“Mehmanın adından istifadə edib böyük bir kampaniya təşkil etdilər” Siyasət

“Mehmanın adından istifadə edib böyük bir kampaniya təşkil etdilər”

"Məlum şəbəkənin hərəkətdə olduğu göz qabağındadır. Mehmanın adından istifadə edib böyük bir kampaniya təşkil etdilər. Xaricdəki şəbəkəyə buradan Əli Kərimli, Cəmil Həsənli kimiləri dəstək verməyə çalışdılar. Müxtəlif reallığa uyğun olmayan qızışdırıcı çağırışlar etdilər". Bu fikirləri "Kaspi" qəzetin baş redaktoru İlham Quliyev deyib. Qarayaxma kampaniyası üçün xarici dairələr tərəfindən güclərin səfərbər edildiyini deyən baş redaktor söyləyib ki, tanınmış adamlarının adlarından yalan informasiyalar yayaraq, Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli kimi xainləri, çoxdan qınlarına çəkilənləri yuxudan oyatdılar. Demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür. Xüsusi komanda ilə fəallaşan 5-ci kalonun fəalları və digərləri öz havadarlarının sifarişlərini yerinə yetirirlər". Onun sözlərinə görə, qarayaxma kampaniyasının ana xəttini Azərbaycan dövlətinin gözdən salınması, hakimiyyətə inamsızlıq formalaşdırılması, insanların kütləvi etiraza köklənməsi təşkil edir: "Bunun üçün bir neçə cəhd edildi, amma həmişəki kimi sadə vətəndaşlardan, ölkənin ziyalı kəsimindən heç bir dəstək ala bilmədilər. Bayram tətilindən istifadə edərək guya Mehman Hüseynovun aclıq aksiyasının müddətinin 10 günü keçdiyi, guya nə valideynlərinin, nə vəkilinin onunla görüşünə imkan yaradılmaması görüntüsü yaratmağa, bununla da insanların hisləri ilə oynamağa çalışdılar. Amma az keçməmiş məlum oldu ki, Mehman Hüseynov cəmi 1 günlük aclıq edib, sonrakı günlərdə isə qida qəbulunu bərpa edib. Hazırda da sağlıq durumu ilə bağlı heç bir problemi yoxdur. Valideyni ilə də, vəkili də görüşü təşkil olunub, hətta ötən gün hüquq müdafiəçiləri ilə fotosessiya etdiyini də gördüm". İ.Quliyev qeyd edib ki, Azərbaycanı sevməyən qüvvələr aksiya ətrafında süni ajiotaj yaratmağa çalışsalar da, bu cəhd uğursuzluğa məruz qaldı: "Azərbaycan cəmiyyəti həmişə olduğu kimi, sayıqlıq nümayiş etdirdi, qurulan tələyə düşmədi".