“Azərbaycan ABŞ-ın strateji vacib tərəfdaşdır” Siyasət

“Azərbaycan ABŞ-ın strateji vacib tərəfdaşdır”

Ariel Koen: "ABŞ Azərbaycanın regional təhlükəsizliyinin təmin edilməsində daha aktiv olmalıdır"

Prezident İlham Əliyevin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı Azərbaycan üçün çox vacib məqamdır. Bunu Trend-ə Qlobal Təhlükəsizliyin Təhlili İnstitutunun Energetika, Təbii Resurslar və Geosiyasət Mərkəzinin direktoru, "International Market Analysis, Ltd." şirkətinin direktoru, siyasi risklərin təhlili üzrə ixtisaslaşmış ABŞ Atlantik Şurasının baş eksperti, "International Market Analysis" şirkətinin təsisçisi Ariel Koen deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda lider dövlət olan Azərbaycan terrorçuluqla mübarizədə, sekulyarizm, nüvə və adi təhlükəsizliyin qorunması, energetika və xarici siyasət məsələlərində ABŞ-ın strateji vacib tərəfdaşdır.
Ariel Koen qeyd edib ki, tərəfdaşlığın bundan sonra da möhkəmləndirilməsi üçün ABŞ Azərbaycanın regional təhlükəsizliyinin təmin edilməsində daha aktiv olmalıdır: "Bu, xüsusilə Ermənistanla və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, eləcə də dini ekstremistlər, Rusiya və İran tərəfindən mümkün təhdidlərlə bağlıdır".