İşgəncəsiz cəmiyyət Layihə

İşgəncəsiz cəmiyyət

İşgəncələrin qadağan olunması Azərbaycan milli qanunvericiliyində də öz əksini tapıb

II yazı

Araşdırmaçı İlhamə Hüseynova bildirir ki, işgəncə anlayışına hüquqi qiymət verilməsi üçün məqsədin mövcud olması vacibdir. Başqa sözlə desək, əgər məqsəd yoxdursa, onda bu cür əməlləri işgəncə kimi qiymətləndirmək çətin olur. Şəxsdən məlumat almaq məqsədilə ona işgəncə vermə dedikdə, şəxsin malik olduğu və ya malik olması ehtimal edilən hər hansı bir məlumatı (cinayət işi ilə əlaqədar, kommersiya xarakterli, şəxsi xarakterli və s.) əldə etmək üçün onun barəsində işgəncə kimi nəzərdə tutulmuş əməlin törədilməsi başa düşülməlidir. Bu zaman zərərçəkmiş şəxsin həqiqətən həmin məlumata malik olub-olmamasının, habelə həmin məlumatı verməyə borclu olmasının və ya olmamasının əməlin tövsifi üçün bir əhəmiyyəti yoxdur: "Şəxsi etirafa məcbur etmək məqsədilə ona işgəncə vermə dedikdə, şəxsin hər hansı hüquq pozuntusuna (cinayəti, inzibati xətanı, intizam xətasını və ya mülki-hüquq pozuntusundan yaranan zərəri) törətdiyini bildirməsinə nail olmaq üçün onun barəsində işgəncə kimi nəzərdə tutlmuş əməlin törədilməsi başa düşülməlidir. Bu zaman zərərçəkmiş şəxsin etirafına məcbur dildiyi hüquq pozuntusunu törədib-törətməməsinin əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə ona işgəncə vermə o halda mövcud olacaq ki, şübhəli şəxsə, təqsirləndirilən şəxsə, məhkuma və ya barəsində rəsmi olaraq cinayət təqibi başlanmamış istənilən şəxsə qarşı onu qanunvericilikdə nəzərdə tutulan cinayət-cəza sistemindən kənara çıxmaqla cəzalandırmaq məqsədi ilə işgəncə kimi nəzərdə tutulmuş əməl törədilmiş olsun.
Qorxutmaq və ya hədə-qorxu gəlmə, zərərçəkmiş şəxsi maddi və ya sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla və s. hədələmədə ifadə oluna bilər.
Məcburetmə dedikdə, prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə eksperti rəy verməyə məcbur etmə başa düşülür. Burada hədələmə dedikdə, dindirilən barəsində onun üçün hansısa xoşagəlməz və arzuolunmaz nəticələrin olacağı kimi qorxutmanın müxtəlif formaları başa düşülür. Şantaj dedikdə, dindiriləni onu ləkələyəcək hansısa əməllərin və sənədlərin elan ediləcəyi hədəsi ilə qorxutma başa düşülür".
Araşdırmaçı daha sonra bildirir ki, ləyaqəti alçaltma dedikdə, dindirilən şəxsə münasibətdə həyasız, ədəbsiz xarakterli, insanı hörmətdən salan, təhqir edən hərəkətlər etmə başa düşülür. Digər qanunsuz hərəkətlər dedikdə isə, iş üzrə müvafiq məlumatları dindiriləndən almaq məqsədilə onun barəsində edilən müxtəlif əxlaqsız və qanunazidd hərəkətlər başa düşülür: "Hər hansı ayriseçkilik dedikdə, şəxsin vətəndaşlıq, sosial, irqi, cinsi, milli, siyasi və dini mənsubiyyətinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə əsaslanan əlamətlər nəzərdə tutulur. Bu əlamətlərə görə ayrıseçkiliyin qadağan olunması bir çox konvensiyalarda öz əksini tapıb. İşgəncənin subyektləri dövlətin vəzifəli şəxsləri, dövlətin rəsmi şəxsi kimi çıxış edən başqa şəxslər ola bilər. Burada dövlətin vəzifəli şəxsi-dövlət adından çıxış edən şəxslər başa düşülməlidir. Dövlətin rəsmi şəxsi kimi çıxış edən başqa şəxslər - vəzifəli şəxs olmasa da, müəyyən nəzarət funksiyasını yerinə yetirən şəxslər başa düşülər. Digər şəxslər isə ancaq dövlətin vəzifəli şəxsləri və rəsmi şəxs kimi çıxış edən başqa şəxslərin təhriki və ya göz yumması ilə işgəncələrə yol verirsə, işgəncə cinayətinin subyektinə çevrilir".
Konvensiyaya əsasən ağrı və əzablar qanuni sanksiya nəticəsində yaranırsa (məsələn, məhkəmə tərəfindən azadlıqdan məhrumetmə) və ya qanuni sanksiyanın tətbiqi nəticəsində təsadüfən yaranarsa, o zaman işgəncə anlayışı ilə əhatə olunmur: "Nəzərə almaq lazımdır ki, qanuni sanksiya işgəncə həddinə çatmamalıdır. İşgəncə, döymə, təhqir, məişət zorakılığı, ailədaxili zorakılıq, şərəf və ləyaqəti alçaldan hərəkətlərə demək olar ki, dünyanın hər yerində rast gəlinir.. İşgəncə ilə bağlı Beynəlxalq Konvensiyalarda bu Konvensiyaya qoşulmuş dövlətlərin üzərinə çox ciddi öhdəliklər qoyulub. Beynəlxalq aktlarda yaşama hüququnun məhdudlaşdırılması nəzərdə tutulsa da, (müharibə zamanı qarşı tərəfin döyüşçüsünün öldürülməsi) işgəncə istər müharibə zamanı, istər sülh dövründə şərtsiz olaraq qadağan olunub. Həm Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının, həm də insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərinə görə dövlətlərin qarşısına aşagıdakı tələblər qoyulub:
1. Səlahiyyətli orqanlar işgəncə ehtimalı varsa, bunu araşdırmalı və müvafiq tədbirlər görməlidirlər;
