“Ermənistan növbəti dəfə böyük bir layihədən kənarda qalacaq” Siyasət

“Ermənistan növbəti dəfə böyük bir layihədən kənarda qalacaq”

"Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə düşməsi Azərbaycan iqtisadiyyatına son dərəcə müsbət təsir göstərəcək".
Bu fikri deputat Elman Nəsirov deyib. O qeyd edib ki, nəticədə Çindən Avropaya gedən dəmiryol xətləri qısalacaq, yük daşınmaları xeyli qısa müddətdə reallaşacaq: "Azərbaycan tranzit ölkə kimi sərnişin və yükdaşınmasından böyük gəlir əldə edəcək. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurm neft və qaz kəmərləri fəaliyyətdədir, indi də dəmiryol xəttinin işə düşməsi ilə Azərbaycan təşəbbüskarı olduğu növbəti meqalayihəni reallaşdırmış olacaq".
Deputat deyib ki, işğalçı dövlət olan Ermənistan isə növbəti dəfə böyük bir layihədən kənarda qalacaq. E. Nəsirovun sözlərinə görə, Azərbaycanın büdcəsi yeni gəlir mənbəyi əldə edir. O hesab edir ki, bu Azərbaycan xalqının rifahının yüksəlməsinə səbəb olacaq, ölkəmizin iqtisadi imkanlarını genişləndirəcək, iqtisadi islahatların həyata keçirilməsi üçün imkanlar yaradacaq: "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasətinin bundan sonrakı təminatı üçün əlavə maliyyə mənbələri əldə etmiş olacağıq. Azərbaycan, Gürcüstan və Türkiyə dostluğu daha da möhkəmlənəcək. Hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artacaq".
Deputat əlavə edib ki, bu, Azərbaycan prezidentinin həyata keçirdiyi müstəqil xarici və daxili siyasət kursunun təntənəsidir, çünki müstəqil siyasət aparan dövlət belə layihələr reallaşdırmaq iqtidarındadır".
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi oktyabrın 30-da Bakıda baş tutacaq.