“Sonuncu dünya müharibəsinin də başlama ehtimalı var” Siyasət

“Sonuncu dünya müharibəsinin də başlama ehtimalı var”

Elçin Bayramlı: "Bu ehtimal hələ də yüksək olaraq qalır"

Belarus prezidenti Aleksandr Lukaşenkonun fikrincə, əgər Ukraynanın şərqindəki – Donbasdakı qan tökülməsinin qarşısı alınmasa, bu Üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər. "Ukrayna böhranı – əgər Avropada qan tökülməsini dayandıra bilməsək, bütün sivilizasiyalı dünya üçün çox qaynar olacaq. Məni bağışlayın, qlobal münaqişəyə doğru daha bir addım atırıq, ola bilsin ki, yeni dünya müharibəsi baş versin" , - Lukaşenko deyib.
"Wall Street" jurnalı yazır: "Avropa ölkələri 2018-ci ilədək biri-birlərinə qarşı müharibəyə başlayacaqlar. Paralel olaraq, Yaxın Şərqdə gərginlik pik həddə çatacaq, İsrail – İran müharibəsi start götürəcək". Analitik və sosioloqların qənaətinə görə, III Dünya Müharibəsi Avropadan başlayacaq. "Daily Mail" qəzeti Yunanıstan və avrozonada başlayan maliyyə böhranının 2018-ci ilədək dünya müharibəsinə səbəb olacağını iddia edib. Almaniya kansleri Angela Merkel də bir neçə ay əvvəl "Heç kəs 1 əsr Avropada sülhün olacağını gözləməsin" deməklə dünya birliyinin diqqətini üzərinə çəkdi. Merkel avronun məzənnəsinin ucuzlaşmasının böyük fəlakətə səbəb olacağını dedi: "Avro çöksə, Avropa da çökəcək". İqtisadçılar avronun məzənnəsinin ucuzlaşmasına görə, yaranacaq maliyyə böhranının tədricən İtaliya, Almaniya, Fransa, İrlandiya və İngiltərəni caynağına alacağını proqnozlaşdırırlar: "Ölkələrin iqtisadiyyatları çökdükcə, Avropaya miqrant axını güclənəcək. Yaxın Şərqdə davam edən müharibələr bu prosesə təkan verəcək. Bu, hadisələr Avropada miqrant xaosu ilə yanaşı irqçilik və ksenofobiyanı gücləndirəcək. İmmiqrantlara hücumlar artacaq". Digər iddialara görə, İngiltərənin Avropa İttifaqından çıxması ilə Fransa Avropada hərbi nüfuzunu artıracaq. Rusiyanın dəstəyiylə digər ölkələrə qarşı hərəkətə keçəcək". Hərbi ekspertlər Krım və Donbasla yanaşı Albaniya və Serbiya arasındakı Kosovo münaqişəsinin də Avropada böyük müharibəyə səbəb olacaq faktorlardan biri kimi qiymətləndirirlər. Dəhşətli savaşın başlamasına səbəb olacaq digər ehtimal ABŞ və Çin arasındakı kiber müharibə ola bilər. Finlandiyalı kibernetika mütəxəssisi Yarno Limnell bir gün kiber savaşın silahlı qarşıdurmaya çevriləcəyini istisna etmir. Paralel olaraq Çin-Tayvan, Şimali Koreya-Cənubi Koreya, İran-İsrail, Ermənistan-Azərbaycan, bir çox Afrika ölkələrindəki vətəndaş müharibələri, ABŞ-Rusiya, Yaxın və Uzaq Şərqdə terror təşkilatları və dövlətlər arasında davam edən qarşıdurma və s. kimi faktorlar III Dünya Müharibə ehtimalını yüksəldir.
Lukaşenkonun tarixi təcrübələr üzərindən nəticə çıxardığını deyən siyasi analitik Elçin Bayramlı, Belarus prezidentinin fikirlərində müəyyən həqiqətlərin olduğunu bildirib. E. Bayramlı qeyd edib ki, dünya silah arsenalının və qüdrətli hərbi bazaların böyük hissəsi NATO-Rusiya cəbhəsi üzrə Avrasiyada yerləşir: "SSRİ-nin dağılmasından sonra NATO Şərqə doğru genişlənməyi hədəf götürüb və son illərdə hətta Moskvanın burnunun içinə öz hərbi bazalarını və nüvə raketlərini yerləşdirməyə çalışır. Hətta sərhədləri az qala Moskvaya dirənən Ukraynada yerləşməyə cəhd etdilər ki, bu da gərginliyi artırdı. Rusiya da buna cavab addımları atmaq