Qarabağ münaqişəsi: ABŞ və Rusiya faktoru Siyasət

Qarabağ münaqişəsi: ABŞ və Rusiya faktoru

Kremlin imperialist siyasəti münaqişənin həllinə maneədir

Cavid

Son aylarda atəşkəs rejiminin ermənilər tərəfindən intensiv şəkildə pozulması, hətta Azərbaycan ordusu tərəfindən erməni diversiya-kəşfiyyat qruplarının təxribatlarının qarşısının alınması, çoxlu sayda erməni hərbçisinin öldürülməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin və həmsədr dövlətlərinin narahatlığına səbəb olub.
Xatırladaq ki, cəbhə xəttində atəşkəs rejiminin pozulması və ermənilərin çoxlu sayda itki verməsindən sonra Rusiya Xarici İşlər Hazirliyi öz narahatlığını bəyan edib. Bunun ardınca isə ABŞ mövqeyini bildirərək atəşkəs rejiminin qorunub saxlanılmasının zəruriliyini bildirib. Bu günlərdə isə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində çıxışında bildirib ki, o, Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatçılığını çox yaxşı başa düşür. Səfir deyib ki, biz münaqişənin həllinə nail olmağa çalışıq. ABŞ səfiri qeyd edib ki, hazırda ABŞ münaqişənin həll olunmasında əvvəlki illərdən daha fəal iştirak edir: "Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabar ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü pozitiv oldu və bu görüşlərin davam etməsi vacibdir".
Səfir əlavə edib ki, tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar: "Biz bu münaqişənin həllində əlimizdən gələni edəcəyik".
Onu da bildirək ki, son aylar Dağlıq Qarabağ problemi ABŞ-ın gündəmində yer alan məsələlərdən birinə çevrilib.
Dövlət Departamentinin son bəyanatında bildirilir ki, həlli yubanan münaqişələrin nizamlanması üzrə konkret və real addımlar atılması ATƏT-in gündəliyində mühüm yer tutmalıdır.
Qurum bundan sonra da ATƏT məkanındakı həlli gecikən münaqişələrin nizamlanmasında mühüm rol oynamalıdır.
Həmçinin sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Kiyevdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqu davam etdirmək üçün görüş keçiriblər, ABŞ, Rusiya və Fransanın nümayəndə heyətlərinin rəhbərləri ilə birgə bəyanatla çıxış ediblər. Bu bəyanat ATƏT-in Nazirlər Şurası tərəfindən də bəyənilib.
Bəyanatda qeyd edilir ki, bu, münaqişənin dinc yolla nizamlanması üzrə irəliləyişə nail olunmasına ümumi sadiqlik baxımından ümidverici amildir.
Daha bir diqqət çəkən məqam isə son günlərdə ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupuna dörd yeni Konqres üzvünün qoşulmasıdır. Göründüyü kimi, ABŞ rəsmi səviyyədə Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətləndirilməsinə səy göstərir, əvvəlki dönəmlərlə müqayisədə problemə diqqət daha da artırılıb. Təbii ki, bütün bu məsələlər, daha dəqiq ifadə etsək, münaqişənin nizamlanması ilə bağlı ABŞ-ın səylərini artırması təsadüfi deyil.
Baş verənlərin təhlili və daha əvvəlki gedişatlar göstərir ki, Amerika birmənalı şəkildə regionda gedən prosesləri tamamilə öz nəzarətinə almaq, Cənubi Qafqazda mövqelərini möhkəmlətmək istəyir. Təbii ki, regionda öz mövqelərini gücləndirmək istəyən Amerika bunun üçün ilk növbədə Qarabağ məsələsinin həllinə nail olmağın əsas şərt olmasının fərqindədir. ABŞ heç şübhəsiz ki, Qarabağ məsələsinin həllinə mane olan əsas qüvvənin Rusiya olduğunu da bilir. Bu kontekstdə son vaxtlar Rusiyanı Qarabağ münaqişəsinin nizamlanması prosesindən maksimum kənarda saxlamağa çalışmaq cəhdləri də sezilir.
Rusiyanın özü də Qarabağ münaqişəsinin həlli ilə bağlı "missiyasını" davam etdirmək istəyir. Rusiya heç vaxt Cənubi Qafqazdakı münaqişlərin həllində ABŞ-ın roluna razılıq verməz. Bəs nəticə hanı? Axı danışıqlar və yaxud da vasitəçilik missiyasından gözlənilən nəticə əldə olunmayanda bu dövlətlərin hər biri "münaqişə tərəfləri konkret addımlar atmalıdırlar", və yaxud da "münaqişənin həlli tərəflərin özlərindən asılıdır" deyib kənara çəkilirlər.
