Qarabağ xanlığı Qacarların və Rusiya imperiyasının hədəfində Layihə

Qarabağ xanlığı Qacarların və Rusiya imperiyasının hədəfində

2-ci yazı
Kərim xan Zənd Urmiyanı aldığı zaman burada dustaq olan İbrahimxəlil ağanı azad etmiş, onu Qarabağa göndərmişdi. İbrahimxəlil ağa Qarabağa qayıdır və böyük qardaş olduğu üçün xan taxtının ona verilməsini tələb edir: "O, avar Ümmə xanın bacısı ilə evləndikdən sonra öz tərəfdarlarının sayını artırır və qardaşını sıxışdırmağa başlayır. Mehrəli bəy kömək üçün Kərim xan Zəndin yanına qaçır, bir müddət sonra isə o, İbrahimxəlil xanın rəqibi qubalı Fətəli xanın yanına pənah aparır. Fətəli xan Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizədə qarabağlı İbrahimxəlil xana rəqib kimi baxırdı. Məhz bu səbəbdən o, Qarabağa dəfələrlə hərbi yürüşlər etmişdi. Ən böyük yürüşlərdən biri 1783-cü ilin əvvəlində baş verdi. Rus hərbi komandanlığının Fətəli xanm yanına göndərdiyi tərcüməçi Mustafa Murtaziyev Fətəli xanı Qarabağda Ağdam qəsəbəsinin yanında tapmışdı. Onun sözlərinə görə, Şamaxı hakimləri Məhəmməd Səid və Ağası xanlar, şəkili Əbdülqədir xan, muğanlı Tale Həsən xan, Tarki hakimi Murtuza Əli, lənkəranlı Qara xan və bir neçə Dağıstan hakimi Fətəli xanm yanında idilər. Burada yalnız muzdlu döyüşçülərin sayı 13 min nəfərə çatırdı. İbrahimxəlil xan Şuşa qalasında möhkəmlənmişdi. Fətəli xan isə Şuşanı ala bilməyəcəyini düşünüb ətraf kəndləri qarət edir və xeyli əsir götürüb geri qayıdır".
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, 1785-ci ildə qubalı Fətəli xanm düşməni şamaxılı Ağası xan Mehrəli bəyi qətlə yetirdi. 1795-ci ildə Qarabağ daha qüdrətli düşmənin - Ağa Məhəmməd şah Qacarın basqınına məruz qaldı. Lakin qarabağlılar mərdliklə müqavimət göstərirdilər. Rus mayoru Manevgen Qudoviçə göndərdiyi 15 avqust 1795-ci il tarixli məlumatda qeyd edir ki, Ağa Məhəmməd xan Şuşanı mühasirədə saxlayır, lakin hər gün qaladan Qacar qoşunlarına həmlələr edilir. Qalanı 33 gün mühasirədə saxlasa da, Ağa Məhəmməd şah Şuşanı ala bilmədi və Tiflisə yollandı. Tiflisə basqın ərəfəsində Ağa Məhəmməd xan II İrakliyə ultimatum səciyyəli fərman göndərərək bildirmişdi ki, gürcülər həmişə İrana tabe olublar və İrakli də ona tabe olmalıdır. Şah əks-təqdirdə, Gürcüstana hücum edəcəyini, gürcülərin və rusların qanından Kür çayına bənzər bir çay yaradacağını söyləyirdi. O, çar II İraklinin qoşunlarını darmadağın edib Tiflisi talan etdi və geri qayıtdı.
1795-ci ildə özünü şah elan edən Ağa Məhəmməd yenidən Şuşaya hücuma hazırlaşırdı. O, bir sıra xanlardan sığınacaq istədiyi təqdirdə İbrahimxəlil xana rədd cavabı vermələrini tələb etmişdi: "1795-ci ildə Qarabağa ikinci yürüş zamanı Ağa Məhəmməd şah Şuşa qalasını mühasirəyə aldı və sonra Dövtələb adlanan meşəlikdən qalanı aramsız top atəşlərinə tutdu".
Fransız alimi Jan Küre (Gevr) İranda olmuş ingilis Robert Ker-Porterin "Gürcüstana, Ermənistana və İrana səyahət" adlı kitabına əsasən yazır: "Ağa Məhəmməd xan Qacar Şuşaya çatdıqdan sonra gördü ki, şəhər müqavimətə hazır vəziyyətdədir. O, qalanı mühasirəyə aldı. Xan topçularma dedi ki, bütün toplar qalanın bir nöqtəsini nişan alsın, mərmilərin hamısı bir nöqtəyə dəysin..." Ağa Məhəmməd şahın topçu mütəxəssisi Həmid Ulteyin rəhbərliyi ilə topçular gündüzlər Şuşa qalasının divarlarını dağıdır, şəhər sakinləri isə gecə düşən kimi onu təmir edib düzəldirdi. Şahın əmri ilə gecələr qala divarlarına yaxın böyük məşəllər yandırılırdı. Lakin onların qəhrəmancasına müqavimətinə baxmayaraq, Qacarın topları qala divarlarını dağıdırdı.
