MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans vasitəsilə iclası keçiriləcək Siyasət

MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans vasitəsilə iclası keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının videokonfrans vasitəsilə iclası keçiriləcək.
Mayın 12-də baş tutacaq iclasda MDB Xarici İşlər Nazirləri əsasən humanitar məsələləri müzakirə edəcəklər.
Konfransın gündəliyinə əsasən, əsas məqsəd 2021-2030-cu illər MDB ölkələrinin Gənclərinin Əməkdaşlığı Strategiyası müzakirə olunacaq.
Nazirlər həmçinin 2021-2025-ci ildə keçiriləcək birgə mədəni tədbirləri müzakirə edəcəklər.
Gündəlikdə duran digər bir məsələ isə MDB ölkələrinin Universitet Şəbəkəsinin yaradılması ilə bağlı razılaşmanın müzakirəsidir. Bu, MDB ölkələrinin təhsil ocaqlarının şəbəkəsi olaraq birgə təhsil proqramlarını həyata keçirməyə imkan verəcək.
Videokonfransda həmçinin 2021-2030 turizm sahəsinin İnkişaf Strategiyası müzakirə olunacaq. Bu sənəd quruma üzv ölkələrin milli turizm şirkətlərinin və hökumətlərin turizmin inkişafı ilə bağlı səylərinin birləşdirilməsinə imkan verəcək.
Nazirlər həmçinin beynəlxalq gündəmdə olan məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Konfransda 2020-ci il üçün MDB Xarici İşlər Nazirləri səviyyəsində aparılan məsləhətləşmələr planı təsdiqlənəcək.
Nazirlər korrupsiya ilə mübarizə sahəsində əməkdaşlıq və MDB-yə üzv ölkələrin silahlı qüvvələrinin birgə kommunikasiya sisteminin yaradılmasını da müzakirə edəcəklər.
Rusiya tərəfinin təşəbbüsü ilə MDB XİN başçılarının beynəlxalq hüququn rolunun gücləndirilməsi ilə bağlı bəyanatı da qəbul olunacaq.