Millət vəkili Zahid Orucun fikrincə, "kim, hansı maraqlar uğrunda mübarizə aparır" fikri ətrafında xeyli suallar yaranır: "Rusiyanın burada hansı maraqları var? Bununla bağlı bir fikri xüsusi qabartmaq istəyirəm. Bu gün şimal qonşumuz Soçi Olimpiadasına görə, bəlli terror təhlükələri, ciddi separatçılıq problemlərindən əlavə gərginliklər istəmir. Ancaq Qarabağdakı proseslər hər zaman Rusiyanın əsas maraq obyektində və birbaşa onun nəzarətində olub. Gerçəklikdə bəlkə də başqa səbəblər var. Xatırlıyırsızsa, Rusiya ötən ilin sonlarında Gömrük İttifaqına qoşulmaqda marağı olmayan MDB ölkələrini gizli-aşkar hədələmişdi. Əgər atəşkəsin pozulmasında Rusiyanın əli varsa, bunu həm də hədə kimi qəbul etmək olarmı? Atəşkəsin pozulması Azərbaycanın son aylar imzaladığı mühüm sazişlərə, atılan güllələrdir. Bu addımla Azərbaycanın xarici əlaqələrinə təsir göstərərək, bu ölkəyə investisiya qoyulmamasına, regiona marağın azaldılmasına da çalışıla bilər. Əgər ATƏT-in Minsk qrupunun monitorinq üzvlərinə də güllələr atılırsa, bu o deməkdir ki, atəşkəsin pozulmasına məhz bu amil səbəb olur, nəinki ərazi problemi. Son aylar atəşkəs rejiminin pozulması halları belə intensivləşib".
Politoloq Elşən Həsənov isə bildirib ki, münaqişənin Madrid prinsipləri üzrə (Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması, Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə zəmanəti təmin edən aralıq statusunun verilməsi, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin təmn edilməsi, Dağlıq Qarabağın hüquqi statusunun icbari hüquqi gücü olan referendumla müəyyən edilməsi, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması, təhlükəsizliyə beynəlxalq zəmanət, sülhyaratma əməliyyatlarının keçirilməsi) həlli 16 ildə həyata keçməyib: "Məlumdur ki, münaqişə tərəflərinin siyasi iradə və arzusundan başqa, ATƏT-in Minsk qrupu çərçivəsində tənzimləmə prosesinə qatılan xarici qlobal oyunçuların Ermənistan və Azərbaycanın xarici siyasi kursu ilə bağlı mövqelərinin üst-üstə düşməsi lazım gəlir. Bu iki münaqişə tərəfi ətrafında baş verənlər onları daha da qütbləşdirir, bununla da mövqelərin mümkün təması vaxtını uzaqlaşdırır.
Aİ-nin Şərq Tərəfdaşlığı üzrə Vilnüs sammiti ərəfəsində Rusiyanın praktik olaraq Ermənistanı Kremlin hamilik etdiyi Gömrük İttifaqının xeyrinə Aİ-yə assosiativ üzvlükdən imtina etməyə məcbur etməsi, Ermənistana əlavə 3 minlik Rusiya hərbi kontingeti göndərilməsi, Rusiyanın öz hərbi hava qüvvələrinin ehtiyacı üçün İrəvanın "Erebuni" aeroportunu əldə etmək planını həyata keçirməsi Qarabağ münaqişəsinin tənzimlənməsində erməni diplomatiyasının hərəkət azadlığını xeyli azaldır. Moskva prosesin inkişafına maraq göstərmir. Azərbaycanın isə Rusiyanın maraqlarını təmin etməməsi məsələsi var. Münaqişə tərəflərinin üstünlüyünün belə diametral zidd şəkildə inkişafı, Rusiyanın və Qərbin maraqlarının Cənubi Qafqaz istiqamətində zidd istiqamətdə irəliləməsi danışıqlar prosesində etimad mühitini yaxşılaşdırmır. ABŞ və Rusiyanın keçmiş sovet respublikalarına onların Avropa İttifaqı ilə əməkdaşlığı məsələsində qarşılıqlı ittihamları bunu sübut edir.
Politoloq Mübariz Əhmədoğlunun fikrincə, yalnız aktivliyə ehtiyac var. Əgər vasitəçilər həqiqətən aktivləşəcəksə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindəki qeyri- müəyyənliklər, fikir ayrılıqları, yanaşma müxtəliflikləri hamısı aradan qalxacaq: "Əslində hazırda ABŞ da, Rusiya da bəhanə axtarırlar ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə məşğul olmasınlar. İş o yerə gəlib çatıb ki, konfliktin həllində Rusiya ilə ABŞ-ın mövqeləri biri-birindən xeyli fərqlənir. Düşünürəm ki, onların əməkdaşlığı həm vasitəçilərin mövqelərini yaxınlaşdıracaq, həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irələyişə təkan verəcək".
Politoloq Sergey Smirnov isə bildirib ki, Qarabağ münaqişəsində Rusiya fəal şəkildə vasitəçilik missiyasını həyata keçirib və həyata keçirməkdə də davam edir. Bu missiyanın əsas nəticəsi - müharibənin olmamasıdır. Minsk qrupunun digər iştirakçılarından - məsələn, ABŞ, Fransa və Almaniyadan fərqli olaraq, Rusiya Azərbaycan və Ermənistana qonşu dövlətdir və elə məhz bu səbəbdən münaqişənin həllində maraqlıdır. Həm də ona görə ki, münaqişənin həlli təkcə yaxşı qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə deyil, həm də hər iki dövlətlə müttəfiqlik münasibətlərinin inkişafına imkan yaradır".
Ekspert Tərlan Həsənov isə bildirib ki, Qarabağ münaqişəsinin həllində həmsədr dövlətlər birgə rəyə gəlməlidirlər: "Amma onların maraqları üst-üstə düşmür. Rusiya heç vaxt törətdiyi münaqişələrin həllinə başqasını cəlb edə bilməz, onu yaxanı buraxmaz. Minsk qrupu lazımsız bir qrumdur, onun formal olaraq mövcudluğunu rəsmi Krmel də yaxşı anlayır. Təbii ki, həmsədr dövlətin rəhbəri münaqişənin həll olunması ilə bağlı ümidverici bəyanatlar səsləndirməlidir. Amma bu bəyanatların arxasında Krmelin məkrli, imperialist siyasəti gizlənir. Ona görə də münaqişə həll olunmur, uzadılır".