Jan Küre yazır: "İbrahimxəlil xan qala divarlarınn dağıdıldığını gördükdə qalada olan əhalinin şəhəri tərk etməsinə izin vermiş, gecə döyüşçülərindən ən qoçaq 200 nəfər götürüb qaladan çıxaraq, düşmənin arxasına keçmişdi. Daha sonra o, "Molla Nəsrəddin qapısı" istiqamətindən şəhəri atəşə tutan topçuların üzərinə arxadan hücum edərək tezliklə bütün topçu dəstəsini dağıtdı. Qarabağ hakimi geri qayıtmaq istədikdə yolların bağlandığını gördü. Yalnız şimal tərəfdə, yəni Topxananın arxasındakı yol İbrahimxəlil xanın üzünə açıq idi. Qarabağ hakimi özünün səhv etdiyini anladı, şəhərin müdafiəsinin başçısı kimi qalanı tərk etdiyinə təəssüfləndi".
İbrahimxəlil xan Şuşanı tərk etdikdən sonra başsız qalmış qala təslim oldu: "Bır neçə gündən sonra Ağa Məhəmməd şah saray sui-qəsdi nəticəsində Şuşada öldürüldü. Onun qoşunu pərən-pərən olub geriyə qayıtdı. Tarixçi Əhməd bəy Cavanşirin yazdığına görə, Ağa Məhəmməd şaha qarşı təşkil olmuş qəsddə şərablı Sadiq xan Şəqqaqinin əli varmış. Deyilənə görə, onun qohumu - İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir də bu qəsddən xəbərdar imiş. Şuşada İbrahimxəlil xanın kiçik qardaşı Mehrəli bəyin oğlu - "igidliyi və şücaəti ilə məşhur" Məhəmməd bəy müvəqqəti olaraq hakimiyyəti ələ keçirdi. Əhməd bəy Cavanşir öz babasının bu hərəkətinə bəraət qazandıraraq yazırdı ki, "xalqı hədsiz tələbləri ilə taqətdən salan İbrahimxəlil xanm dövranı keçmiş, yollar ayrıcmda olan bir məmləkəti idarə etmək üçün daha bacarıqlı bir hakim lazım idi".
Məhəmməd bəy şahın kəsilmiş başmı öz məktubu ilə birlikdə əmisi İbrahimxəlil xana göndərdi. Qarabağa qayıdarsa, qardaşı oğlunun müqaviməti ilə üzləşəcəyini yəqin edən İbrahimxəlil xan üç ay Balakəndə qaldı, sonra öz tərəfdarları ilə birlikdə Qarabağa tərəf hərəkət etdi. O, özündən irəlidə oğlu Mehdiqulu ağanı bir neçə bəylə Şuşaya göndərdi. Məhəmməd bəy üzdə əmisinə sədaqətdən danışsa da, hakimiyyəti əldən vermək istəmirdi. Buna görə də Mehdiqulu ağa məktub göndərib atasını həqiqi vəziyyətdən xəbərdar etdi, özü də qaladakı tərəfdarlarını səfərbər etməyə başladı.
İbrahimxəlil xan təcili olaraq böyük oğlu Məhəmmədhəsən ağanı dağıstanlılardan ibarət 500 nəfərlik qoşunla Qarabağa yola saldı. Bundan xəbər tutan Məhəmməd bəy Qarabağ ellərini Araz ətrafına köçürmək və mübarizəni davam etdirmək istədi. Məhəmmədhəsən ağa Kirs dağındakı qalanın üç verstliyində Məhəmməd bəyə çatdı. Elatlar onun tərəfinə keçdilər. Yalqız qalmış Məhəmməd bəy Məhəmmədhəsən ağanın yanına gəlib peşmançılığını bildirdi. Bundan sonra Mehdiqulu ağa Məhəmməd bəyin Şuşadakı tərəfdarlarını qətlə yetirdi. İbrahimxəlil xan Şuşaya daxil oldu.
Xanla qardaşı oğlu arasında etimadsızlıq davam edirdi. Şəkidə hakimiyyəti müvəqqəti ələ keçirmiş kor Məhəmmədhəsən xan Məhəmməd bəyi öz yanına dəvət etdi, lakin o, Şəkiyə gəldikdə var-dövləti əlindən alınıb həbs edildi. Məhəmməd bəylə qan düşməni olan şamaxılı Mustafa xan (vaxtilə Mustafa xanm atası Ağası xan Məhəmməd bəyin atası Mehralı bəyi qətlə yetirmiş, Məhəmməd bəy də intiqam alaraq Ağası xanı və bir oğlunu öldürmüşdü) Məhəmmədhəsən xandan Məhəmməd bəyi istədi. Mustafa xan Məhəmməd bəyi öldürtdü.
