İki sığorta şirkətinin fəaliyyəti dayandırıldı İqtisadiyyat

İki sığorta şirkətinin fəaliyyəti dayandırıldı

"Günay Sığorta" və "Royal Sığorta"nın zamanı bitdi

Tərlan

Maliyyə Nazirliyi tərəfindən iki sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb. APA-nın xəbərinə görə, bu barədə Nazirliyin məlumatında deyilir. Belə ki, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar "Günay Sığorta" və "Royal Sığorta" şirkətlərinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi dayandırılıb.
Qeyd edək ki, son vaxtlar sığorta bazarında ciddi dəyişikliklər baş verir. Qarşıdakı 3-5 ildə Azərbaycanın sığorta bazarının həcmi 1 mlrd. manata çata bilər. Hər il sığorta bazarının həcmi təqribən 20% artdır. Bu bazar canlandıqca rəqabət də güclənir, rəqabət həm də çətinləşir. Bu yaxınlarda Maliyyə Nazirliyinin kollegiyasının qərarı ilə sığortaçının tələb olunanın kapitalının minimum məbləği artırılıb. Belə ki, qeyri-həyat sığortası fəaliyyəti üzrə bu məbləğ həm fəaliyyətdə olan, həm də yeni açılan şirkətlər üçün 5 mln. manat səviyyəsində müəyyən edilib. Həyat sığortası fəaliyyəti üzrə isə minimum tələb 2015-ci ilin yanvarın 1-nə 5 mln. manat, 2015-ci ilin yanvarın 1-dən etibarən 6,5 mln. manat, 2016-cı ilin yanvarın 1-dən 8 mln. manat, 2017-ci ilin yanvarın 1-dən etibarən 10 mln. manat, yeni təsis edilən sığortaçılar üçün 10 mln. manat səviyyəsində müəyyən edilib. Bundan əlavə, müstəsna olaraq təkrarsığorta fəaliyyəti üzrə tələb fəaliyyətdə olan və yeni təsis edilən təkrarsığortaçıllar üçün 20 mln. manat, sığortaçının təkrarsığorta fəaliyyəti üzrə 2014-cü ilin martın 1-dən 2,5 mln. manat, 2015-ci ilin yanvarın 1-dən 5 mln. manat səviyyəsində müəyyən edilib.
Bütün bunlar isə o deməkdir ki, nizamnamə kapitalını artıra bilməyən başqa sığorta şirkətləri də bağlanacaq. Habelə bundan sonra yeni sığorta şirkəti açmaq istəyən ən azı 20 milyon manat nizamnamə kapitalı ortaya qoymalıdır. Deməli, yeni sığrta şirkəti açmaq hər istəyənə nəsib olmayacaq. Bundan sonra mövcud şirkətlər arasında rəqabət artacaq və güclülər bazarda bir qədər də güclənəcək.
Təsadüfü deyil ki, nizamnamə kapitalına qarşı minimal tələb bir daha sərtləşdirilir. Əvvəllər də bu tələb 5 dəfə artırılıb. Kapital artımını sığorta şirkətləri uğurla həyata keçirib, bəziləri isə maliyyə imkanları olmadığına görə bazarı tərk edib. Sığorta sahəsi xüsusi sahədir və əhali ilə bağlı sahə olduğuna görə, bu sahəyə xüsusi nəzarət edilməlidir. Şirkətlərin maliyyə gücü kifayət qədər olmalıdır ki, onlar əhaliyə keyfiyyətli xidmətlər göstərə bilsin. Ona görə də, Azərbaycan sığorta bazarının inkişaf etdirilməsi məqsədilə təsərrüfat subyektlərinin güclənməsi naminə nizamnamə kapitalı tədricən artırılacaq. Bu, bazardakı əsas oyunçular üçün problem olmayacaq, çünki onların bir çoxu 10 mln. manatdan artıq nizamnamə kapitalına malikdir.
