Türk zirvəsi baş tutdu Siyasət

Türk zirvəsi baş tutdu

."Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası BMT və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi status əldə etməlidir".
Bunu Qazaxıstan prezidenti Nursultan NazarbayevTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən V sammitində çıxış zamanı bəyan edib.
"Ötən il mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə müşavirədə Asiya regionunda təhlükəsizlik və inkişaf təşkilatının yaradılmasını təklif etmişdim. Düşünürəm ki, bu layihələr adıçəkilən regionda sabitliyin inkişafı üçün çox vacibdir", - deyə o vurğulayıb.
Nazarbayevin sözlərinə görə, geosiyasi dəyişikliklər türk dünyasına öz təsirini göstərir. İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini önə çəkən Qazaxıstan prezidenti həmçinin qeyd edib ki, Əfqanıstanda bərpa prosesi sülh yolu ilə baş verməlidir: "Çünki biz bir regionda yerləşirik və separatçı, terrorçu, ekstermist təşkilatlarının fəaliyyətinin qarşısını almalıyıq. Hazırkı sammit türk dünyasının inteqrasiyasında çox vacib mərhələdir. Şura yarandığı andan dövlətlərimiz arasında əməkdaşlıq sistemli şəkil alıb. IV sammitdə biz türk dünyası konsepsiyasının yaradılması barədə razılığa gəlmişdik və bu konsepsiya Türk akademiyasının yaradılması olmalıdır. Bu sənədin qəbul edilməsi üzrə işləri sürətləndirmək lazımdır".
Azərbaycan prezidenti İlham Əliyev Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində çıxışı zamanı deyib ki, "Türkdilli dövlətlər üçün ümumi telekanal yaradılması hazırda reallaşdırılan yaxşı layihədir. Bu, türk xalqları arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcək və informasiya siyasəti aparılmasına imkan verəcək".
Qazaxıstan prezidenti Nursultan Nazarbayev də türk dövlətlərinin ümumi telekanalının yaradılmasının vacibliyini vurğulayıb: "Maliyyələşdirməyə gəlincə, Qazaxıstanda, Azərbaycanda və Qırğızıstanda biz bununla bağlı fond yaratmaq və türk dünyasının inkişafı üçün sponsorlar tapmaq üzərində düşünməliyik".
Nursultan Nazarbayevin sözlərinə görə, türkdilli dövlətlər ümumi informasiya məkanına malik olmalıdırlar: "Mən türk dünyası üçün ümumi informasiya məkanının olmasını vacib sayıram. Ona görə də türk telekanalı çox vacibdir".
Nursultan Nazarbayev bütün türkdilli dövlətlərin Qazaxıstanda keçiriləcək "EXPO-2017" sərgisində fəal iştirak edəcəyinə də ümid bəslədiyini söyləyib: "Bilirsiniz ki, bu yaxınlarda istifadəyə veriləcək "Qərbi Avropa - Qərbi Çin" avtomagistralı bizim regionumuz üçün çox mühüm əhəmiyyətə malikdir. Düşünürəm ki, Qazaxıstanda bu işi yekunlaşdıracağıq və bu, bizim "Nurlu yol" proqramımızın əsas istiqamətlərindəndir. Nəqliyyat infrastrukturunun inkişafı çox vacibdir".
Bu il Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına üzv olduğuna diqqət çəkən Nursultan Nazarbayev ölkəsinin bundan sonra beynəlxalq standartlar çərçivəsində müxtəlif rejim qaydalarından istifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət başçılarının V sammitində Azərbaycan prezidenti İlham Əliyev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz iştirak edirlər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammitinə isə Qırğızıstanın İssık-Kul əyalətinin Çolpon Ata şəhəri ev sahibliyi edəcək.