
Dünyada iqtisadi münasibətlərin yeni reallıqlar əsasında formalaşdığı bir dövrdə regional əməkdaşlığın əhəmiyyəti getdikcə artır. Geosiyasi dəyişikliklər, təchizat zəncirlərinin yenidən qurulması, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının şaxələndirilməsi və rəqəmsal transformasiya ayrı-ayrı ölkələri daha sıx iqtisadi əməkdaşlığa sövq edir. Bu baxımdan Türk dövlətləri arasında iqtisadi əlaqələrin inkişafı xüsusi diqqət çəkir.
Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir. Bu coğrafiya həm ərazi, həm əhali, həm də təbii ehtiyatlar baxımından böyük iqtisadi potensiala malikdir.
TDT-nin 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən iqtisadi icmalına əsasən, təşkilatın üzv və müşahidəçi ölkələrinin ümumi ÜDM-i nominal ifadədə təxminən 1,79 trilyon dollara çatıb. Eyni dövrdə region ölkələrinin ümumi ticarət dövriyyəsi 958,5 milyard dollar təşkil edib. Təşkilatın məlumatına görə, həmin dövrdə iqtisadi artımın orta göstəricisi təxminən 6 faiz olub ki, bu da qlobal artım tempindən yüksəkdir.
Bu rəqəmlər göstərir ki, türk dövlətləri artıq yalnız mədəni və tarixi yaxınlığı ilə deyil, həm də genişlənən iqtisadi potensialı ilə beynəlxalq iqtisadi sistemdə diqqət çəkən məkanlardan birinə çevrilir.
Fərqli iqtisadi modellər – vahid potensial
Türk dövlətlərinin iqtisadiyyatlarının mühüm xüsusiyyəti onların bir-birini tamamlayan resurs və istehsal strukturlarına malik olmasıdır. Türkiyə böyük sənaye, xidmət və istehlak bazarı kimi çıxış edir. Qazaxıstan zəngin neft-qaz, uran və digər mineral ehtiyatları, geniş ərazisi və kənd təsərrüfatı imkanları ilə seçilir. Özbəkistan sürətlə inkişaf edən sənaye, kənd təsərrüfatı və böyük daxili bazara malikdir. Azərbaycan enerji resursları ilə yanaşı, nəqliyyat-logistika, enerji infrastrukturu və qeyri-neft sektorunun inkişafı baxımından mühüm mövqedədir. Qırğızıstan isə kənd təsərrüfatı, turizm, mədənçilik və regional xidmətlər sahəsində potensiala malikdir.
Belə müxtəliflik ölkələr arasında rəqabəti artırmaqla yanaşı, iqtisadi tamamlayıcılıq üçün də geniş imkan yaradır. Bir ölkənin xammal üstünlüyü digər ölkənin emal və sənaye imkanları ilə, birinin logistika infrastrukturu isə digərinin ixrac potensialı ilə birləşdirilə bilər.
Əslində Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri məhz bu tamamlayıcılıqdan daha səmərəli istifadə etməkdir.
Türkiyə – böyük sənaye və istehlak bazarı
Türkiyə Türk dünyasının iqtisadi sistemində xüsusi çəkiyə malikdir. Ölkənin inkişaf etmiş sənaye bazası, avtomobil, maşınqayırma, tekstil, müdafiə sənayesi, məişət texnikası, kimya və qida sənayesi sahələrində istehsal imkanları digər türk dövlətləri üçün geniş əməkdaşlıq imkanları yaradır.
Türkiyənin əsas üstünlüklərindən biri Avropa, Yaxın Şərq, Qara dəniz və Mərkəzi Asiya bazarları arasında yerləşməsidir. Bu coğrafi mövqe ölkəni yalnız istehsalçı deyil, həm də regional logistika və ticarət mərkəzinə çevirir.
Dünya Bankının qiymətləndirməsinə görə, Türkiyə iqtisadiyyatında artımın 2026-cı ildə 3,6 faiz, 2027-ci ildə isə 4,2 faiz səviyyəsinə yüksəlməsi gözlənilir. Eyni zamanda inflyasiyanın tədricən azalması və makroiqtisadi sabitləşmənin güclənməsi proqnozlaşdırılır.
Türkiyə ilə digər türk dövlətləri arasında sənaye kooperasiyasının genişləndirilməsi bu baxımdan mühüm perspektivdir. Məsələn, Mərkəzi Asiyada istehsal olunan xammalın Türkiyədə emal olunaraq Avropa bazarlarına çıxarılması və ya Türkiyə texnologiyalarının region ölkələrində tətbiqi qarşılıqlı fayda yarada bilər.
Qazaxıstan – resurslardan logistika mərkəzinə
Qazaxıstan türk dövlətləri arasında ərazi və resurs imkanlarına görə xüsusi mövqeyə malikdir. Ölkənin neft-qaz, uran, metallurgiya və kənd təsərrüfatı sektorları iqtisadiyyatın əsas dayaqlarıdır.
Dünya Bankının məlumatlarına görə, Qazaxıstanın 2025-ci ildə ÜDM-i cari qiymətlərlə 306,2 milyard dollar, iqtisadi artımı isə 6,5 faiz olub.
Bununla belə, Qazaxıstan üçün uzunmüddətli perspektivdə əsas məsələ yalnız xammal ixracının artırılması deyil, iqtisadiyyatın şaxələndirilməsidir. Ölkə bu məqsədlə emal sənayesi, logistika, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyatın inkişafına diqqət yetirir.