Əslində Azərbaycanda sığorta sektorunun iqtisadiyyatda rolu çox aşağı səviyyədədir, onun ÜDM-də payı heç 1 faizə də çatmır. Doğrudur, son onillikdə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi kapitalı 16 dəfə artıb. 2003-2012-ci illərdə ölkədəki sığorta təşkilatlarının məcmu nizamnamə kapitalı 18,4 mln. manatdan 300 mln. manata çatıb. Bu dövrdə sığorta şirkətlərinin xalis mənfəəti 17,5 dəfə artaraq 50 mln. manata qədər artıb. 10 ildə Azərbaycanda adambaşına düşən sığorta haqlarının məbləği 5 dəfədən çox artıb və 7 manatdan 37 manata qədər yüksəlib. Sığorta bazarının həcmi son illər 6 dəfə artaraq 350 mln. avroya çatıb.Nəticədə, sığorta sektorunun ÜDM-də payı 0,42%-dən 0,63%-ə yüksəlib.
Hazırda 800 sığorta agentinə müvafiq lisenziya verilib ki, bunlardan 52-si hüquqi, 748-i isə fiziki şəxslərdir. Son illərdə hüquqi şəxs olan agentlərin sayı təxminən 5 dəfə, fiziki şəxs agentlərin sayı isə təxminən 7 dəfə artıb. Bu fakt həmin sahibkarlıq növünə marağın son zamanlar kəskin artmasından xəbər verir. Sığorta bazarında sığortaolunanlarla sığorta şirkətləri arasında çoxsaylı anlaşılmazlıqlar, ziddiyyətlər və narazıqlar da var.
Ödənişlərin həcmi həmçinin sığorta yığımları portfelinin strukturundan asılıdır, çünki bəzi sığorta növləri üzrə ödənişlərdə təqvim amili də mövcuddur. Məsələn, həyat sığortası, səhhətə ziyanın dəyməsindən sığortalama kimi sığorta növlərində ödənişlər çox hallarda növbəti ilə keçir və bu səbəbdən də bu ödənişlərin həmin ildəki yığımlara nisbətini əsas kimi götürmək düzgün deyil. Araşdırılan bir çox hallarda sığortalılar əsassız olaraq daha yüksək ödənişin alınacağını gözləyir və tələb edirlər, nəticədə, narazılıq yaranır. Bu cür məsələlərin həll edilməsi üçün müştərilər məhkəmə instansiyalarına müraciət edə bilər.
Bunlarla yanaşı, Maliyyə Hazirliyinin sığorta bazarına nəzarəti gücləndirməsi sığorta hadisələri üzrə ödənişlərin artmasına səbəb olub. Bu sahə həm də sərfəli biznesdir. Əvvəlki dövrlərdə sığorta şirkətlərinə qətiyyən inam olmayıb. Onlar hadisələrə uyğun və dəymiş ziyana görə zərərçəkənlərə nə qədər çox və ədalətli şəkildə pul ödəsələr, bu, bir o qədər onlara olan etibarı artırar. Sığorta şirkətləri ziyana düşmüş müştərilərinə pul ödəməmək üçün o qədər fırıldaqlar fikirləşirlər ki, insanlar bezirlər. Şirkətlər hər vəchlə günahı müştərinin üstünə atmağa çalışırlar. Hələlik Azərbaycanda heç bir sığorta şirkəti öz şəffaf işi və müştəri etibarını qazanması ilə öyünə bilmir. Amma müəyyən sistem yavaş-yavaş formalaşır. Məsələn, hazırda Azərbaycanda sürücülər icbari sığorta şəhadətnamələrinin mövcudluğunu, onun hansı sığorta şirkəti tərəfindən verildiyini və qüvvədə olma müddətini internet vasitəsi ilə öyrənə bilərlər. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən verilən məlumata görə, bunun üçün İcbari Sığorta Bürosunun veb-saytı (www.isb.az) fəaliyyət göstərir. Burada icbari sığortalara aid normativ-hüquqi aktlar, icbari sığorta şəhadətnamələrinin nümunələri, Büronun iştirakçısı olan sığorta şirkətlərinin siyahısı və digər məlumatlar yerləşdirilib. Səhifənin "Sığorta şəhadətnaməsini yoxla" bölməsində vətəndaşlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin mövcudluğunu, onun hansı sığorta şirkəti tərəfindən verildiyini və qüvvədə olma müddətini yoxlaya bilərlər. Qeyd edək ki, İcbari Sığorta Bürosu "İcbari sığortalar haqqında" qanunun tələblərinə uyğun olaraq təsis edilib.