“Moskva Paşinyan hökumətinə etibar etmir” Siyasət

“Moskva Paşinyan hökumətinə etibar etmir”

Rusiya və Ermənistan arasında yaşanan gərginlik hələlik orta səviyyədədir.
Bu sözləri "News.am" saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
O bildirib ki, problem hələlik münasibətlərin kəsilməsi səviyyəsinə çatmayıb, amma gərginlik və qarşılıqlı inamsızlıq var: "Dəqiq desək, inamsızlıq qarşılıqlı yox, birtərəflidir. Moskva Paşinyan hökumətinə etibar etmir. Lakin Moskva hazırda münasibətlərin parçalanmasına getməyə hazır deyil və hələ ki, bunun üçün heç bir əsas da yoxdur. Qarabağda hərbi əməliyyatların yenilənməsi Moskvaya indiki zamanda lazım deyil. Moskvanı indiki halda status-kvonun qorunub saxlanılması qane edir. Tərəflər silahlanmalarını artırırlar. Hələlik konfliktin həlli ilə bağlı perspektiv yoxdur. Belə situasiyalarda əvvəl-axır nə isə başlayır. Aprel müharibəsi göstərdi ki, Azərbaycanın indi silahlanma sahəsində üstünlükləri var və bu üstünlük hələ də davam edir. Konflikt tərəflərindən hansısa birinin, o cümlədən Azərbaycanın yekun müharibəni başlamaq arzusunun olmaması aydındır. Məncə, Prezident İlham Əliyevə müharibə gərək deyil. Çünki risk böyükdür, bundan nə qazanılacaq? Başqa problem isə odur ki, bu konflikt sonsuza qədər belə davam edə bilməz".
Ermənistanın öz humanitar missiyasını Suriyaya göndərmək məsələsinə gəlincə isə Felgenhauer İrəvanın bununla sadəcə Moskvanın xoşuna gəlmək istədiyini deyib:
"Bu məsələ Qərbin erməni hökumətinə münasibətini dəyişməyəcək. Suriyada əsas gərginlik İranla bağlıdır. İrəvan üçün Vaşinqtonla münasibətlərdə əsas problem Ermənistanın hələ də İranın yaxın ticarət tərəfdaşı olaraq qalmasıdır. İndiki ABŞ administrasiyası üçün əsas düşmən Rusiya yox, İrandır".
Ekspert həmçinin, Cənubi Qafqazda böyük regional müharibənin olacağını da istisna etməyib:
"Əgər İranın ABŞ, Səudiyyə Ərəbistanı və İsraillə qarşıdurması başlasa, regiondakı situasiyada köklü dəyişikliklər olacaq. Ermənistanın İranın müttəfiqi kimi hansı vəziyyətdə olacağı aydın deyil. Regiondakı böyük müharibə istisna deyil. Bu halda ona Ermənistan və Azərbaycan da cəlb ediləcək".
Rusiyalı politoloq Qriqori Trofimçuk isə hesab edir ki, Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o öz mövqeyində qalır və rəqiblərinə qarşı başlatdığı təzyiqləri azaltmaq niyyətində deyil.
Onun sözlərinə görə, hazırkı erməni baş nazirinin təzyiq həyata keçirməsi üçün əlində əsasları var. O, Paşinyanın Moskvada səsləndirdiyi əsas sözün "qarışmamaq" olduğunu və bunun birbaşa Kremlə göndərilən tələb olduğunu bildirib. Trofimçukun fikrincə, Ermənistanla Rusiya arasında problemlər mövcuddur və yeniləri də ortaya çıxacaq: "Məncə, son aylar iki ölkənin münasibətlərində meydana gələn bütün problemlər həll edilmədən qalır. Paşinyan buna qədər də eyni ruhda çıxış edirdi və Rusiyanı heç bir halda özünün düşməni elan etmirdi. Digər tərəfdən anlamaq lazımdır ki, öncəki hökumətin nümayəndələrinə qarşı repressiyalar Paşinyanın yeganə daxili siyasi resursu olaraq qalır və o, bundan imtina edə bilməz. Belə ki, yaxın zamanlarda erməni vətəndaşları üçün iqtisadi situasiyanın yaxşılaşması mümkün deyil.
Moskva indi daha diqqətlə Ermənistanın daxilindəki hadisələri izləyəcək. Məncə, bunu müdaxilə kimi anlamaq olmaz. Belə ki, Ermənistan Rusiya üçün yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət bundan sonra arzulanan kimi getməsə, bu, təkcə Rusiyaya yox, bütün Avrasiya İttifaqı və KTMT üzvlərinə təsir göstərəcək. Ermənistanla Rusiyanın münasibətləri sizin anladığınız kimi hansısa strateji tərəfdaşlıq yox, nə isə başqa bir şeydir".
Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdən getməsinə Moskva elə də yüksək həssaslıq göstərməyəcək: "Əgər Robert Köçəryan yenidən ali dövlət vəzifəsinə gəlmək istəsə, bu, ölkədəki vəziyyəti qeyri-stabil edəcək. Burada vəziyyət Rusiyada Qorbaçovun özünü prezident kimi xalqa təqdim etməsinə bənzəyəcək. Ona görə də Moskva nə qədər istəsə Köçəryanı dəstəkləyə bilər, amma məsələ onda deyil. Məsələ erməni vətəndaşların dəstəklənməsindən gedir ki, onlar da keçmişə qayıtmaq istəmirlər.
Moskva Köçəryana qarşı bəslədiyi isti münasibəti heç vaxt Paşinyana qarşı bəsləməyəcək".