Bakı 5 rayon təklifini rədd edir: Bu, İrəvandaxili oyundur Siyasət

Bakı 5 rayon təklifini rədd edir: Bu, İrəvandaxili oyundur

"Siyasi şəraitə, ələlxüsus da Ermənistandakı vəziyyətə nəzər salsaq, problemin həllinə dair səsləndirilən təkliflər heç də Qarabağ mövzusu ilə bağlı deyil".
Bu sözləri açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
"Əlbəttə, Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı müxtəlif layihələr və təkliflər mövcuddur. Ancaq hazırkı siyasi şəraitə, ələlxüsus da Ermənistandakı vəziyyətə nəzər salsaq, problemin həllinə dair verilən təkliflər heç də Qarabağ mövzusu ilə bağlı deyil. Bu cür müzakirələr və verilən açıqlamalar Ermənistanın daxili siyasətinə təsir göstərmək üçün bir cəhddir. Rusiyalı politoloqlar və Kremlə yaxın ideoloqlar Qarabağ məsələsini məhz buna görə gündəmə gətirirlər. Belə ki, bir növ Qarabağ klanının nümayəndələrinə kömək göstərərək, Paşinyanın guya 5 rayonu Azərbaycana qaytarmağa hazır olduğunu nümayiş etdirirlər. Bu addımlar sadəcə olaraq görüntü yaratmaq məqsədi daşıyır. O üzdən də bunun ciddi şəkildə müzakirə edilməsinin xeyrimizə olub-olmayacağı ilə bağlı sual hələ gündəmdə deyil", -T.Zülfüqarov bildirib.
Sabiq nazir Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı əsl reallığı da açıb:
"Ümumiyyətlə, hazırkı reallıqda 5 rayonun Azərbaycan qaytarılması ilə bağlı təkliflər səslənə bilər. Belə ki, danışıqlarda tərəflər öz təkliflərini verirlər. Təbii ki, erməni tərəfi onları qəbul etmir. Bu danışıqlar prosesinə aid olan bir məsələdir. Ona görə də aktuallığı itirə və yenidən bərpa edilə bilər. Ancaq Bakı 5 rayon təklifi ilə razılaşmayacaq. Həqiqətən də hansı məntiqə görə 5 rayonla razılaşmalıyıq? Əks təqdirdə belə çıxır ki, yerdə qalan rayonları müharibənin nəticəsində ermənilərə hədiyyə verməliyik? Bütün rayonlar üzrə qaçqınların öz evlərinə qayıdışı təmin olunmalıdır. Bu baxımdan səsləndirilən təkliflər heç cür anlaşılan deyil. Yox, əgər 5 rayon və mərhələli həll variantını təklif edirlərsə, o zaman 6 və 7-ci rayonun azad olunacağı ilə bağlı dəqiq tarix verməlidirlər. Yəni digər bölgələrin azad olunması konkret gündəm olmalıdır".