Avronest PA İrəvanda ləkələndi Siyasət

Avronest PA İrəvanda ləkələndi

Elxan Süleymanov: "Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvan sessiyası zamanı qondarma erməni soyqırımına dair qəbul etdiyi qətnaməni rədd edir"

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov qurumun İrəvanda keçirilən sessiyasında qəbul olunan qərarlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
Avronest PA-nın İrəvanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü. Azərbaycan nümayəndə heyətinin haqlı olaraq iştirakdan imtina etdiyi bu sessiya Ermənistan tərəfinin planlı və düşünülmüş təxribatları ilə başladı və həmin təxribatların akkordları ilə başa çatdı.
Azərbaycan nümayəndə heyəti son illər ərzində Büro iclaslarında təkidlə Avronest PA sessiyasının Ermənistanda keçirilməsinin yolverilməz olduğunu bəyan etmişdi. Həmin bəyanatlarda Ermənistanın digər Şərq tərəfdaşı olan Azərbaycanın ərazilərini işğal altında saxlamasının ŞT proqramının və Avronest PA-nın məqsədlərinə və ruhuna zidd olduğu vurğulanmış, rəsmi İrəvanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzv olması barədə siyasi qərarlarının tamamilə ŞT platformalarının əksinə olduğu və onlarla uzlaşmadığı diqqətə çatdırılmışdı. Azərbaycan nümayəndə heyətinin bəyanatlarında həmçinin qurumun 4-cü sessiyasının qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində İrəvanda keçirilməsindən Ermənistan tərəfinin təbliğat kampaniyası kimi istifadə edəcəyinin şübə doğurmadığı və Avronest PA-nın bu kampaniyanın alətinə çevriləcəyi proqnozlaşdırılmışdı.
Doğrudan da, Ermənistan tərəfi Azərbaycan nümayəndə heyətinin İrəvana gəlməkdən imtina etməsini bəhanə edərək, sessiyanın ilk günündən təxribatlara əl atdı. Bu təxribatlardan biri də onların qondarma erməni soyqırımının tanınmasına dair qətnamə layihəsinin irəli sürülməsi oldu.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu qətnamə layihəsinin irəli sürülməsi Avronest PA-nın prosedur qaydalarının ciddi şəkildə pozulması ilə müşaiyət olunmuşdur. Belə ki, bu sənəd Avronest PA-nın sessiyasından iki həftə əvvəl Ermənistan nümayəndə heyətinin Yaşıllar və EPP qrupu ilə birlikdə gizli danışıqları zamanı hazırlanmış və Assambleya üzvlərindən gizli saxlanılmış, əvvəlcədən onlara göndərilməmiş, debatlar zamanı Avronest PA-da heç bir müzakirə aparılmamış, nümayəndələrin düzəlişlər etməsi üçün açıq elan edilməmişdir.
Digər tərəfdən, Türkiyəni "aktiv dialoqa və tədqiqatlar üçün arxivləri açmağa" çağırışı öz-özlüyündə gülünc səslənir. Belə ki, Türkiyə daim bütün səviyyəli danışıqlarda tarixi hadisələrin tarixçilər tərəfindən araşdırılmalı olduğunu, 1915-ci ildə Osmanlı dövləti ərazisində baş vermiş hadisələrin obyektiv və qərəzsiz araşdırılması üçün bütün arxivlərin açılmasını, beynəlxalq tərkibdə tədqiqatçılar qrupunun yaradılması zərurətini vurğulamış və buna hazır olduğunu bildirmişdir. Lakin Ermənistan tərəfi hər dəfə bu təklifi rədd etmişdir.
Üçüncü bir tərəfdən, qəbul edilmiş sənəddə Türkiyəyə "öz keçmişi ilə barışmaq" barədə edilən çağırış Ermənistan tərəfinin və erməni lobbisinin xəstə təxəyyülünün məhsuludur. Belə ki, Türkiyə qədim və zəngin dövlətçilik irsinə, mədəniyyətə və ənənəyə malik dövlətdir. Bu dövlətin ərazisində tarix boyu bir çox xalqlar yaşamışlar, öz dillərini, dinlərini, mədəniyyətlərini qoruyub saxlamışlar. Bəli, hər bir dövlətin tarixində faciəli səhifələr də olmuşdur. Bu mənada Türkiyə istisna deyil və Birinci dünya müharibəsi ərzində burada qanlı hadisələrin baş verməsini heç kəs inkar etmir. Bu mənada Türkiyə dəfələrlə öz keçmişinə sahib çıxdığını və onun qaranlıq səhifələrinin heç bir siyasi spekulyasiyalara yol vermədən obyektiv araşdırılması zərurətini bildirmişdir. Odur ki, Türkiyənin öz keçmişi ilə bağlı heç bir problemi yoxdur. Bu iddialar Ermənistanın, erməni lobbi təşkilatlarının, beynəlxalq təkliatlarda onlara havadarlıq edənlərin xəstə təxəyyülünün məhsulu və, nəhayət, regionla bağlı geostrateji planlar həyata keçirmək istəyən aparıcı dövlətlərin siyasi təzyiq vasitəsidir.
İkrah doğuran məqamlardan biri də, ondan ibarətdir ki, Ermənistan tərəfi ciddi prosedur pozuntuları ilə müşaiyət olunan və Assambleya üzvlərinin qəti etirazları ilə qarşılanan qətnamə layihəsini qəbul etdirmək üçün şantaja əl atmış, onları bu qətnaməni dəstəkləməyəcəyi təqdirdə Ukrayna hadisələri ilə bağlı irəli sürülmüş anti-Rusiya qətnaməsinin əleyhinə səs verəcəyi ilə təhdid etmiş və nəticədə öz istəyinə nail olmuşdur.
Qeyd edilənlər kontekstində, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvan sessiyası zamanı qondarma erməni soyqırımına dair qəbul etdiyi qətnaməni rədd edir və Avronest PA-nı ləkələyən bir sənəd olduğunu vurğulayır. Bu sənəd eyni zamanda, Avronest PA-nın Ermənistanın və ermənipərəst qüvvələrin əlində öz siyasi təxribatlarını həyata keçirmək istiqamətində alət olduğunu təsdiq etmiş oldu.
Biz dəfələrlə qurumun münaqişələri həll edən təşkilat olmadığı barədə bəyanatları ilə qarşılaşsaq da, İrəvan sessiyasında baş verən bu biabırçılıq Avronest PA-nın ikili standartlarla idarə olunan və 110 il əvvəl Azərbaycan xalqına qarşı soyqırım cinayətləri törətmiş ermənilərin guya soyqırıma məruz qalması kimi əsassız iddialara dəstək verən mənasız bir qurum olduğunu bir daha sübut etdi.
İrəvan sessiyası zamanı Ermənistan tərəfinin "at oynatdığı" bir qurum olduğu sübuta yetirilən Avronest PA özünün bəyan edilmiş məqsədlərinə və bütün tərəflərin maraqlarına xidmət edən qurum ola bilərmi və bu istiqamətdə səmərəli fəaliyyət göstərə bilərmi?
Cavab birmənalıdır: Xeyr! Belə bir qurumun öz məqsədlərinə nail olmaq üçün səmərəli fəaliyyət göstərməsi, bütün tərəflərin maraqlarını qoruyacağı şübhə doğurur və gələcəyi qaranlıqdır".