Elmar Məmmədyarov Azərbaycanın etirazını Rusiya səfirinə çatdırıb Siyasət

Elmar Məmmədyarov Azərbaycanın etirazını Rusiya səfirinə çatdırıb

Xarici işlər naziri Elmar Məmmədyarov martın 7-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.
Görüş qarşı tərəfin xahişinə əsasən baş tutub.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri, o cümlədən iqtisadi, ticarət, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də çoxtərəfli formatlarda uğurlu əməkdaşlığın davam etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Mixail Boçarnikov öz rəhbərliyinin tapşırığına əsasən, nazir Elmar Məmmədyarovu cari ilin aprelin 5-də Moskvada keçirilməsi planlaşdırılan MDB üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına dəvət edib.
Nazir Elmar Məmmədyarov öz tərəfindən dəvətə görə təşəkkürünü bildirib. Xarici işlər naziri Azərbaycan və Rusiya arasında mövcud əlaqələrin strateji xarakter daşıdığını və RF-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi oynadığı rolu vurğulayaraq cari ilin mart 5-6-da Moskvada Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçilərinin iştirakı ilə keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubu"nun növbəti iclasına RF dövlət rəsmilərinin də qatılmasının Azərbaycan tərəfinin etirazına səbəb olduğunu vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, hələ ötən ilin sonunda Yerevanda keçirilmiş sözügedən klubun ilk iclasına qondarma rejim nümayəndələrinin dəvət edilməsi, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribat xarakterli çıxışların səsləndirilməsi ilə bağlı rəsmi Bakının narazılığını Rusiya tərəfinə çatdırıb. Bununla bağlı vurğulanıb ki, bu cür hallar Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin əsaslarını müəyyən edən normativ hüquqi bazaya, habelə Rusiyanın vasitəçi roluna ziddir.
Söhbət əsnasında tərəflər həmçinin bölgədə və dünyada cərəyan edən proseslər və qarşılıqlı olaraq maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparıblar.