Siyasətin “avtomat kukla”ları Siyasət

Siyasətin “avtomat kukla”ları

Bir adam, yaxud İNSAN adının və ya vizual psixodiaqnostikanın tələblərinə uyğun olaraq insana məxsus bütün əzaların daşıyıcısı olan bir qrup siyasi marionet görəsən neçə dəfə ifşa olunmalıdır ki, siyasi səhnəni tərk etsin? Doğrusu, bu sualın cavabını sağlam məntiqlə bir neçə saniyənin içərisində vermək olar. Məsələn, demək olar ki, bircə dəfə də kifayətdir. Yaxud subyektin qafa tasının içindəkinin beyin, yaxud horra olduğunu müəyyənləşdirməyə vaxt sərf etməmək üçün, 2, hətta 3 dəfə də demək olar. Amma təəssüf ki, sağlam məntiq psixoradikal, yaxud kənardan ibarət olunan təfəkkürlə bir araya sığışmır.
Nədənsə belələri mənə uşaqlığımın sevimli filmlərindən olan "Sehrli xalat"dakı "xan" obrazını xatırladır. Xüsusilə də "xan"ın gələcəkdəki, muzeydəki görüntüsünü… Filmdə bu muzey eksponatını "avtomat kukla" adlandırırlar. İndi təsəvvür edin, həmin "xan"ın yerində psixoradikallardan biri dayanıb və deyir: "Mən zəmanənin böyük hökmdarı Əsədullaxan ibn Fərəcullaxan ibn Əmirullaxan məğribdən məşriqəcən…" Pardon, bu filmdəki "xan"ın sözləri oldu. Psixoradikallar üçün xüsusi mətn yazmayacağam. Buna heç vaxtım da yoxdur. Onların "mətni" başqa yerdə və başqa yerdən yazılır… Sadəcə elə son mitinqdəki çıxışlarını götürün və muzeydəki "xan"ın görüntüsü üzərində dinləyin və yaxud əksinə… Vəssalam…
"Avtomat kukla" - əslində adını da elə psixoradikalların "xan"larına uyğun qoyublar. Çox da dərinə getməyəcəyəm, zənnimcə xüsusi izaha da ehtiyac yoxdur…
…25 ildən çoxdur ki, eyni simaların eyni və əsassız iddialarını, əttökən ritorik çıxışlarını, arqumentsiz mülahizələrini eşidirik. 25 il ərzində hətta yeni bir söz belə öyrənə bilməyiblər. Bir zamanlar hakimiyyətə "dəmir yolu" çəkmək istəyirdilər, sonra hündürdə olduğunu görüb "nərdivan" qoymaq istədilər…
Bu müddət ərzində hakimiyyət də çəkdi… Qitələri birləşdirən neft və qaz kəmərləri, hətta Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirən dəmir yolunu da çəkdi… Bakı-Tiflis-Qars dəmir yolu xəttini nəzərdə tuturam. İndi Azərbaycanın üçüncü peyki orbitdədi… Məntiqlə keçid dövrünün ilkin mərhələsinin qalıqları olan, qoy deyim, bu adamlar uçmaq haqqında düşünməlidirlər. Amma onlar yenə də "çəkirlər"… "Məhsul" stadionun kağız üzərindəki görüntüsünə kiçik-kiçik, lap "dama-dama dəftər"də olduğu kimi xanalar çəkirlər ki, iddia etdikləri iştirakçı sayını bu xanalara sığışdıra bilsinlər… Amma yenə də alınmır.
Keçdikləri yolun, gəldikləri yerin, vardıqları məkanın fərqinə belə varmırlar. Anlaya bilmirlər ki, bir neçə il öncə iddia etdikləri kimi "Qələbə"dən qələbəyə aparmaq istədikləri və sayı ildən-ilə azalan tərəfdarlarını son məntəqəyə - yürütdükləri siyasətin "Məhsul"unun təhvil verildiyi yerə gətirib çıxarıblar. "Məhsul" da çürüyüb artıq, saxta, dondan dona girən, qütbdən qütbə yuvarlanan hədəfləri kimi…
Yazının əvvəlində ifşa olunmaqdan söz açmışdım. Unutmamışam. Amma o qədər çoxdur ki, haradan başlayacağımı bilmirəm:
Siyasətçi, xüsusilə də özünü "siyasi lider" hesab edən istənilən şəxs üçün ən önəmli xarakter cizgisi onun elan etdiyi prinsiplərə, dəyərlərə sadiq qalmasıdır. Amma biz son bir neçə ilə ərzində vaxtilə dünyəvi, demokratik prinsipləri əlində bayraq edənlərin Azərbaycanın konstitusion dövlət quruluşuna qarşı savaş açanların, ölkəyə teokratik idarəçilik sistemi gətirənlərin yanında necə növbə tutduqlarının şahidi olmuşuq. Keçirdikləri aksiyalarda Azərbaycan dövlətçiliyinə silah qaldıranlara dəstək verilib... Hüquqi dövlətdən danışdıqları halda xarici ağalarına xidmət etmək üçün qatı cinayətkarları, terrorçuları, xarici xidmət orqanlarına xidmət etdikləri məhkəmə qərarları ilə sübuta yetirilən vətən xaiblərini belə "siyasi məhbus" siyahılarına salıb, sonra da qrant savaşına çıxıblar. Sosial şəbəkələrdəki səhifələrində bir-birilərinin fikirlərini virtual ağız suyuna bulayıblar. Bu yetməyib, trollarının ağız suyundan da istifadə ediblər.
Bu adamların xaricdən idarə olunduqlarını sübuta yetirən saysız-hesabsız faktlar açıqlanıb, üzərindən sükutla keçib unutdurmağa çalışıblar. Birini yazım:
Məsələn, hazırda ABŞ-da yaşayan, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarında Əli Kərimli ilə vahid mərkəzdən və vahid dirijor çubuğu ilə idarə olunan Qorxmaz Əsgərov "Azadlıq" qəzetinin internet səhifəsində yayımlanan "Ayının əmisi oğlu" yazısında toxunduğu bəzi məqamlarla həm özünü, həm də mənsub olduğu düşərgəni ifşa edib. Əli Kərimliyə isə əsl "ayı xidməti" göstərib.
Qorxmaz Əsgərov yazır: "...Köhnə müxalifət" – "yeni müxalifət" söhbətini də Azərbaycana ilk dəfə Amerika səfirliyi, USAİD və onun maliyyələşdirdikləri təşkilatlar gətirib. Azərbaycanda demokratik təsisatlarla işləyən təşkilatlara həm USAİD, həm də Amerika səfirliyi dirənirdi ki, köhnə müxalifəti boş verin, təzə qüvvələrlə işləyin. Kim idi bu yeni qüvvələr? Məsələn, 2003-də mən Amerika Milli Demokratiya İnstitutunun Bakı ofisində işləyəndə Amerika səfirliyi dirənmişdi ki, Müsavatı-zadı boş verin, Eldar Namazovla işləyin, Fuad Əliyevin Liberal Demokratik Partiyası ilə işləyin. Bunlar bunu 2003-də edirdilər. Həmin il AMİP də onların fikrincə "yeni müxalifət idi"..." Milli Demokratiya İnstitunun sabiq əməkdaşı və Əli Kərimlinin partiyasının sabiq şöbə müdiri Qorxmaz Ələsgərov öz yazısı ilə açıq şəkildə bildirir ki, ABŞ səfirliyi və təşkilatları Azərbaycandakı siyasi proseslərə müdaxilə ediblər və hətta ayrı-ayrı siyasi qrupları, onların liderlərini istiqamətləndiriliblər".
Bu, Əli Kərimlinin ən yaxın "silahdaşı, qrant ortağı" tərəfindən edilən hələlik son etirafdır. Şübhə etmirəm ki, bu adamların keçdikləri yolun hər qarışına ən azı Qorxmaz Ələsgərov qədər "etiraf həsr etmək" olar.
Xarici ölkənin daxili siyasi proseslərə müdaxilə ssenarilərində yer alan adamlar isə, bu ssenarilərin kimə, nəyə və necə xidmət etməsindən asılı olmayaraq, "nüfuz müvəkkilləri", yaxud "təsir agentləri" adlandırılırlar.
Necə deyərlər, adları üstlərindədir – siyasi fəaliyyətlərinin "Məhsul"u kimi...

Elçin Mirzəbəyli