Multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər Layihə

Multikulturalizmlə bağlı həyata keçirilən tədbirlər

I yazı

Tarixən Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri ölkəmizdə özlərini olduqca güvənli hiss ediblər. Zəngin Azərbaycan mədəniyyəti, ruhu burada istisnasız olaraq birləşdirici rol oynayır, milli özünüifadə üçün geniş imkanlar açır. Son bir ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdim etdiyi xəbərlərdən bir neçəsinə diqqət yetirək: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin virtual dəyirmi masa layihəsi Beynəlxalq Tolerantlıq Gününə həsr edilib. Hər il noyabr ayının 16-sı dünyada "Beynəlxalq Tolerantlıq Günü" kimi qeyd olunur. Bu günün əsası 1995-ci il noyabrın 16-da qoyulub. O zaman UNESCO-nun 185 üzv ölkəsi "Tolerantlıq prinsiplərinin izahı" ilə bağlı sənəd qəbul edib. Hər il bu gün müxtəlif mədəniyyət və dinlərin planetimizdə birgə yaşamasının mümkünlüyü günü kimi qeyd olunur.
Virtual dəyirmi masada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tolerantlığın önəmi, tolerant ideyaların aktuallığı və ölkəmizdə multikulturalizmin ənənələri mövzularına yer ayrılıb. Virtual dəyirmi masada bu sahə üzrə ixtisaslaşmış 12 beynəlxalq və yerli ekspert iştirak edib".
Başqa bir xəbərdə isə bildirilir: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası" mövzusunda I Virtual Dəyirmi masa materiallarının kitabçasını nəşr edib. Kitabça Azərbaycan, rus və ingilis dillərində çap olunub, ön və son səhifələrində dünya dinlərinin simvolları əks olunub. Virtual Dəyirmi masa ötən ilin oktyabr ayında düzənlənən IV Bakı Beynəlxalq Humanitar Forumu ərəfəsində Azərbaycan Respublikası millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti tərəfindən təşkil edilib. Dəyirmi masanın iştirakçıları AMEA-nın həqiqi üzvü, millətlərarası, multikulturalizm və dini məslələr üzrə dövlət müşaviri Kamal Abdullayev, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Paraiba Dövlət Universitetinin professoru (Braziliya) Sudha Svarnakar, Romualdo Del Bianko Fondunun prezidenti (İtaliya), memar Paolo Del Bianko, Ural Federal Universitetinin İctimai və Siyasi Elmlər İnstitutunun Avropa tədqiqatlatrı kafedrasının müdiri, professor Aleksandr Nesterov, Ostvald fon-Volkenştayn- Qezelşaft Fondunun Prezidenti (Almaniya), professor Ziqlinde Hartman, beynəlxalq münasibətlər üzrə ekspert (İsrail) Arye Qut, politoloq və naşir (İtaliya) Sandro Tetti, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov olub. Kitabçada virtual dəyirmi masa iştirakçılarının mövzu ətrafında apardıqları geniş fikir mübadiləsi öz əksini tapıb. Dəyərli mütəxəssislər Azərbaycanın multikultural bir cəmiyyət olduğunu və multikulturalizmin azərbaycanlıların həyat tərzinə çevrildiyini vurğulayıblar.
Kitabçada AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayevin rəyləri yer alıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icracı direktoru, professor Azad Məmmədovun fikrincə, kitabça "Azərbaycan multikulturalizmi" fənninin tədrisində dərs vəsaiti kimi istifadə edilə bilər".
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Bəstəkarlar İttifaqının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Şəki şəhəri İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə ötən il iyulun 1-dən 5-dək VI Şəki "İpək yolu" beynəlxalq musiqi festivalının keçirilməsi ilə bağlı xəbər də diqqəti çəkir: "Festivalın 3-cü və 4-cü günləri Multikulturalizm Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə Azərbaycanda yaşayan etnik qrupların - ləzgilərin, tatarların, tatların, ahısqa türklərinin, kürdlərin, ingiloyların, talışların, rus mədəniyyət mərkəzinin, avarların, udinlərin, saxurların numayəndələrinin iştirakı ilə "Yuxarı Karvansaray" mehmanxana kompleksində tamaşaçılara xor, mahnı və rəqs kollektivlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub. Konsert proqramı çərçivəsində etnik qrupların nümayəndələri millətimizin dünyaca məşhur olan əfsanəvi bəstəkar-müğənniləri Rəşid Behbudovun və Müslüm Maqomayevin "Azərbaycan" mahnısını birlikdə ifa ediblər.
