Türkiyə Ermənistanla sərhədi gizlincə açır? Siyasət

Türkiyə Ermənistanla sərhədi gizlincə açır?

MHP-çi millət vəkili Mehmet Günal: "Ermənistanla sərhəddə minaların təmizlənməsi niyə məhz indi gündəmə gətirilib?"

Türkiyənin Ermənistanla sərhəddəki minalanmış ərazilərin təmizlənməsinə dair elan edilmiş tenderə buraılan şirkətlərin açıqlamasından sonra MHP sərhədin açılmasına yönələn üstüörtülü fəaliyyətlərdən narahatlığını bildirib.
Virtualaz.org saytı xəbər verir ki, MHP Antalya millət vəkili Mehmet Günal Ermənistan sərhədindəki minaların təmizlənməsinin yenidən gündəmə gətirilməsinə etiraz edərək "Niyə məhz indi?" deyə hökumətə sual edib. Mehmet Günal Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında minaların təmizlənməsi planının "soyqırım"ın 100-cü ildönünü ərəfəsində gündəmə gətirilməsini təsadüfi hesab etməyib.
"Nəyə görə minaların təmizlənməsi üçün tenderi əvvəlcə Avropa İttifaqı, daha sonra BMT İnkişaf Agentliyi (UNDP) keçirir? Türkiyənin öz sərhədində minaları təmizləmək üçün 80 milyon avro pulu yoxdur? Bundan əvvəl Suriya sərhədindəki minaları təmizləmək üçün ayrıca qanun çıxarıldı, indi Ermənistanla sərhəddə minaları təmizləmək üçün qanuna ehtiyac yoxdur? Qanunsuz şəkildə Aİ və UNDP ilə protokol imzalanıb minaların təmizlənməsinə qərar verirlər. Bu necə olur? Bütün bu suallara cavab verilməlidir" - deyə millət vəkili bildirib.
Xatırladaq ki, Türkiyənin Ermənistan, İran və Azərbaycan sərhədindəki 225 minalı ərazini təmizləmək üçün elan edilmiş tenderə xarici şirkətlər qatılıb, bunların arasında Azərbaycandan ANAMA da yer alır. Türk şirkətləri tenderə buraxılmayıb.
M.Günal bildirib ki, 2015-ci ildə "erməni soyqırımı"ının 100 illiyinin qeyd olunması ərəfəsində "soyqırım"ın tanınması və sərhədlərin açılması məsələsi vaxtaşırı olaraq gündəmə gətirilir.
Qeyd edək ki, Türkiyə rəhbərliyi dəfələrlə Ermənistanla sərhədlərin açılmasının gündəmdə olmadığını, bu məsələnin Qarabağ münaqişəsi nizamlanmadan həll edilməyəcəyini bildirib.