Bakıda Xəzəryanı dövlətlərin xüsusi işçi qrupunun 39-cu iclası başlayıb Siyasət

Bakıda Xəzəryanı dövlətlərin xüsusi işçi qrupunun 39-cu iclası başlayıb

Xələf Xələfov: "Xəzər dənizində ölkələrin bir-birlərinin təhlükəsizliyinə xələl gətirməmək yolu ilə stabilliyin təmin edilməsi əhəmiyyətlidir"

Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun 39-cu iclası öz işinə başlayıb.
Gün.Az xəbər verir ki, iclasda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan XİN-in xüsusi məsələlər üzrə səfiri Zulfiyə Amanjolova, Rusiya prezidentinin delimitasiya və demarkasiyası məsələləri üzrə nümayəndəsi İqor Bratçikov, Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə idarənin rəhbəri Murad Atacanov iştirak edirlər.
İclasda xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, 2010-cu ildə Bakıda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı sammiti əsas məsələlərə yeni impuls verdi.
Əsasən də su səthinin və bioloji resursların bölünməsi ilə bağlı məsələləri qeyd etmək lazımdır.
Onun sözlərinə görə, Həştərxan sammiti isə Xəzərin hüquqi statusunun müəyyən edilməsində üzv ölkələrin mövqeyinə yeni təkan verdi və sammitdə bir sıra siyasi sənədlər qəbul edildi:
"Ümid edirəm ki, prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsipləri konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacaq".
Tərəflər arasında qarşılıqlı etimadın vacibliyini qeyd edən nazir müavini, regional sabitlik və Xəzər dənizindəki iqtisadi fəaliyyəti vurğulayıb.
X.Xələfov deyib ki, Xəzər dənizində bütün tərəflərin maraqları nəzərə alınmaqla, ölkələrin bir-birlərinin təhlükəsizliyinə xələl gətirməmək yolu ilə stabilliyin təmin edilməsi əhəmiyyətlidir.
O, Xəzər dənizinin nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynadığını əlavə edib. Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən layihələri qeyd edən X.Xələfov, həmçinin Bakı-Tbilisi-Qars dəmiryol xəttinə diqqət çəkib. Onun sözlərinə görə, bu layihələr ölkələrin iqtisadi inkiafı və rifahının artmasına təkan verəcək, enerji təhlükəsizliyinin təmininə xidmət edəcək:
"Azərbaycan tərəfi Xəzərin hüquqi statusunun müəyyənləşdirməsinə sadiqdir. Azərbaycan ölkələrin suveren hüquqlarının dəstəklənməsi çərçivəsində, qarşılıqlı əməkdaşlıq yolu ilə bütün proseslərin həyata keçirilməsinin tərəfdarıdır".
Qeyd edək ki, xüsusi işçi qrupunun iclası bu gün öz işini başa vuracaq.