Qarsda TANAP-ın təməlqoyma mərasimi keçiriləcək İqtisadiyyat

Qarsda TANAP-ın təməlqoyma mərasimi keçiriləcək

Bu ilin aprelində Türkiyənin Qars şəhərində Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə üzrə rəhbəri Kənan Yavuz bildirib.
Onun sözlərinə görə, tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı nəzərdə tutulub: "İnşallah, cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bərabər şəkildə mərasimə qatılacaq. Bununla da TANAP layihəsi üzrə işlərə start veriləcək və inşaat işlərinə başlanılacaq. İşlər 2018-ci ildə də başa çatdırılacaq".
Xatırladaq ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. 2018-ci ildə istismara verilməsi planlaşdırılan layihənin dəyəri 10-11 milyard dollar həcmində qiymətləndirilir.
Boru kəmərinin ilkin buraxılış qabiliyyətinin ildə 15 milyard kubmetr qaz təşkil edəcəyi gözlənilir.