“Peugeot” avtomobillərinin istehsalına başlanıb İqtisadiyyat

“Peugeot” avtomobillərinin istehsalına başlanıb

Neftçala Sənaye Məhəlləsinin bazasında "Khazar" markası altında "Peugeot" avtomobillərinin istehsalı başlayıb. Bunu "Azərmaş" şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib. Şirkət rəsmisinin sözlərinə görə, hazırda müəssisənin istehsalat gücü ilə bir neçə "Peugeot" avtomobili istehsal olunub:
"Avtomobillər avtomatik transmissiya ilə təchiz edilib. Onlar ay ərzində sınaqdan keçiriləcək, seriya istehsalı isə mart ayından başlayacaq. Avtomobilin komplekt hissələri İrandan tədarük olunur. İlk mərhələdə avtomobillər daxili bazarda satılacaq, perspektivdə isə region ölkələrinə ixrac planlaşdırılır". G.Namidar əlavə edib ki, mühərrikin həcmindən asılı olaraq "Peugeot Khazar" avtomobilinin qiyməti 19,5 min manatdan 21 min manatadək dəyişəcək.
Neftçala Sənaye Məhəlləsində "Azərmaş" ASC və "Iran Khodro" şirkətinin birgə yaratdığı "Khazar" avtomobil zavodunda mart ayında 1000 ədəd "Peugeot" markalı avtomobilin istehsal edilməsi nəzərdə tutulur. "Iran Khodro"nun Asiya və MDB ölkələri üzrə şöbə müdiri Səbinə Nubari şirkətin mühəndislərinin yeni və müasir standartlara cavab verən layihələr hazırladığını deyib: "Həmin layihələr üzrə istehsal ediləcək avtomobillər daha əlverişli və komfortlu olacaq". Qeyd edək ki, hazırda "Khazar" zavodunda "Runna", "Samand", "Soren", "Dena" markalı avtomobillər yığılır.