Elektron ticarətə vergi nəzarəti həyata keçiriləcək İqtisadiyyat

Elektron ticarətə vergi nəzarəti həyata keçiriləcək

Nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan təkliflər də hazırlanıb

Tərlan

Yaxın gələcəkdə Azərbaycanda elektron ticarətə vergi nəzarəti həyata keçiriləcək. Vergilər Nazirliyi bu sahədə təkmil vergi nəzarəti mexanizmini yaratmağı nəzərdə tutur.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov AzərTAc-a müsahibəsində deyib ki, elektron ticarətə vergi nəzarəti ilə bağlı beynəlxalq təcrübə öyrəniləcək. Baş İdarə rəisi əlavə edib ki, hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır: "Sahibkarlıq fəaliyyəti sahəsində baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb. Dünya miqyasında elektron ticarətin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradır. Elektron ticarətin xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir".
Azərbaycanda biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləmək üçün bir sıra qanunvericilik aktları qəbul edilib. Bunlara "Elektron sənəd, elektron imza haqqında", "Elektron ticarət haqqında" qanunları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar.
Vergi Məcəlləsinin şərhlərinin hazırlanmasına da başlanılıb. Bununla bağlı yaradılan Komissiya şərhlərinin hazırlanması istiqamətində çox ciddi işlər görür. Natiq Şirinov deyib ki, məqsəd Vergi Məcəlləsini müddəalarının vergi ödəyicilərinə aydın və konkret şərh edilməsinə nail olmaqdır. "Vergi Məcəlləsində vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh olunması öz əksini tapıb. Qanunvericilikdə müxtəlif cür tətbiq oluna biləcək halların mövcudluğu vergi sistemində Məcəllənin müddəalarının tətbiqinə vahid yanaşmanın formalaşdırılmasını və Vergi Məcəlləsinə rəsmi şərhlərin hazırlanmasını zəruri edir", - deyə o əlavə edib. Nazirlik rəsmisi qeyd edib ki, şərhlərin hazırlanması Məcəllənin maddələri ilə əlaqədar sorğuların sayının da əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq. Vergi Məcəlləsinin şərhlərinin hazırlanması ilə bağlı Komissiya Vergilər nazirinin 20 noyabr 2013-cü il tarixli əmrinə əsasən yaradılıb.
Azərbaycanda nağdsız ödənişlərin inkişafı və nağd ödənişlərin məhdudlaşdırılması istiqamətində görülməsi planlaşdırılan bütün tədbirlər bir sıra mühüm iqtisadi məqsədlər güdür. Hazırda ölkədə plastik kartlarla aparılan əməliyyatların həcminin təxminən 94-95%-i nağd pulların çıxarılması üzrə əməliyyatların payına düşür. Ölkədə təxminən 5 milyon plastik kart var, lakin müxtəlif tədbirlər həyata keçirmədən, yalnız kartların sayını artırmaqla hər hansı müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu səbəbdən nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması üzrə müəyyən tədbirlər həyata keçirilməlidir.
Vergilər Hazirliyi iqtisadi proseslərdə daha çevik olmağa çalışır. Nazirlik vergi sistemində müasir informasiya texnologiyaları, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdirmək niyyətindədir. Vergi islahatları ilə yanaşı nağdsız ödənişlərin stimullaşdırılması, nağd ödəmələrin həcminin məhdudlaşdırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək müqavilələrinin bağlanılmasının təmin edilməsi hesabına vergitutma bazasının daha da genişləndirilməsinə nail olunmalıdır. Azərbaycanda hələ vergilərə cəlb edilməli geniş potensial mövcuddur. Nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbələrdən biridir və Azərbaycanda bu sahə yaxın zamanlarda qabaqcıl Avropa ölkələrində mövcud olan səviyyəyə çatdırılmalıdır.
