“Rəsmi İrəvanın siyasi xarakter daşıyan layihələri kağız üzərində qalmaqda davam edir” Siyasət

“Rəsmi İrəvanın siyasi xarakter daşıyan layihələri kağız üzərində qalmaqda davam edir”

"Ermənistan uzun illərdir özünün tranzit enerji ölkəsinə çevrilməsi yönündə müxtəlif bəyanatlar verir, kiçik formatlı konfranslarda bunu gündəmə gətirir. Məqsəd isə Azərbaycanın hər gün böyüyən və əhəmiyyətini artıran regional enerji və tranzit layihələri içərisində Ermənistanın işğalçılıq siyasəti ucbatından təcrid olunduğunu dünya ictimaiyyətinin gözündən yayındırmaq üçün hansısa bir şəkildə lokal layihələrin iştirakçısına çevrilməkdir". Bunu "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib. O qeyd edib ki, sözügedən səbəbdən Ermənistan rəhbərliyi həm Gürcüstan, həm də İrana yönəlik xüsusi "tranzit diplomatiya" adlandırılan siyasət aparmağa çalışsa da, onun mahiyyəti heç bir iqtisadi-biznes layihələrinə söykənmədiyindən qonşu ölkələr tərəfindən ciddi qarşılanmır: "Yəni rəsmi İrəvanın siyasi xarakter daşıyan layihələri kağız üzərində qalmaqda davam edir. Çünki İran gözəl başa düşür ki, qazını Avropaya çıxarmaq üçün Ermənistan dağlarından aşmağın mənası yoxdur. İran üçün qat-qat perspektivli variant Azərbaycanın hazırda reallaşdırdığı TANAP-TAP kimi irimiqyaslı qaz infrastrukturu layihəsi var ki, bu da əzəldən, rəsmi Bakının elan etdiyi kimi, nəinki Azərbaycan qazının dünya bazarlarına çıxması üçün, eyni zamanda region ölkələrinin bazara azad qazını çıxarmağa hesablanmış bir layihədir. Bu layihə nəinki onun iştirakçıları üçün, həm də regionun digər ölkələrinin maraqlarına hesablanıb. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusilə vurğuladığı kimi, Cənub Qaz Dəhlizi regiona sülh və regiondakı dövlətlər üçün isə yeni iqtisadi imkanlar gətirəcək. Azərbaycanla qonşu, dostluq əlaqələrində olan ölkələr rəsmi Bakının həyata keçirdiyi layihələrə bu prizmadan baxır, onları uzunmüddətli perspektivinə görə qiymətləndirirlər".