Rəsmi Bakıdan ABŞ-a daha bir etiraz Siyasət

Rəsmi Bakıdan ABŞ-a daha bir etiraz

XİN: "ABŞ fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərə riayət etməkdən uzaqdır"

Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi: "Aİ və ABŞ insan haqlarının pozulması bəhanəsi altında ATƏT ölkələrinin işlərinə müdaxilə etməyə çalışır"

"ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanla bağlı 27 və 28 avqust tarixlərində verdiyi açıqlamalar əsassız və qəbuledilməzdir". Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ Dövlət Departamentinin mətbuat katibinin hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibovun döyülməsi ilə bağlı bəyanatına cavabında bildirib.
Onun sözlərinə görə, siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir: "Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun".
XİN rəsmisi qeyd edib ki, Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərə riayət etməkdən uzaqdır.
Qeyd edək ki, Aİ-nin və ABŞ-ın ATƏT yanında nümayəndəlikləri təşkilatın Daimi Şurasının avqustun 14-də keçirilən iclasında da Azərbaycanda insan haqları ilə bağlı neqativ bəyanatlarla çıxış ediblər. Azərbaycanın ATƏT yanında Daimi nümayəndəliyi isə Daimi Şuranın dünən keçirilən iclasında həm Aİ, həm də ABŞ nümayəndəliklərinin səsləndirdiyi fikirlərə etiraz olaraq sözügedən bəyanatı yayıb.
Bəyanatda bildirilir ki, Aİ və ABŞ insan haqlarının pozulması bəhanəsi altında ATƏT ölkələrinin işlərinə müdaxilə etməyə çalışır və özlərinin bu sahədəki problemlərini görməzdən gəlirlər: "Bu, ikili standartların açıq-aydın nümayişidir".
Nünayəndəliyin bəyanatında qeyd olunur ki, Daimi nümayəndəlik Aİ və ABŞ nümayəndə heyətlərinin bəyanatlarında yer alan fikirləri siyasi motivli hesab edir.
Bəyanatda QHT fəalları Rəsul Cəfərov və İntiqam Əliyevin vergidən yayınma və qanunsuz sahibkarlıq ittihamları ilə, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun isə dövlətə xəyanət ittihamları ilə saxlanıldığı və onların işi üzrə hazırda istintaq prosesinin getdiyi, lakin Aİ və ABŞ-ın bu kimi bəyanatlarla istintaqın normal gedişinə müdaxilə etməyə çalışdığı qeyd olunur.
Bəyanatda deyilir: "Nə Aİ, nə də ABŞ insan hüquqlarının pozulması hallarından sığortalanmayıb. ABŞ-ın Missuri ştatındakı Ferquson şəhərində Maykl Braunun polis tərəfindən güllələnərk öldürülməsindən sonra baş qaldıran son iğtişaşlar bir daha göstərdi ki, ABŞ sərbəst toplaşma və ifadə azadlığı, eyni zamanda, irqi və dini zəmində diskriminasiyanın aradan qaldırılması və hüquq mühafizə orqanlarının fəaliyyətinin ATƏT-ə üzv ölkələr üçün fundamental sayılan prinsiplərə uyğun təmin edilməsi sahəsində götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmək üçün xeyli yol keçməlidir".
Qeyd olunur ki, Azərbaycan Aİ və ABŞ ilə əlaqələrini yüksək dəyərləndirir: "Biz bu əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında inkişafı üçün böyük potensial olduğunu görürük".