2. İşgəncəyə məruz qalan şəxsin şikayət hüququ vardır və həmin şikayət dərhal təmin olunmalıdır;
3. Şəxs işgəncə nəticəsində ölərsə kompensasiya verilməlidir.
İşgəncələr müasir dünya dövlətlərinin demək olar ki, hamısında qadağan edilmişdir. Bu da öz əksini konstitusiya və qanunlarda tapıb.
Rusiya Federasiyasında 1993-cü il tarixli Konstitusiyanın 21-ci maddəsi işgəncəni birbaşa qadağan edir:
1. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç nə onun məhdudlaşdırılmasına əsas ola bilməz.
2. Heç kəs işgəncələrə, zorakılığa, digər qəddar və ya insan ləyaqətini alçaldan davranışa və cəzaya məruz qalmamalıdır. Heç kəs könüllü razılığı olmadan tibbi, elmi və ya digər təcrübələrə məruz qala bilməz.
2001-ci ildən sonra beynəlxalq ictimaiyyətin diqqəti terror fəaliyyətində şübhəli bilinən xaricilər üçün ABŞ-ın məxfi həbsxanalarında MKİ-nin əməkdaşları tərəfindən istifadə edilən qəddar dindirmə metodlarına yönəlib. 2005-ci ildə ABŞ-da tutulan şəxslərlə davranış haqqında xüsusi qanun qəbul edilib. ABŞ prezidenti Barak Obama 22 yanvar 2009-cu ildə işgəncə verməklə dindirmənin qadagan olunması haqqında fərman imzalayıb.
Hazırda işgəncənin tətbiqi demək olar ki, bütün ölkələrdə cinayət kimi cəzalandırılır. Son illərdə işgəncə ilə mübarizənin güclənməsi müşahidə olunur. Bəzi ölkələrdə işgəncə faktının özünün mövcud olması (nəticələrdən asılı olmayaraq) təqsirkar üçün izin müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur: Kanada -14 il, Fransa -15 il, Argentina - 25 il, Qvatemala - 30 il.
İşgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsi (İQK) Avropa Şurasının 1987-ci il "İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası" əsasında yaradılıb. İQK-nın fəliyyəti Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsaslanır. İQK istintaq aparan qurum deyil, mühakimə funksiyası olmayan preventiv mexanizmdir. Bu Komitənin məqsədi azadlıqdan məhrum edilmiş adamlara münasibəti gəlib yoxlayaraq, ehtiyac olduqda, işgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərindən belə şəxslərin qorunmasını gücləndirməkdir.
İQK baş çəkmələri zamanı Konvensiyanın verdiyi geniş hüquqlardan istifadə edir: Dövlətə məxsus olan əraziyə daxil olmaq və məhdudiyyətsiz səyahət etmək; azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı istənilən yerə məhdudiyyətsiz olaraq daxil olmaq, həmçinin belə yerlərin daxilində məhdudiyyətsiz hərəkət etmək; azadlıqdan məhrum edilmiş şəxslərin saxlandığı yerlər haqqında tam məlumat əldə etmək, həmçinin Komitənin tapşırığını yerinə yetirmək üçün ona lazım olan dövlətin səlahiyyətindəki digər məlumatları toplamaq hüququ. Komitənin həm də, azadlıqdan məhrum edilmiş şəxslərlə təkbətək sorğu aparmaq və sərbəst olaraq istənilən inanıla bilən adamla əlaqə yaratmaq hüququ var.
İQK-nın mandatı genişlənərək, həbsxanalar və polis məntəqələrindən başqa digər yerlərə də getməyə imkan verir. Psixiatrik müəssisələrə, hərbi kazarmalardakı müvəqqəti həbsdə saxlama yerlərinə, sığınacaq axtaranlara və ya digər kateqoriyadan olan əcnəbilər üçün saxlama mərkəzlərinə və inzibati orqanların əmrinə və ya məhkəmə orqanlarının qərarlarına görə azadlıqdam məhrum edilmiş azyaşlıların saxlandığı yerlərə gedə bilərlər. Hər bir başçəkmədən sonra İQK məruzə tərtib edir və orada əldə etdiyi məlumatları və nəticələri şərh edir.
Son illər ərzində Azərbaycan bir cox beynəlxalq konvensiyalara, BMT-nin işgəncələrə və digər qəddar, yaxud ləyaqəti alcaldan rəftar və cəza növlərinə qarşı Konvensiya və onun Fakultativ Protokolu, işəncə və qeyri-insani, ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Avropa Konvensiyası, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulub, işgəncələrin qarşısını almaq ücün müxtəlif tədbirlər həyata kecirib. Bu konvensiyalarin həyata kecirilməsi ilə baglı Azərbaycan Prezidenti tərəfindən bir sıra sərəncam və fərmanlar imzalanıb.
İşgəncələrin qadağan olunması Azərbaycan qanunvericiliyində də öz əksini tapıb. Belə ki, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. 25-ci maddədə isə dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi öz əksini tapıb. Bununla yanaşı 31-ci maddə ilə hər kəsin təhlükəsiz yaşamaq hüququna təminat verilir. Maddə 46-da göstərilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç kəs ləyaqətini alçaldan rəftar və cəzaya məruz qala bilməz. Özünün razılığı olmadan heç kəsin üzərində tibbi, elmi, başqa təcrübələr aparıla bilməz. Hər kəsin fikir və söz azadlığı var (maddə 47)".

Uğur