Hazırda vergidən yayınma halları ən çox pərakəndə ticarət və iaşə xidmətində müşahidə edilir. Pərakəndə ticarət, ictimai iaşə, ümumiyyətlə, kassa aparatları ilə əlaqədar fəaliyyət göstərən vergi ödəyiciləri bir qayda olaraq vergidən yayınmağa çalışır. Bu sahədə yayınmağa cəhd kifayət qədərdir. Vergilər Hazirliyi kassa aparatlarının tətbiqi məsələlərinə praktiki olaraq nail olsa da, bu gün hətta Bakı şəhərinin özündə belə əksər hallarda kassa aparatlarından istifadə edilmir. Ona görə də kassa aparatları və POS-terminalların tələb olunan bütün obyektlərdə quraşdırılması və onlardan istifadə, eləcə də işçilərdə əmək müqavilələrinin bağlanması prioritet məsələlərdəndir.
Hələ də bütün pərakəndə ticarət müəssisələrində, xidmət obyektlərində müştərilərlə haqq-hesab aparılması üçün ödənş kartları ilə xidmət göstərilməsi sistemi tam formalaşmayıb. İnsanların banklara və adi kartlara da inamı arzu olunan səviyyədə deyil. Kart sahibləri nəzərə almırlar ki, hətta adi xərclərini belə kart vasitəsilə nəğdləşdirmə olmadan ödəyə bilərlər. Bunun nəticəsidir ki, pərakəndə ticarətdə qeyri-nəğd hesablaşma aşağı səviyyədədir. Bu isə vergidən yıyınmaya şərait yaradır. Çoxları hələ də plastik kartın əsas üstün xüsusiyyətlərini bilmir. Mərkəzi Bank bu sahədə ciddi və geniş maarifləndirici işlər aparmalıdır. Adamlar bilməlidir ki, plastik kartların hansı rahatlıqları var. Əslində kart sahibi nəğd pul daşımaqdan azad olur və hesablaşmaları, alqı-satqını, dükanda alveri onun vasitəsilə apara bilər. Amma reallıqda ölkədə az sayda vətəndaş bu imkanlardan istifadə edir. Böyük əksəriyyət üçün isə hələ də qeyri-nəğd hesablaşmalar yad bir prosesdir. Ona görə də indiyədək ölkədə qeyri-nəğd hesablaşmalara böyük keçid, bütün ticarət müəssisələrində plastik kartlarla hesablaşmaları tətbiq etmək mümkün olmayıb. Gərək infrastruktur formalaşsın, əhali və ticarət şəbəkələri plastik kartlar və pos-terminallarla işləməyə öyrəşsinlər. Doğrudur, son bir neçə ildə Azərbaycanda plastik kartlar bazarının müəyyən inkişafı, hətta bu sahədə banklar arasında rəqabət nəzərə çarpmaqdadır. Həğdsiz ödəmə və rahat daşınma imkanları verən həmin kartlara əhalinin marağını cəlb etmək üçün banklar müəyyən əlavə xərclərə - investisiya qoyuluşunua da gedirlər. Bankirlər hesab edir ki, əhali getdikcə nəğdsiz ödəmələrə alışır, əksər iri ticarət və xidmət obyektləri də belə sistemin işləməsini təmin edir və plastik kartlardan istifadə artmaqdadır.
Azərbaycanda nağd qaydada aparılan hesablaşmaların məhdudlaşdırılmasını və nağdsız ödənişlərin stimullaşdırılmasını nəzərdə tutan müvafiq qanunvericilik aktlarının layihələrindən ibarət təkliflər də hazırlanıb. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov deyib ki, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılmasında beynəlxalq tələblərə cavab verən daha təkmil qanunvericilik bazasının yaradılmasında texniki köməkliyin göstərilməsi üçün hazırda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi ilə müzakirələr aparılır.
Onun sözlərinə görə, POS-terminal şəbəkələrinin genişləndirilməsi istiqamətində də mühüm tədbirlər görülür: "Məhz bunun nəticəsidir ki, POS-terminal və ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi artır. Bu artım POS-terminal və ATM-lərin sayında da özünü göstərir. Bu ilin iyunun 1-i tarixinə respublika üzrə qeydiyyatda olan POS-terminalların sayı ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,6 dəfədən çox artaraq 51 773 ədəd təşkil edib. Son 3 il ərzində POS-terminal və ATM-lər vasitəsi ilə həyata keçirilən nağdsız dövriyyənin həcmi 4 dəfəyədək artaraq, 2013-cü ildə 578 mln. manat təşkil edib.