Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olacaq? Siyasət

Azərbaycan Avrasiya İqtisadi Birliyinə daxil olacaq?

Elmar Məmmədyarov: "Əgər Ermənistan öz qoşunlarını çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa ..."

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olması ehtimalını şərh edib. "Report" Rusiyanın "Rossiya-24" telekanalına istinadən xəbər verir ki, nazir Azərbaycanın hazırkı rəhbərliyinin milli maraqlara uyğun fəaliyyət göstərdiyini qeyd edib.
"AİB-də gömrük ittifaqı əsas istiqamətlərdən birini təşkil edir, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı isə bu ölkə ilə vahid gömrük ittifaqı çərçivəsində olmağa imkan vermir. Əgər Ermənistan öz qoşunlarını çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Ermənistan və Azərbaycan arasında iqtisadi münasibətlər yaranarsa, onda sabah nə baş verəcəyini heç kim deyə bilməz?!", - E.Məmmədyarov deyib.
Nazir vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin hələ öz həllini tapmamasına baxmayaraq, o, tərəflərin ümumi təmas nöqtələrini tapacağına ümid edir: "Mən nikbinliklə düşünürəm ki, bunun uzun bir proses olduğuna görə, biz hər şeyi bir dəfəyə həll edə bilməsək də, tədricən, mərhələli şəkildə münaqişənin həlli yollarını qarşılıqlı etimad əsasında tapmaq üçün ortaq məxrəcə gələ biləcəyik".
Azərbaycan və Rusiya münasibətlərindən danışan E.Məmmədyarov qeyd edib ki, bu münasibətlər çox yüksək səviyyədədir və həm siyasi, həm də iqtisadi, eləcə də humanitar sahələri əhatə edir.
Elmar Məmmədyarov Riga sammitinin yekunlarını da şərh edib: "Şərq tərəfdaşlığı bərabərhüquqlu olmalıdır".
O qeyd edib ki, Azərbaycan Aİ ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirmək niyyətindədir və bununla bağlı Aİ rəsmilərinə strateji tərəfdaşlıq haqqında saziş layihəsini təqdim edib.
Nazir Azərbaycanın Aİ-nin 10 ölkəsi ilə ikitərəfli formatda analoji sazişlərin imzaladığını xatırladıb.
"Biz ÜTT-nin üzv olmadığımıza görə, Azərbaycanı assosiativ sazişin imzalanması qane etmir, və buna görə də Azərbaycan azad ticarət zonasından yararlana bilməz", - Məmmədyarov bildirib.
Qeyd edək ki, dünən xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfəri çərçivəsində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirib.
TASS agentliyində keçirilən görüşdə agentliyin baş direktor müavini Mixail Qusman, "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov, "Veçernya Moskva" qəzetinin baş redaktor müavini Qayaz Alimov, "Komsomolskaya pravda"nın redaktoru Andrey Baranov, "Mir" televiziyasının sədri Radik Batırşin, "Rossiya24" kanalının baş redaktor müavini Aleksandra Voronenko, "İnterfax" agentliyinin baş direktor müavini Aleksey Qorşkov və digər KİV rəhbərləri iştirak ediblər.
İşgüzar nahar yeməyi formatında keçirilən görüşdə Elmar Məmmədyarov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşlər barədə KİV rəhbərini məlumatlandırıb. Daha sonra o, sualları cavablandırıb.