14:58
469
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında fövqəladə hallar könüllülərinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli” ilə bağlı “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Nazirlikdən verilən xəbərə görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Akademiyanın Humanitar fənlər kafedrasının müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Fizuli İbrahimzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.
Natiq qeyd edib ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunub. Bu Konstitusiya Azərbaycanın müstəqil inkişaf yolunu müəyyən edən, insanların hüquq və azadlıqlarının təminatını prioritet kimi göstərən tarixi sənəddir.
Tədbirin sonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.