məcburiyyətindədir. Məsələn, amerikanların Almaniyada nüvə bombalarının sayını artması cəhdinə ruslar Kalininqradda "İsgəndər" raketlərinin yerləşdiriləcəyi ilə cavab verirlər. Burda gərginlik maksimuma çatıb. Gec-tez əsəblər gəriləcək və toqquşma qaçılmaz olacaq. Avropa barıt çəlləyinin üzərində oturub. Lakin böyük toqquşma Yaxın Şərqdə də başlaya bilər. Düzdür buna güman azdır, çünki ora Rusiya sərhədlərindən uzaqdır və Kreml üçün o qədər də ciddi təhlükə vəd etmir. Lakin Şərqi Avropada NATO-nun Rusiya sərhədlərinə doğru yeriməsi çox ciddi təhlükədir və Moskva bunun qarşısını almaq üçün çəkinmədən hər şeyə gedə bilər. Bunun üçün Rusiyanın ixtiyarında NATO-da belə olmayan ən müasir hərbi texnologiyalar var. Əgər Rusiya öz təhlükəsizliyi üçün təhlükənin maksimuma çatdığını görsə, düşünmədən zərbə endirəcək. Bu müharibədə qalib olmayacağı məlumdur".
Elçin Bayramlının sözlərinə görə, Qərb dövlətləri ard-arda çoxlu ölkələri xaraba qoyub sonra da şikayətlənirlər ki, bəs ordan miqrantlar gəlir, bizə problem yaranır: "Hətta ölkəmizdəki 5-ci kolon ironiya ilə deyir ki, niyə bütün miqrantlar Avropaya gedir, çünki Avropa yaxşıdır. Əvvəla, belə deyil, 4 milyon qaçqının 3,5 milyonu Asiya ölkələrinə gedib. Avropaya heç 300 min qaçqın getməyib. İkincisi də niyə Avropaya getməsinlər? Onların evlərini kim bombaladıb xaraba qoyubsa, indi onlara ev verməyə borcludur. Bax budur Qərbin dünyaya töhfələri. Dünya qan gölünə, xarabalığa dönür. Lukaşenko öz çıxışında Qərbi və beynəlxalq təşkilatları sərt tənqid edib. Qərb dövlətlərinin dünyanın müxtəlif yerlərində - Liviyada, İraqda, Suriyada, Misirdə, Ukraynada törətdiyi vətəndaş müharibələrini, terror aktlarının məqsədini ifşa edib. O, BMT-nin öz funksiyasını itirdiyinə işarə vuraraq deyib ki, beynəlxalq təşkilat yalnız mənasız mübahisələr platformasına çevrilir və dünyadakı proseslərə təsir göstərmək gücündə deyil. Buna görə də son illərdə BMT-nin nüfuzu tamam itirilib. Buna ABŞ və digər NATO dövlətlərinin BMT-nin qərarına zidd olaraq yaxın Şərq ölkələrinə hərbi təcavüz etməsi səbəb olub. Dünya ABŞ-ın təkbaşına hegemonluq siyasətindən bezib. Bəşəriyyət öz sərvətlərinin Qərb dövlətləri tərəfindən vəhşicəsinə talanmasından bezib. İnsanlar qətliamlardan, müharibələrdən, şəhər və kəndlərin xaraba qoyulmasından bezib. Lukaşenko demişkən, bəlkə artıq kifayətdir? Bəlkə artıq dünya birliyi Qərbin bu hegemonluğuna son qoymaq üçün əməli fəaliyyətə keçsin? Bunu etməyin tam vaxtıdır. Etməyəndə növbə digər ölkələrə də çatacaq. "Parçala hökm et" siyasəti hələ çox ölkəni xaraba qoyacaq, hələ çox xalqlara əzablar gətirəcək. Azərbaycan dövləti ən yüksək səviyyədə buna öz etirazını bildirib. Daha bir neçə dövlət rəhbəri də bunları deməyə və ifşa etməyə özündə cəsarət tapa bilir. Ona görə də hesab edirəm ki, hələlik sessiyada ən möhtəşəm və obyektiv çıxış Belarus prezidentinə məxsusdur. Dünya bir qərara gəlməlidir, ya BMT ləğv edilməli, kim güclüdür prinsipi ilə dünyada qırğınlar davam etməlidir, ya da BMT-yə yüksək səlahiyyətlər verilməli və Qərbin törətdiyi faciələrin qarşısı alınmalıdır. Bu mümkün olmasa, Lukaşenkonun dediyi kimi, hətta sonuncu dünya müharibəsinin də başlama ehtimalı var və bu ehtimal hələ də yüksək olaraq qalır. Loru dillə desək, bəşəriyyət barıt çəlləyinin üzərində oturub siqaret çəkir".