“Səs yazısının yayılması daha çox Paşinyana səs qazandıra bilər” Siyasət

“Səs yazısının yayılması daha çox Paşinyana səs qazandıra bilər”

Ehtiram Aşırlı: "İlkin versiya olaraq bu səs yazısının Rusiya kəşfiyyatı tərəfindən yayıldığına dair fikirlər səslənəcək"

"Seçkiqabağı belə bir səs yazısının yenidən yayılması Nikol Paşinyana qarşı təxribat kimi dəyərləndirilə bilər. Böyük ehtimal ki, ilkin versiya olaraq bu səs yazısının Rusiya kəşfiyyatı tərəfindən yayıldığına dair fikirlər səslənəcək. Belə fikirlərin səsləndirilməsində də əsas amil Rusiyanın seçkiyə müdaxiləsi olaraq qiymətləndirilə bilər". Bu fikirləri "Xalq Cəbhəsi"nə açıqlamasında analitik Ehtiram Aşırlı deyib. Onun sözlərinə görə, lakin belə bir səs yazısının Paşinyan və onun komandası tərəfindən qərəzli şəkildə yayımlana biləcəyi ehtimalını daha yüksək dəyərləndirirəm: "Əvvəla, Rusiya kəşfiyyatı tərəfindən belə bir səs yazısının yayımlanması ehtimalı olduqca çox zəifdir. Çünki Rusiya kəşfiyyatının Ermənistanda seçkiqabağı belə zəif provokasiyaya gedəcəyini düşünmək məntiqsizlik olardı. Həmçinin sentyabr ayında yayılan səs yazısının da erməni ictimaiyyəti tərəfindən gözlənilən reaksiyanı vermədiyini düşünərsək bu zaman Kreml tərəfinin növbəti dəfə belə bir addım atması gözlənilən deyil. Ələxüsus da Paşinyanın Rusiya ilə münasibətlər bizim üçün prioritet məsələ olacağı dediyi bir vaxtda. Bəs bu zaman sual yaranır ki, belə bir səs yazısının seçkiqabağı yayılmasında əsas məqsəd nə ola bilər və kimə divident qazandıra bilər?
Fikrimcə, belə bir səs yazısının yayılması daha çox Paşinyana və hazırkı hökumətə səs qazandıra bilər. Belə ki, Paşinyan və onun komandası belə bir addım atmaqla erməni ictimaiyyətinə baxın biz söz verdiymiz kimi çalşırıq, lakin bizə maneə olan xarici qüvvələr var. Həmçinin o, bu yolla seçkiyə və bizim qurmaq istədiyimiz "demokratik" sistemə maneə olmağa çalışırlar kimi fikir formalaşdıraraq erməni xalqının seçkilərdə daha aktiv olmasına nail olmaq istəyirlər. Lakin Paşinyan belə bir addım atmaqla bu dəfə hədəf olaraq təkcə Rusiyanı göstərmək niyyətində deyil, həmçinin son zamanlar "Qarabağ klanı" və qondarma rejim ilə aralarındakı yaranan gərginliyi öz lehinə çevirməyə çalışır. O, erməni xalqına çatdırmaq istəyir ki, baxın Qarabağı Azərbaycana qaytaracağamm kimi fikirlər səsləndirən qüvvələr məhz bizim danışıqlarımızı da dinləyib montaj edərək haqqımızda yalan və təxribat xarakterli məlumatlar yayaraq məni və komandamı sizin gözünüzdə nüfüzdan salmaqla kifayətlənmnəyib, Qarabağda yaşayan erməni qardaşlarımızla da aramızı vurmağa çalışırlar. Belə olan halda Paşinyan qondarma rejimlə arasındakı gərginlikdə haqlı tərəf kimi özünü tanıtmış olacaq".