Dağlıq Qarabağ problemi və QHT-lər Layihə

Dağlıq Qarabağ problemi və QHT-lər

"Azərbaycan həqiqətləri ilə bağlı xarici dillərdə keyfiyyətli internet resurslarının sayı daha da çoxaldılmalıdır"
"Bu gün Dağlıq Qarabağla bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində dövlətlə yanaşı qeyri-hökumət təşkilatları (QHT-lər) da xüsusi fəallıq göstərirlər. Qeyd edək ki, son illərə kimi ölkə QHT-lərinin əsas donorları olan beynəlxalq təşkilatlar və fondlar bu istiqamətdə olan layihələrə maraq göstərmir, onlara maliyyə vəsaiti ayırmaqdan yayınırdılar. Amma Azərbaycan dövlətinin maliyyə imkanlarının artması və QHT-lərə xüsusi dəstəyin göstərilməsi Dağlıq Qarabağla bağlı layihələrin reallaşmasına səbəb oldu. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondu yaradıldıqdan sonra isə QHT-lər bu sahədə daha sistemli və səmərəli işləməyə başladılar. Günümüzdə bu məqsədlə respublikamızda və dünyanın müxtəlif ölkələrində Qarabağ həqiqətlərinin tanıdılması üçün müxtəlif silsilə tədbirlər, sosial aksiyalar, rəsm müsabiqələri keçirilir, filmlər nümayiş olunur,xarici ölkələrin nüfuzlu media orqanlarında Azərbaycan həqiqətləri çap olunur". Bunu ekspert Elməddin Hacılı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin QHT-lərə dəstək verəcəyi prioritet istiqamətləri də önündə Dağlıq Qarabağ məsələsi və Azərbaycan gerçəkliyinin dünya ictimaiyyətinə çatdırılması durur:"Bu günə qədər milli donorların maliyyə dəstəyi ilə QHT-lər tərəfindən Qarabağ məsələsinə həsr olunmuş yüzlərlə layihə həyata keçirilib və bu layihələr çərçivəsində xeyli sayda kitab, broşür, buklet çap olunub, bir neçə film çəkilib, onlarla sayt hazırlanıb. Bundan əlavə bir çox beynəlxalq tədbirlərdə, forumlarda QHT-lərin iştirakı təmin olunub və QHT-lər də öz növbəsində Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün bu forumlardan maksimum dərəcədə faydalanmağa çalışıb. Bu fəaliyyətlər hazırda da davam etdirilir və daima milli donorlar tərəfindən Dağlıq Qarabağ məsələsi yenə də prioritet mövzu olaraq saxlanılır. Məlumat üçün bildirək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqaməti üzrə çoxsaylı layihələr maliyyələşdirilib. Bu layihələr əsasən Almaniya, ABŞ, Belçika, Bolqarıstan, Rusiya və Türkiyədə həyata keçirilib. Maliyyələşən layihələr çərçivəsində 14 müxtəlif kitab, buklet, broşur və jurnal dərc edilib ki, bunlardan da 8 nəşr məhsulu xarici dillərdə buraxılıb. Qarabağ münaqişəsi və Qarabağ həqiqətlərini dünyaya çadırmaq istiqamətində 9 internet portalı hazırlanıb, yenilənib və ya xarici dilə tərcümə edilib. Bunlardan da 5 internet səhifəsi aktivdir: Bunlar www.azerbaycanli.org, www.fact-info.az, www.karabakhblog.com, www.plagiarism-az.com, www.diyarshunasliq.az saytlarıdır. Layihələr çərçivəsində 7 sənədli filim çəkilib. Materiallar əsasən 9 dildə Azərbaycan, rus, ingilis, turk, alman, fransız, yapon, bolqar və gürcü dillərində hazırlanıb".
Qeyd eək ki, QHT-lər tərəfindən sözügedən isitqamətlərdə bir sıra işlər görülsə də, artıq təbliğat vasitələrinə də yenidən baxmaq, daha çox kütləviliyə diqqət yetirmələri tövsiyyə olunur. QHT-lər bilməlidirlər ki, təbliğat materialları hansı asan və effektiv yollarla yayıla bilər. Bir çox ekspertlərin də fikirincə, bu gün Qarabağ həqiqətlərini dünya birliyinə çatdırmağın ən effektiv yolu daha çox sənədli filmlərin hazırlanmasıdır. Çünki bu filmlər qısametrajlı olsalar da, Azərbaycan həqiqətlərini daha dolğun, yığcam və təsirli şəkildə təqdim etməyə imkan verir. Bu səbəbdən də QHT-lər gələcək planlarında və layihələrində film yaradıcılığına daha çox yer verməsi arzu edilir. Bununla yanaşı, digər təbliğat formaları, qarşılıqlı səfərlər, görüşlər, beynəlxalq tədbirlərdə iştirak, xüsusi nəşrlərin çapı və digər bu kimi mühüm məsələlər də daim QHT-lərin diqqətində olmalıdır. Bundan əlavə son dövrlər QHT-lərin Qarabağ məsələsi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlığın indiki səviyyəsi qənaətbəxş sayıla bilməz. Çünki torpaqlarının bir hissəsi işğal edilən, Ermənistan kimi hiyləgər bir düşmənlə üz-üzə olan bir məmləkətin QHT-ləri beynəlxalq əməkdaşlıq sarıdan daha çox işlər görməlidirlər. QHT-lərə tövsiyyə olunur ki, məhz beynəlxalq təşkilatların üzvü olmağa, onların tribunasından istifadə etməyə daha çox cəhd göstərsinlər, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına üstünlük versinlər. Bu, ölkəmizi beynəlxalq arenada lazımi səviyyədə təmsil və təbliğ etmək üçün önəmli bir fürsət