XİN-də görüş Siyasət

XİN-də görüş

Elmar Məmmədyarov Argentina xarici işlər nazirinin müavinini qəbul edib


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Argentina xarici işlər nazirinin müavini Eduardo Zuainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın Cənubi Amerika regionu ölkələri, xüsusilə Argentina ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini vurğulayıb.

Azərbaycanla Argentina arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən E. Məmmədyarov iki ölkə arasında xarici işlər nazirlikləri səviyyəsində mütəmadi keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.
E. Zuain isə Azərbaycana ilk dəfə səfər etdiyini deyərək ölkəmizin qısa müddətdə əldə etdiyi sosial-iqtisadi inkişafla bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan və Argentina arasında əlaqələrin dinamik surətdə inkişaf etdiyini qeyd edən qonaq iki ölkə arasında sənaye, energetika, kənd-təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu söyləyib.
Görüşdə birgə səylər vasitəsilə iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi məqsədilə tezliklə hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsi ilə əlaqədar müsbət niyyət ifadə olunub. Söhbət əsnasında həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan- Argentina əməkdaşlığının və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı BMT Baş Məclisinin qarşıdan gələn sessiyasının gündəliyində duran məsələlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





AŞPA müşahidə missiyasının üzvləri MSK-da olublar



Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Milli Məclisə keçiriləcək seçkilərin müşahidəsi üçün yaradılmış xüsusi komitəsinin üzvləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə daim önəm verdiyini, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Nümayəndə heyətinin rəhbəri Xordi Şukla bu il Azərbaycan parlamentinə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri vətəndaşlarımızın aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, atılmış addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Görüşdə müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.





"Beynəlxalq qurumların tələbləri ölkəmizə qarşı ikili standartlardan irəli gəlir"


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı tələblərinin araşdırılması ilə bağlı mətbuat konfransı keçirib.
Tədbirdə çıxış edən AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, beynəlxalq qurumların Azərbaycana qarşı irəli sürdüyü təkliflər əsassız iradlardan ibarətdir: "Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra Avropa Parlamenti, Avropa Şurası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyaları Azərbaycanla bağlı öz rəy və tövsiyələrini bildiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ehtiyacların qiymətləndirilməsi üzrə missiyanın 31 avqust 2015-ci ildə tərtib etdiyi hesabatda beynəlxalq təşkilatların əvvəlki illərdə irəli sürdükləri tövsiyələrin bir hissəsi təkrar olunub. Beynəlxalq qurumların rəy və tövsiyələrində oxşarlıq və təkrarçılıq olduğundan, eləcə də bu rəylərlə bağlı müxtəlif yanaşmaların mövcudluğu onların müqayisəli təhlilini zəruri edir".
M. Zülfüqarlı qeyd edib ki, AVCİYA qarşıdakı seçkilərlə bağlı geniş fəaliyyət proqramı həyata keçirir: "Bu fəaliyyət proqramı çərçivəsində assosiasiya beynəlxalq qurumların 2003-2015-ci illərdə irəli sürdükləri rəy və tövsiyələrin müqayisəli təhlilini aparıb. Məlum olub ki, beynəlxalq qurumların tələbləri ölkəmizə qarşı ikili standartlardan irəli gəlir. Məsələn, Azərbaycanda parlament və dövlət strukturlarında gender bərabərliyinin pozulduğunu iddia edirlər. Halbuki, digər dövlətlərlə müqayisədə qadınların vəzifədə təmsil olunması baxımından Azərbaycan bəzi dövlətləri üstələyir".