Nyu Yorkda türk yürüşü Siyasət

Nyu Yorkda türk yürüşü

ABŞ-ın Nyu York şəhərində keçirilən 36-cı Türk Günü və Festivalı çərçivəsində türk xalqlarının Manhettendə izdihamlı yürüşü təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, ABŞ-dakı türk cəmiyyətləri tərəfindən təşkil olunmuş yürüşdə Türkiyənin Nyu Yorkdakı baş konsulu Ertan Yalçın, Türk Amerika Dərnəkləri Federasiyasının sədri Atilla Pak, federasiyanın sədr müavini, Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti və Amerika-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Nadiya Zöhrə Şərifi, digər cəmiyyətlərin rəhbərləri və üzvləri iştirak ediblər.
Nadiya Zöhrə Şərifi tədbirdə çıxış edərək dünyada yaşayan 200 milyona yaxın türkün 50 milyonundan çoxunu Azərbaycan türklərinin təşkil etdiyini vurğulayb. O, hər il yürüş keçirməklə dünyaya, bütün türklərə birlik mesajı verdiklərini deyib: "Gəlin yaxın olaq, bir olaq və birlikdə güclü olaq. Çünki biz güclü olsaq, bütün türk millətləri güclü olacaq. Bizim qardaşlığımız və birliyimiz davamlı olsun", - deyə Nadiya Şərifi bildirib.
Yürüşə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Krım türkləri də qatılıb. Amerikada yaşayan Azərbaycan cəmiyyətinin üzvləri yürüşdə iştirak edərək, Azərbaycan və türk bayraqlarını dalğalandırıblar. Manhettendə Madison prospektindən başlayan yürüş BMT-nin mənzil-qərargahı qarşısında sona çatıb.
Qeyd edək ki, Amerika türklərinin bayram kimi qeyd etdiyi Türk Günü Yürüşü Amerikadakı türk cəmiyyətlərinin birlik və bərabərlik rəmzi kimi dəyərləndirilir.