“Pulun alıcılıq qabiliyyəti azala bilər” İqtisadiyyat

“Pulun alıcılıq qabiliyyəti azala bilər”

Vüqar Bayramov: "Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir"

"İri nominallı əskinasın dövriyyəyə buraxılmasının bir sıra çatışmazlıqları var".
Bunu iqtisadçı-alim Vüqar Bayramov Azərbaycanda 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: "Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı".
Vüqar Bayramov iri nominallı əskinaslarla bağlı digər ölkələrin təcrübəsindən də danışıb: "Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa İttifaqında orta aylıq əmək haqqı bizimlə müqayisədə xeyli yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir".
İqtisadçı-ekspert Samir Əliyev isə deyib ki, Azərbaycan Mərkəzi Bankının 200 nominallı əskinasların buraxması addımı hökumətin nağdsız ödənişləri stimullaşdırmaq və nağd əməliyyatları məhdudlaşdırmaq siyasətinə uyğun gəlmir:
"Çünki 1 və 5 nominallı əskinaslar arasında hər hansı nominalın olmaması ödənişlər zamanı əhali üçün çətinlik yaradır. Mərkəzi Bank dövriyyəyə 2 nominallıq pul buraxmaqla bu problemi aradan qaldıra bilər. Məlumat üçün deyim ki, məzənnəsi milli valyutamıza yaxın olan ölkələrdə 2 nominallıq pul (bu daha çox metal sikkə şəklində olur) mövcuddur. Məsələn, Avropa avrosunu, Britaniya funtunu, Gürcüstan larisini, Belorus rublunu, Bolqarıstan levini, Braziliya realını qeyd etmək olar. Bu ölkələrin valyutalarının dəyəri manatın dəyərinə yaxın olduğundan (fərq ən çoxu 2 dəfədir) müqayisə üçün uyğun nümunə ola bilər. Adı çəkilən ölkələrdə avro və lari istisna ən böyük nominal 100-lükdür. Bu siyahıya Kanada və Yeni Zelandiya dollarının da əlavə etmək olar. Avrozona artıq 500 nominallıq əskinasdan imtina edir və dövriyyədə yığışdırılır. Bundan sonra ən yüksək nominal 200 avro olacaq. Ancaq avrozonanın həm iqtisadiyyatının, həm də əhalisinin gəlirlərinin həcmi bizimlə müqayisə oluna bilməz".
Samir Əliyev əlavə edib ki, iqtisadiyyatı böyük ölkələr getdikcə iri nominallı əskinaslardan imtina edir və Avropa bunun bariz nümunəsidir.
"Maya dəyəri ucuz olmasına rəğmən iri nominallı pullar nağd dövriyyəni stimullaşdırmaqla yanaşı, pul kütləsinin iqtisadi subyektlərə effektiv yayılmasına əngəl yaradır. Çünki belə pullar iqtisadiyyatda ödəniş yox, daha çox yığım vasitəsi qismində iştirak edir. Azərbaycanda da belə olacaq. Daha çox yığıma gedəcək. Ancaq devalvasiyadan sonra əhali hələ ki, manatı yığım vasitəsi kimi istifadəyə tələsmir. İri nominallı pulu marketlərdə xırdalanması problemlər yaradacaq. Düşünürəm ki, Mərkəzi Bank təcili olaraq 2 manatlıq sikkələrin buraxılışına başlamalıdır. Yeni nominallı pulun psixoloji təsiri olsa da bu, uzunmüddətli olmayacaq", - deyə Samir Əliyev vurğylayıb.
Bununla belə iqtisadçı-ekspert hesab edir ki, 200 manatlıq əskinaslar devalvasiya və ya inflyasiya yaratmayacaq.