Metsamor: “Qafqazın qəlbində böyük təhlükə” Siyasət

Metsamor: “Qafqazın qəlbində böyük təhlükə”

Koreya Respublikasının mətbuatında Mestamor AES-in region üçün təhlükəsi barədə növbəti məqalə yayılıb.
Bu dəfə mövzuya "The Asian" qəzetinin yaradıcı heyəti müraciət edərək "Qafqazın qəlbində böyük təhlükə" başlıqlı məqalə hazırlayıb. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində çıxışı zamanı beynəlxalq ictimaiyyətin diqqətini Metsamor Atom Elektrik Stansiyasının (AES) doğurduğu təhlükəyə yönəltdiyi, bu nüvə təsisatının yaradacağı şüalanmanın qarşısını almaq üçün tədbirlər görməyə çağırdığı qeyd olunur.
Yazıda nüvə və radioaktiv, eyni zamanda, nüvə tullantıları materiallarının qaçaqmalçılığı sahəsində Ermənistanın xüsusi rol oynaması, bir qrup Ermənistan vətəndaşının radioaktiv nüvə materiallarının, yüksək zənginləşdirilmiş uranın və "Cesium 137" növlü nüvə materialının 2003-cü və 2010-cu illərdə ölkədən qaçırmağa çalışarkən tutulmaları, əvvəllər Metsamor AES-də çalışmış üç Ermənistan vətəndaşının nüvə materiallarını qanunsuz yolla Gürcüstana keçirmək və dəyəri 200 milyon ABŞ dolları olan silah uranı-238-i təqribən 200 milyon dollara qanunsuz satmaq istəyərkən həbs edilmələri barədə faktlar əksini tapıb.
"The Asian" Ermənistanın müdafiə naziri Seyran Ohanyan və sabiq baş nazir Qrant Baqratyanın Ermənistanda nüvə silahının olmasına dair bəyanatının ölkənin Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzaladığı sazişlə və öhdəlik götürdüyü bir sıra müvafiq beynəlxalq sənədlərlə ziddiyyət təşkil etdiyini yazır.
Məqalədə Azərbaycan hökumətinin Beynəlxalq Atom Enerjisi Agentliyini Ermənistan tərəfindən radioaktiv maddələrin sistemli şəkildə qaçaqmalçılığına, eyni zamanda, Ermənistan rəsmiləri tərəfindən səsləndirilmiş bəyanatlara lazımi qiymət verməyə və ciddi şəkildə nəzarətə götürməyə çağırdığı qeyd olunur.