Qazaxıstanın digər mühüm üstünlüyü onun Orta Dəhlizdə yerləşməsidir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan, Türkiyə və Avropaya uzanan marşrut ölkəyə nəqliyyat və logistika imkanlarını genişləndirmək üçün yeni perspektivlər açır.
Bu baxımdan Azərbaycan və Qazaxıstanın iqtisadi əməkdaşlığı yalnız enerji ilə məhdudlaşmamalı, nəqliyyat, logistika, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və sənaye kooperasiyasını da əhatə etməlidir.
Özbəkistan – yeni sənayeləşmə dalğası
Son illərdə Türk dünyasının ən dinamik iqtisadiyyatlarından biri Özbəkistandır. Ölkədə bazar islahatları, özəl sektorun genişləndirilməsi, xarici investisiyaların cəlb olunması və sənayeləşmə istiqamətində mühüm proseslər gedir.
Dünya Bankının məlumatına əsasən, Özbəkistanın 2025-ci ildə real ÜDM artımı 7,7 faiz olub. BVF isə 2026-cı ildə ölkə iqtisadiyyatının təxminən 6,8 faiz artacağını proqnozlaşdırır.
Özbəkistanın üstünlüklərindən biri böyük və artan daxili bazardır. Digər tərəfdən, ölkənin Mərkəzi Asiyanın mərkəzində yerləşməsi onu regional ticarət və istehsal şəbəkələrinin mühüm hissəsinə çevirə bilər.
Azərbaycan üçün Özbəkistanla əməkdaşlıq xüsusilə qeyri-neft sənayesi, kənd təsərrüfatı, tekstil, qida sənayesi, logistika və investisiya sahələrində əhəmiyyətlidir. Birgə müəssisələrin yaradılması və üçüncü ölkə bazarlarına birgə çıxış imkanlarının genişləndirilməsi iki ölkənin iqtisadi potensialını tamamlayan istiqamətlərdən biri ola bilər.
Qırğızıstan – kiçik bazar, böyük imkanlar
Qırğızıstan iqtisadi ölçülərinə görə digər türk dövlətlərindən fərqlənir. Lakin ölkənin dağlıq coğrafiyası, su ehtiyatları, turizm potensialı, kənd təsərrüfatı və mədən sənayesi müəyyən üstünlüklər yaradır.
Dünya Bankının məlumatlarına görə, Qırğız Respublikasının iqtisadi artımı 2025-ci ildə 11,1 faiz təşkil edib. Ölkənin gələcək inkişafında enerji, hidroenergetika, turizm, kənd təsərrüfatı və logistika mühüm rol oynaya bilər. Türk dövlətləri arasında əməkdaşlıq isə Qırğızıstanın daha böyük bazarlara çıxış imkanlarını genişləndirə bilər.
Azərbaycan – regional logistika rolu
Azərbaycan türk dövlətləri arasında xüsusi geoiqtisadi mövqeyə malikdir. Ölkənin əsas üstünlükləri enerji resursları, Xəzər dənizinə çıxış, inkişaf etmiş nəqliyyat infrastrukturu və Avropa ilə Asiyanı birləşdirən marşrutların üzərində yerləşməsidir.
Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Orta Dəhliz Azərbaycanın regional logistika rolunu gücləndirir. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri tranzit imkanlarını daha yüksək əlavə dəyər yaradan iqtisadi fəaliyyətlərlə birləşdirməkdir.
Bu istiqamətdə logistika mərkəzləri, sənaye parkları, azad iqtisadi zonalar, rəqəmsal xidmətlər və ixracyönümlü istehsal sahələri mühüm rol oynaya bilər.
Eyni zamanda Azərbaycan yaşıl enerji potensialını da regional əməkdaşlığın yeni istiqamətinə çevirə bilər. Xəzər dənizinin külək enerjisi imkanları, bərpa olunan enerji layihələri və elektrik enerjisinin regional ixracı gələcəkdə türk dövlətləri arasında enerji əməkdaşlığının yeni modelini formalaşdıra bilər.
İqtisadi inteqrasiya imkanları
Türk dövlətlərinin iqtisadi potensialından tam istifadə etmək üçün ayrı-ayrı ölkələrin uğurlarını vahid regional iqtisadi sistemdə birləşdirmək lazımdır. Hazırda əsas diqqət ticarət, investisiya, nəqliyyat, enerji və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlir.
Burada ən mühüm məsələlərdən biri qarşılıqlı ticarətin həcminin artırılmasıdır. Bu məqsədlə gömrük prosedurlarının sadələşdirilməsi, elektron ticarət platformalarının inkişafı, logistika xərclərinin azaldılması, texniki standartların uyğunlaşdırılması və biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Türk dövlətlərinin iqtisadi gələcəyində nəqliyyat əlaqələri xüsusi rol oynayacaq. Çünki iqtisadi inteqrasiyanın real nəticəyə çevrilməsi üçün yalnız siyasi iradə deyil, həm də sürətli və səmərəli logistika sistemi lazımdır. Azərbaycan və Qazaxıstan burada Xəzər üzərindən əsas bağlantını təmin edən ölkələr kimi çıxış edir, Türkiyə isə marşrutun Avropa istiqamətində mühüm halqasını təşkil edir. Özbəkistan və Qırğızıstanın bu şəbəkəyə daha sıx inteqrasiyası Mərkəzi Asiyanın Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər.
Beləliklə, Orta Dəhliz sadəcə tranzit marşrutu deyil, Türk dövlətlərinin iqtisadi inteqrasiyasının fiziki infrastrukturu kimi çıxış edə bilər.
Mahir Həmzəoğlu