“Bütövlükdə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki...” Siyasət

“Bütövlükdə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki...”

Millət vəkili: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir”

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2 min nəfərə aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən edilib.
Sənəddə koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilməsi nəzərdə tutulur.
Sərəncam DSMF-nin rayon (şəhər) şöbələrindəki 1400 və Fondun tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 600 nəfəri, ümumilikdə, isə 2 min sosial xidmət işçisini əhatə edir.
Bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir.
Millət vəkili Naqif Həmzəyev “Xalq cəbhəsi”nə açıqlamasında bildirdi ki, vətəndaşa qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin əsas prinsiplərindəndir. O dedi ki, koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması sahəsində atılan addımlar, imzalanan sərəncamlar, ən optimal və effektli tədbirlər, vəsaitlərin ayrılması, dəstək proqramının ədalətliliyi və ünvanlılığı ölkəmizin sosial bir dövlət olmasının göstəriisidir: “Dövlətimiz bu gün koronavirusla bağlı yarana biləcək mümkün risklərin aradan qaldırılması, eyni zamanda,
ölkə əhalisinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. Çünki Azərbaycan vətəndaşının rifahı, onun sağlamlığının və təhlükəsizliyinin qorunması hər zaman Azərbaycan dövlətinin başlıca prinsipi olub. Azərbaycan Prezidentinin Sərəncamı ilə DSMF-nin tabeliyindəki sosial xidmət müəssisələrində çalışan 2 min nəfərin aylıq vəzifə maaşının bir misli miqdarında artırılması bu sahədə atılan addımların davamıdır”.
Millət vəkili Vüqar Bayramov bildirib ki, sosial xidmət göstərən vətəndaşlarımızın əmək haqlarının 1 vahid artırılması ilə bağlı ölkə başçısının imzaladığı sənəd birmənalı şəkildə həmin vətəndaşların sosial müdafiəsi üçün xüsusi diqqət kimi qiymətləndirilməlidir: “Koronavirus dövründə yaşı 65-dən çox olan vətəndaşlara xüsusi xidmətin göstərilməsinə ehtiyac var idi. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilər cəlb edilmişdi. Bu, əslində imkan verəcək ki, sosial xidmətə cəlb edilən vətəndaşların əldə etdiyi maaş məbləği 2 dəfə artırılsın, yəni 1 vahid əlavə olunsun. Bu da onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək. Yeni sərəncam həmin şəxslərə dövlətin diqqət və qayğısıdır. Cənab Prezident tərəfindən imzalanmış bu sənəd həmin vətəndaşların sosial təminatını gücləndirməklə yanaşı, dövlətin qayğısını bir daha nümayiş etdirir”.
Deputat Sədaqət Vəliyeva deyib ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə dövründə də əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir: “Prezident İlham Əliyevin xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların əmək haqqının artırılması haqqında sərəncamı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı”.
Deputat bildirib ki, sərəncam xüsusi karantin rejimi dövründə vətəndaşlara sosial xidmətlərin səmərəli təşkilinə xidmət edən şəxslərə, ümumiyyətlə, sosial xidmət işçilərinin əməyinə verilən yüksək dəyərin və onlara xüsusi qayğının ifadəsidir. Sərəncam ümumilikdə 2 min sosial xidmət işçisini əhatə edir: “Heç kəsə sirr deyil ki, xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-dən yuxarı şəxslərin pandemiyadan qorunması məqsədilə onların evdən çıxmaları qadağan edilib. Bununla əlaqədar dövlət başçısının göstərişinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə, gücləndirilmiş iş rejimi şəraitində yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər evlərində gündəlik sosial xidmətlərlə təmin olunur. Hazırda bu kateqoriyadan olan 15 mindən çox tənha yaşlıya evlərində sosial xidmətlər göstərilir. Burada Yeni Azərbaycan Partiyasının könüllülərinin, fəallarının, gənclərinin xidmətini də xüsusi qeyd etmək lazımdır”.
“Ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətin, xalqın ehtiyacları əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial xidmətlər sahəsində xidmət göstərən işçilərin aylıq vəzifə maaşlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sənəd dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını bir daha əyani şəkildə göstərir: “Dövlət başçısının karantin dövründə imzaladığı bu sərəncam sosial xidmətlər sahəsində fəaliyyət göstərən insanların həyat şəraitinin yaxşılaşdırılmasında onlara dəstək olmağa xidmət edir. Bütövlükdə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir”.

Əli