Ermənilər cəbhədə çoxsaylı itki verdi Siyasət

Ermənilər cəbhədə çoxsaylı itki verdi

Azərbaycan Müdafiə Nazirliyi: "Erməni tərəfinin itkiləri göstərilən rəqəmlərdən qat-qat artıqdır"
Martın 29-30-da ermənilər cəbhədə baş verən döyüşlər zamanı çoxlu itki veriblər.
Ermənistan mətbuatının verdiyi xəbətə görə, işğalçı ölkə son iki gündə cəbhə xəttində 7 hərbçisini itirib.
Bundan əlavə, saytlar yazır ki, erməni hərbçiləri arasında ağır nəticələri olan vərəm xəstəliyi yayılıb. Yerli əhali bildirir ki, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü batalyonunda səhra hospitalı yaradılıb. Məqsəd hərbi hissələrdə baş verən anarxiyanı gizlətmək və müdafiə naziri Seyran Ohanyanı əsgər analarının qəzəbindən qorumaqdır: "Lakin heç bir şübhə yoxdur ki, bu dəfə də bizim rəhbərliyimiz özünü kor və kar kimi göstərəcək. Təəssüf ki, Müdafiə Nazirliyinin qeyri-şəffaf işi, mülki cəmiyyət və hətta deputat korpusu tərəfindən nəzarətin olmaması bundan sonra Ermənistanda acınacaqlı, hətta biabırçı hadisələrə gətirib çıxaracaq. Azərbaycanın müdafiə naziri Zakir Həsənov verdiyi sözə əməl edir, bizim Seyran Ohanyan isə əsgər analarını ittiham edir".
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı isə Trend-in sorğusuna cavab olaraq bildirib ki, son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib.
O, qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi martın 29-30-da ermənilərlə cəbhədə döyüşlərin olduğunu təsdiq edir. Lakin erməni tərəfinin itkiləri heç də erməni mediasında bildirildiyi kimi 7 nəfər yox, daha çoxdur: "Sadəcə, hələ onların qeyri-rəsmi formada açıqladıqları budur. Yəqin ki, ermənilər hələ öz itkilərini dəqiqləşdirməklə məşğuldurlar. Konkret olaraq dünən axşam gedən döyüşlərdə erməni tərəfinin çoxlu itkiləri olub və bu itkilər göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar. Erməni ordusunda vərəmin və digər xəstəliklərin yayılmasına gəlincə, biz dəfələrlə demişik ki, erməni tərəfi həm döyüşlərdəki, həm də xəstəliklər nəticəsində olan itkilərini gizlədir. Bu barədə yayılan məlumatlar isə həqiqətdir".
Vaqif Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqına yalan danışmaqla məşğuldur. Əslində, erməni ordusunda intizamsızlıq baş alıb gedir: "Martın 22-də biz tərəfə keçən erməni hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün ona atəş açmamışdılar. Ermənistanın müdafiə naziri həmin əsgərin valideynlərini günahkar çıxarır. Valideynlər isə bildiriblər ki, hərbi hissələrdə baş verən intizamsızlıq nizamnamədənkənar münasibətlərdir, özbaşınalıqlardır".