Ölkəmizdə yaşayan etnik qrupların kollektivlərinin çıxışları Şəki "İpək yolu" beynəlxalq musiqi festivalının repertuarına ilk dəfə olaraq ötən il daxil edilib. Tədbirdəki çıxışlarda qeyd olunub ki, müxtəlif etnik qrupların əsrlər boyu mədəni irslərinin qorunub saxlanması Azərbaycanda tolerantlığın və multikultiralizmin hər zaman olduğu kimi bu gün də Azərbaycan dövləti tərəfindən inkişaf etdirilməsinin bariz ğöstəricisidir. Konsertin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə "İpək yolu" festivalının simvolu təqdim olunub".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Quba rayonundakı 2 nömrəli liseydə "Multikulturalizm və vətənpərvərlik" mövzusunda növbəti "dəyirmi masa" keçirilməsi haqqında xəbərdə deyilir: "Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin təhsil şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri, liseyin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Layihə rəhbəri Rəvan Həsənov çıxışında Azərbaycan multikulturalizminin siyasi-hüquqi, elmi-fəlsəfi və ədəbi-bədii qaynaqları haqqında məlumat verib. Bildirilib ki, "Azərbaycan multikulturalizmi" fənni dünyanın nüfuzlu ali təhsil ocaqlarında tədris olunur. Həmin fənni dinləyən xarici gənclərlə regionlarımızdakı gənclər arasında dostluq əlaqələrinin yaranması məqsədilə ölkəmizin müxtəlif bölgələrində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən mütəmadi olaraq yay və qış məktəbləri keçirilir. Rayon təhsil şöbəsinin müdir müavini Pərviz Nurməmmədov Qubanın etnik tərkib baxımından Azərbaycanın zəngin bölgələrindən biri olduğunu vurğulayıb, bu cür tədbirlərin gənclərin və rayon ictimaiyyətinin maariflənməsi üçün böyük önəm kəsb etdiyini söyləyib".
Yanvarın 12-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun, Bilik Fondunun və Türkiyənin Yunis Əmrə İnstitutunun nümayəndələrinin iştirakı ilə görüş keçirilib: "Tədbiri giriş sözü ilə Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov açıb. Ardından Türkiyənin ölkəmizdəki səfirliyinin müstəşarı Makbulə Qoçaq tədbir iştirakçılarını salamlayıb. Ölkəmizdə olduğundan məmnunluğunu bildirən Makbulə Qoçaq qarşıda duran məsələlərdən söz açıb. Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət müşaviri Murad Qaraçanta da öz növbəsində tədbirə dəvət olunmasından məmnunluq duyduğunu bildirib. Yunis Əmrə İnstitutunun müdiri İbrahim İldırım iştirakçıları salamlayaraq rəhbərlik etdiyi qurum haqqında qısa məlumat verib, qarşıda duran məsələlərdən və Yunis Əmrə İnstitutunun il boyu keçirəcəyi tədbirlər barədə toplantı iştirakçılarını bilgiləndirib. Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov da öz növbəsində mərasim iştirakçılarına fond haqqında məlumat verərək bu günə qədər görülmüş və gələcəkdə görüləcək işlər barədə söz açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun direktoru Oktay Səmədov da qonaqları salamlayıb. Yunis Əmrə Fondunun ölkəmizdə keçirəcəyi tədbirlərdə onlara dəstək verə biləcəklərini vurğulayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparat rəhbəri Aytən Qəhrəman qonaqları salamlayaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ilin "Multikulturalizm ili" elan olunması haqqında sərəncam imzaladığını onların nəzərinə çatdırıb. Aparat rəhbəri onu da vurğulayıb ki, bu sərəncam BBMM-lə Yunus Əmrə İnstitutunun gələcək əməkdaşlıqları üçün geniş perespektivlər vəd edir.
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev qonaqlara rəhbərlik etdiyi universitet haqqında məlumat verib, Türkiyə-Azərbaycan arasındakı tarix boyu davam edən dostluq əlaqələrinin önəmindən söz açıb. Rektor universitetin tərkibində yaradılan Türkiyə Araşdırmalar Mərkəzinin bu günə qədər gördüyü işləri qonaqların nəzərinə çatdırıb, Yunis Əmrə Fondunun həyata keçirəcəyi tədbirlərdə onlara dəstək verməyə hazır olduqlarını qeyd edib. Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdulla tədbirdə Türkiyəni təmsil edən nümayəndə heyətini qəbul edərək fikir mübadiləsi aparıb".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təqdim etdiyi daha bir xəbərdə isə bildirilir: "Yanvarın 14-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 2016-cı ilin iş planının təsdiqi ilə bağlı iclas keçirilib. İclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açıb. İclasda "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi-öyrən, araşdır, paylaş" mövzusunda Beynəlxalq Qış Məktəbinin təşkili ilə bağlı məlumat verilib: "2015-ci ilin yaz semestrindən başlayaraq Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və ölkəmizin 7 ali məktəbində "Azərbaycan multikulturalizmi" fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Bu layihə növbəti semestr İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. Xarici universitetlərin tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə görməklə tamamlayacaqlar. Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var. Onlarla təmas tələbələrin dünyagörüşünə yeni çalarlar qatacaq. Bakı və ölkəmizin səfalı guşələrindən olan Quba, Qusar və Xaçmaz şəhərlərində keçirilməsi nəzərdə tutulan Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerli və xarici tələbənin iştirakı planlaşdırılıb. Keçiriləcək Beynəlxalq qış məktəbi ilə bağlı tövsiyə və tapşırıqlarını verən dövlət müşaviri xarici tələbələrin Azərbaycana marağının məhəbbətə çevriləcəyinə ümidvar olduğunu bildirib. İclasda həmçinin il ərzində BBMM-in qarşısında duran vəzifələr və görüləcək işlərlə bağlı müzakirələr aparılıb".

Uğur