“Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı” Siyasət

“Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı”

Musa Qasımıı: "Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi"

"Müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il keçir. Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi". Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, 1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir neçə gün sonra ANTANTA ölkələrinin yardımı ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Bu parlamentdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin ilin aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı.
Cümhuriyyətin elan edildikdən dərhal sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinetə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Usubbəyli başçılıq etdi.
Hökumət Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçdü. Başlıca məqsəd ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi. Azərbaycan ordusu quruldu. Yardıma gələn türk hərbçilərindən və azərbaycanlılardan ibarət qurulan Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi, təbii paytaxtına köçdü.
Osmanlı dövlətinin müharibədən çıxması yeni bir şərait yaratdı. Mondros barışığından sonra noyabrın 17-də Bakıya müttəfiqlər adından general Tomson başda olmaqla Böyük Britaniya qoşunları gəldi. Azərbaycanın siyasi həyatında yeni bir dövrə qədəm qoyuldu.
Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 19-da qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi. Parlament 1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmmədyusif Cəfərov idi. Azərbaycan parlamenti milli tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. Dini baxımdan da bütün digər dövlətlərə nümunə rolunu oynayırdı.
Dövlət atributları – himn və bayraq qəbul edildi. Xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmmədəmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi.
Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya gəlmiş ingilis generalı Tomson, erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.
Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris sülh konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu.
Parlamenitn sədri kimi Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L. Mallet Topçubaşovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H. Morgentau, günün ikinci yarısında isə prezident V.Vilson ilə görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi.
1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən de-fakto olaraq tanındı. Bu tanınma tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmət əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daixl olmaq üçün ilk addımlar atdı.
Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Yenicə yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılmasını, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi şərti ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Osmanlı dövləti Cümhuriyyətin yaradılmasında mühüm xarici amil rolunu oynamışdı. Azərbaycan xalqı monarxiyadan yardım alıb respublika qurmuşdu. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal Paşanın bolşevik lideri Lenin ilə yaxınlaşması mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.
Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha geniş bir anlam daşıyırdı. Müsəlman dünyasına Respublika məfhumunu və məfkurəsini Azərbaycan xalqı gətirdi. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqinin Dan Ulduzu oldu. Bu gün Şərqdə müstəmləkəçiliyn və müstəmləkə zülüm altında inləyən xalqlarının olmaması eyni zamanda Cümhuriyyətin təsiridir. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, Cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndəsi Azərbaycanın vətəndaşı olmaqdan ötrü İrkutskdakı konsulluğa müraciət etmişdilər.
Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.
Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələr mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 70-80-ci illərdə ziyalılar Heydər Əliyevin qayğıcı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. Nəhayət, milli bayrağımız ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda qaldırıldı. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.
Heç kəsə sirr deyildir ki, sovet dövründə Cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. 1998-ci ildə ümummilli lider, Prezident Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamından sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başladılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Parlament iclaslarının stenoqramları nəşr edildi. Kitab və monoqrafiyalar çapdan çıxdı.
Bu gün ölkəmizdə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında Cümhuriyyət xadimlərimizin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilib. Xarici ölkələrdəki məzarları təmir edilib. Cümhuriyyətimiz 100-cü ildönümü ilə əlaqədar olaraq ölkəmizdə geniş tədbirlər həyata keçirilir".