl qılıncı kimi asılanda bəşəriyyət yuxudan ayıldı. İnsanlıq çoxdan unutduğu sadə həqiqəti xatırladı: irqindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlar eynidir və hamımızın sığındığı bu Yer planeti hər kəsindir. İnsanlıq imtahana çəkilirsə, heç kim bu sınaqdan kənarda qalmayacaq.
Bu sözlər yazıçı Təranə Vahidə məxsusdur. “Xəritədəki bütün ölkələr qırmızı rəngə boyanıb. Yer üzünün bütün sakinləri bir aydan artıqdır ki, hər gün koronavirus həyəcanı ilə yaşayır, infeksiyaya yeni yoluxanların, onun həyatdan apardığı qurbanların və sağalanların statistikası ilə maraqlanır. Koronavirus pandemiyası ona yoluxmamaq üçün üzlərə maska taxmağı zəruri etsə də, dünyanın üzündəki maskanı götürdü. Qayğı, ağrı və problemlərdən yorulan insanlara bir anlıq möhlət verdi: ağır yüklərdən azad olmaq, özünü tapmaq və yeni yola başlamaq üçün...”
Yazıçı “Evdə qal” kampaniyasına qoşularaq karantin günlərində xeyli kitablar oxuyub. Əminə Pakrəvanın “Abbas Mirzə və Azərbaycan”, Oşonun “Bizə sevgidən danışın...” kitabları ona dünyaya fərqli pəncərədən baxmağa kömək edib. Fərqlilik isə həmişə maraqlıdır.Dünyada ən çox oxunan yazıçılarından olan Livan şairi və dramaturqu Cibran Xəlil Cibranın çoxdan arzusunda olduğum “Qırıq qanadlar”, “Peyğəmbər”, “Qum və köpük” kitablarını mütaliə etməsi sıxıntılı günlərdə yazıçının ruhuma su çiləyib. Karantin günlərində Təranə Vahid yeni hekayələr yazıb, əvvəllər qələmə aldığı bəzi hekayələrə əl gəzdirərək onlara “yaşamaq haqqı” verib. “Qarışqa təqvimi” adlı yeni hekayələr kitabın üzərində redaktə işlərini başa çatdırıb.
“Amma bunlar hamısı deyil, mən həyat üçün, iş yerim, dostlarım, hər gün işə gedərkən yolda, küçədə üzləşdiyim, rastıma çıxan insanlar üçün, gözəl şəhərimiz üçün, ona layla çalan mavi Xəzər üçün darıxdım. Ən çox da doğma Qarabağ, hər yaz çiçək vaxtı bütün cığırları, dolayları ilə gözümün qabağına gələn, ətri ilə burnuma dolan Laçın üçün darıxdım. İnanıram ki, koronavirus dövrü tezliklə bitəcək, dünyanın nəbzi daha sakit, daha rahat döyünəcək”, - deyə yazıçı fikrini yekunlaşdırıb.