olardı. Azərbaycan həqiqətləri ilə bağlı xarici dillərdə keyfiyyətli internet resurslarının sayı daha da çoxaldılmalıdır. Eləcə də yerləşdirilən materialların məzmunca keyfiyyətinə və həcminə diqqət yetirmək lazımdır. Digər bir problem isə QHT nümayəndələri tərəfindən səslənir ki, özəl qurumlar Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı layihələrdə, Azərbaycanın haqq işinin dünyaya çatdırılması istiqamətində olan fəaliyyətlərdə maliyyə dəstəyinin verilməsi kimi məsələlərdə laqeydlik göstərirlər. Fikirimizcə QHT-lər də belə ümummilli məsələlərə etinasız yanaşan özəl qurumların adlarını ictimaiyyətə açıqlamalı, onlar ictimai qınaq hədəfinə çevirməlidirlər.
Təsəvvür edin, ölkədə bir milyon insan evsiz-eşiksizdir və belə mühitdə ideal vətəndaş cəmiyyətinin yaranmasından söhbət gedir. Məhz bunu nəzərə alan prezident İlham Əliyev prezidentliyinin ilk günündəcə bəyan etdi ki, ölkədəki çadır şəhərcikləri ləğv olunacaq, regionların inkişafı proqramı həyata keçiriləcək. Əslində İlham Əliyevin bu addımı həm də vətəndaş cəmiyyətinin formalaşmasına yaranan əngəlləri aradan qaldırmaq idi. Bu gün İlham Əliyevin hələ o zaman etdiklərinə görə Azərbaycanda sabit cəmiyyət formalaşıb və vətəndaş cəmiyyətinin formalaşmasına nail olmuşuq. Amma bu sahədə daha uğurlu nəticələr əldə etmək üçün Dağlıq Qarabağ problemi unudulmamalıdır və unudulmur da. Ermənistan tərəfindən atılan hər addıma dərhal reaksiya verilir və son prosesdə də bunun şahidi olduq.
Onu da bildirək ki, Qarabağla bağlı bəzən Azərbaycan QHT-ləri ilə yanaşı xarici QHT-lər də müzakirələr təşkil edirlər.
Xatırladaq ki, bu yaxınlarda Avropa Birliyi Cənubi Qafqaz münaqişələrini ekspert və QHT-lərin iştirakı ilə qapalı müzakirəyə çıxarıb. İyunun 8-10-da İstanbulda Cənubi Qafqaz münaqişələri mövzusuna həsr olunmuş toplantı keçirilib. Toplantı qapalı olduğundan, iştirakçılardan tədbir barədə məlumat yaymamaq haqda söz alınıb.
Qapalı toplantının əsas mövzusu Cənubi Qafqazın həll olunmayan münaqişələri - Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiyadakı vəziyyətin müzakirəsi olub.
Avropa Birliyi, Norveç XİN və Norveç Helsinki Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda hər üç Cənubi Qafqaz respublikasından ekspertlər, QHT rəhbərləri iştirak edib. Toplantı barədə mətbuatda və sosial şəbəkələrdə hər hansı açıqlama yoxdur, ancaq ehtimallara görə, toplantıda münaqişələrin hazırkı vəziyyəti, həlli imkanları, "xalq diplomatiyasının" durumu kimi məsələlər müzakirə olunub, ekspert rəy və tövsiyələri dinlənib.
Görünür ki, Avropa Birliyi müstəqil şəkildə Cənubi Qafqaz münaqişələrinə diqqət ayırmağa, prosesləri araşdırmağa başlayıb. Avropanın Cənubi Qafqaza müstəqil oyunçu kimi daxil olması ilə bağlı hələ ötən ildən yerli ekspertlərin rəyləri vardı. Görünür ki, hazırda regiondakı vəziyyət Avropanı hərəkətə gətirir.
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynov belə bir görüşün keçirilməsini və burada Cənubi Qafqazdaki münaqişələrin, o cümlədən Qarabağ məsələsinin müzakirəsini istisna etməyib: "Zatən zaman-zaman müxtəlif QHT-lər səviyyəsində bənzər qapalı müzakirələr aparılıb. Çox uzağa getməyək, qondarma erməni soyqırımının ildönümü ərəfəsində Türkiyədə QHT-lər səviyyəsində bir neçə dəfə görüş keçirildi. Məqsəd Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaq idi. Ancaq bu cəhdlərin heç biri nəticə vermədi. Türkiyədə müəyyən dairələr sərhədlərin açılmasını istəyir, amma hələ ki, buna nail ola bilmirlər. Avropa Birliyi səviyyəsində münaqişələrlə bağlı QHT-lərin bir araya gəlməsi heç də o demək deyil ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sürətlənəcək. Çünki dəfələrlə Avropa Birliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olması təklif olunsa da, birlik bunda maraqlı olmayıb. Fransanın həmsədr qalması ilə kifayətlənib. Deməyim odur ki, AB heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi səy ortaya qoymayıb. Yəni sözdən o tərəfə keçməyiblər. O baxımdan İstanbulda Dağlıq Qarabağla bağlı qapalı görüşün nəyisə dəyişəcəyini düşünmürəm. Çünki AB Ermənistanın işğalçılıq siyasətinə qarşı konkret mövqe sərgiləmir".
Bu və digər faktorlar onu deməyə əsas verir ki, Dağlıq Qarabağla bağlı daha sanballı layihələrin işlənməsinə ehtiyac var. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün ciddi və cəlbedici layihələr azdır. Bu istiqamətdə müxtəlif təşkilatlar fəaliyyət göstərsə də son zamanla maraqlı tədbirlərin şahidi olmuruq".

Əli