“Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi ölkə başçısının qətiyyətli siyasi iradəsini bir daha ortaya qoyur” Siyasət

“Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi ölkə başçısının qətiyyətli siyasi iradəsini bir daha ortaya qoyur”

Elçin Mirzəbəyli: "Bu siyasi iradə öz gücünü Azərbaycan xalqından, onun mövqeyindən alır"

Rövşən Rzayev: "İlham Əliyev həmişə öz xalqı ilə bir yerdə olub və bundan sonra da olacaq"

Fəzail Ağamalı: "Ölkə başçısının cəbhə xəttində olması ordumuzun əhval-ruhiyyəsinin artmasına zəmin yaratdı"

Azər Badamov: "Dövlət başçılarının cəbhə bölgəsində təmas xəttinə səfərləri dünya tarixində çox nadir hallarda baş verir"

"Cəbhədə baş verən son hadisələr, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatına verdiyi tutarlı cavab, bu müstəvidə ölkənin daxili və xarici siyasətində nümayiş etdirilən mövqe, peşəkar yanaşmalar Azərbaycan və Ermənistan dövlət idarəçiliyi arasındakı fərqi ortaya qoydu. Bir tərəfdə formalaşmış və bütün strukturları saat mexanizmi kimi işləyən, davamlı olaraq hədəflərinə doğru addımlayan dövlət, digər tərəfdə isə korrupsiyaya bulaşmış, xaosla idarə olunana və faktiki olaraq xaricdən göstərişlər gözləyən dövlətəbənzər bir qurum var. Onun adını uğursuz bir təşkilat yaxud QHT də qoymaq olar". Bu fikirləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin cəbhə bölgəsinə səfər etməsi, vətəndaşlarla təmasda olması, bölgəyə bundan sonra da xüsusi diqqətin ayrılacağını vurğulaması dövlətimizin gücünü, potensialını və ölkə başçısının qətiyyətli siyasi iradəsini bir daha ortaya qoyur: "Bu siyasi iradə öz gücünü Azərbaycan xalqından, onun mövqeyindən alır. Prezidentin cəbhəyə getməsi dövlətin öz vətəndaşının yanında olduğunu bir daha təsdiqlədi. Baş verən prosesləri ermənilər də izləyirlər. Dağlıq Qarabağda yaşayan ermənilər özləri öz talelərini həll etmək iqtidarında olsaydılar, Ermənistan tərəfindən onlara qarşı təzyiq olmasaydı hər halda Azərbaycan dövlətinin öz vətəndaşlarına olan qayğısını əyani şəkildə görə, üzərlərində hiss edə bilərdilər".
Azərbaycan və Ermənistan arasında müqayisə aparmağın belə yersiz olduğunu deyən Elçin Mirzəbəyli bütün parametrlərdə düşmən ölkəni dəfələrlə üstələdiyimizi vurğulayıb. Onun sözlərinə görə, belə yanaşma tərzi, qətiyyətli siyasi iradə, Azərbaycan Ordusunun peşəkarlığı torpaqlarımızın işğaldan azad ediləcəyi günə bizi daha da yaxınlaşdırır.
Millət vəkili Rövşən Rzayev isə deyib ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı son dövrlər erməni təxribatından zərər çəkmiş ailələrlə görüşdü və onların vəziyyəti ilə maraqlandı: "Bu onun göstəricisidir ki, cənab İlham Əliyev həmişə öz xalqı ilə bir yerdə olub və bundan sonra olacaq". Millət vəkilinin sözlərinə görə, ölkə başçısı hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut edir: "Prezident İlham Əliyev cəbhəboyu ərazilərə səfəri zamanı lazımi tədbirlərin görülməsi üçün birbaşa yerindəcə öz tapşırığını verdi. Təbii ki, bu, çox sevindirici və fərəhverici bir haldır. Azərbaycan Prezidenti ölkənin lideri olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi".
R.Rzayev əlavə edib ki, digər tərəfdən ölkə rəhbəri Ali Baş Komandan kimi cəbhə xəttində Ermənistan hərbiçiləri ilə ən yaxın məsafədə dayanaraq Azərbaycan əsgərləri, zabitləri ilə görüşdü: "Təbii ki, biz hər birimiz çox sevinirik ki, cənab İlham Əliyev Azərbaycan ərazi bütövlüyünün təmin olunmasından, ölkəmizin daha da gücləndirilməsindən, nüfuzunun artmasından və s. ötrü həmişə olduğu kimi bugünkü gündə də ön planda olduğunu, problemlərin ən böyüyünü həll etmək imkanı olduğunu bütün dünyaya bir daha səsləndirdi. Biz hər birimiz bir Azərbaycan vətəndaşı olduğumuzdan çox qürurluyuq ki, məhz bizim liderimiz bu cür addımlar ata bilir. İnanırıq ki, yaxın zamanlarda sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü öz həllini tapacaq".
Millət vəkili Azər Badamov deyib ki, vətənini, xalqını sevən rəhbəri olan ölkə heç vaxt uduzmur: "Çünki, bu sevgi, məhəbbət qarşılıqlıdır. Xalqımız hər zaman ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işgaldan azad etməyə hazırdır".
Deputat bildirib ki, Azərbaycan ordusunda böyük qələbə inamı, yüksək ruh yüksəkliyi var: "Son vaxtlar cəbhədə qazandığımız uğurlar da bunu deməyə əsas verir. Zamanında orduya göstərilən diqqət və qayğı bu gün öz bəhrəsini verməkdədir. Aprel ayında düşmənin təxribatlarına verilmiş 3 günlük cavablardan sonra düşmənin hiyləgərcəsinə atəşkəs elan etməsi də buna bir misaldır. Amma ordumuzun atəşkəs rejiminə əməl etməsinə baxmayaraq 27-28 aprel tarixində düşmənin yenidən təxribat törətmək cəhti baş tutmadı. Ordumuzunun qabağında dayana bilmədiyini görən düşmənin budəfəki hədəfi mülkü əhali oldu ki, bunun da cavabı ordumuz tərəfindən çox gecikmədi".
Azər Badamov onu da qeyd edib ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın birlikdə cəbhəyanı rayonlara səfəri də orduya, o cümlədən xalqa yeni bir ruh yüksəkliyi bəxş etdi: "Bu səfər həm də düşmənə ağır zərbə endirmiş oldu. Hərbi hissələrdə hərbiçilərlə görüşərək onların şəraiti ilə maraqlanan və təmmas xəttində yaşayan əhali ilə görüşərək onlara bütün məsələlərdə dövlətin dayaq durduğunu deyən Prezident İlham Əliyev bir daha xalqla bir yerdə, çiyin-çiyinə olduğunu göstərdi. Dövlət başçılarının cəbhə bölgəsində təmas xəttinə səfərləri dünya tarixində çox nadir hallarda baş verir. Belə səfəri ancaq iradəli və xalqını sevən prezdent edir. Bütün bunlardan sonra bir daha əminliklə söyləyə bilərik ki, qələbəmiz uzaqda deyil".