İbrahimxəlil xan artıq qocalmışdı, o sarayda baş verən hadisələrə tam nəzarət edə bilmirdi. Sarayda isə hakimiyyət uğrunda iki qruplaşma arasında mübarizə gedirdi. Qruplardan biri rusların yenidən Cənubi Qafqaza gələcəklərini gözləyərək heç bir vəchlə Qacarlara tabe olmaq istəmirdi. Mirzəlibəy, Feyzibəy və başqalarının daxil olduğu digər qrup isə Qacarları hər vasitə ilə razı salmağa çalışırdı. Sonda məhz bu qrup üstünlük əldə etdi, Fətəli şah Qacarın iradəsi yerinə yetirildi: Ağa Məhəmməd şaha qarşı sui-qəsdin iştirakçılarından biri olan pişxidmət Səfərəlini Şəki xanından alıb at kimi nallamaqla cəzalandırdılar. Şahın tikə-tikə olmuş nəşini isə zərli parçalara bükərək Tehrana göndərdilər. Bir müddətdən sonra İbrahimxəlil xanın oğlu Əbülfət xan Qacar sarayına girov göndərildi, qızı Agabəyim ağa isə Fətəli şaha ərə verildi.
1803-cü ildən Rusiya Azərbaycan torpaqlarının işğalına başlamışdı: "Həmin ilin yayından Car-Balakən camaatı tabe edilmiş, 1804-cü il yanvarm 2-də isə Gəncə qalası həmlə ilə alınmışdı. Rus qoşunlarının komandanı general Sisianov İbrahim-xəlil xandan Kürəkçay yaxınlığındakı düşərgəsinə gəlib Rusiya təbəəliyinə keçmək haqqında andlı müqaviləni qəbul etməyi tələb etdi. Müasir silahlarla təchiz edilmiş rus ordusuna müqavimət göstərməyi qeyri-mümkün hesab edən və gəncəli Cavad xanın aqibətini yaşamaq istəməyən İbrahimxəlil xan bu ultimatumla razılaşdı.
1805-ci il mayın 14-də (26-da) Gəncə şəhərinin 20 verstliyində, Kürəkçay sahilində general Sisianovla İbrahimxəlil xan arasında bağlanmış müqaviləyə görə, xan rus imperatorundan vassal asılılığını qəbul etdi. Xanın səlahiyyətləri xeyli məhdudlaşdırıldı. Müqaviləyə əsasən, xan qonşu hakimlərlə heç bir əlaqəyə girməməli, daxil olan məktubların əhəmiyyətlilərini Rusiyanın Qafqazdakı baş komandanma göndərməli idi. Şuşa qalasında 500 nəfərlik rus qoşunu yerləşdirilir, xan sədaqət əlaməti olaraq böyük oğlunun ikinci oğlunu həmişəlik Tiflisdə yaşamaq üçün girov verməli idi. Bunun qarşılığında rus dövləti vəd edirdi ki, xanın mülkü toxunulmaz qalır, xanlığın idarəsi irsi, böyüklüyə görə nəsildən-nəslə keçir və rus çarı bunu təsdiq edir; məhkəmə işləri üzrə cəza vermək və vergi toplamaq hüququ xanın səlahiyyətində qalırdı. Bundan başqa, müqaviləyə görə, xanın böyük oğlu Məhəmmədhəsən ağa vəliəhd təyin edilmişdi. Tiflisdə girov qalmalı olan da məhz Məhəmmədhəsən ağanın ikinci oğlu idi. İbrahimxəlil xana general-leytenant, Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya general-mayor, Xanlar ağaya isə polkovnik rütbələri verildi".
Kürəkçay müqaviləsindən az sonra Məhəmmədhəsən ağa xəstələnib vəfat etdi. Mirzə Camal yazır: "... Ürəkdə rus dövlətinə itaət etməyə razı olmayan bir dəstə adam Məhəmmədhəsən ağanın vəfatından, Mehdiqulu ağanın vilayətdən uzaqlaşmasından, mərhum İbrahimxəlil xanın xəstəliyi, yaşının çoxluğu və qüvvəsinin azlığından istifadə edərək müqavilə və əhdnamənin əksinə olan işlər görməyə başladılar". General Sisianov Mehdiqulu ağanı təcili Şuşaya göndərdi. 1806-cı ilin yazında İran qoşunu yenidən Qarabağa hərbi yürüş etdi. İranlılar gizlicə İbrahimxəlil xanın yanma adamlar göndərib onu öz tərəflərinə çəkməyə cəhd göstərdilər. Bu zaman Qarabağda rusların hərbi qüvvəsi çox az idi. Mayor Lisaneviçin başçılıq etdiyi yeger dəstəsindən başqa bir qüvvə yox idi. Qarabağ elləri və kəndləri ayaq altında qalmasın deyə İbrahimxəlil xan manevr etməyə, iranlılarla xoş rəftar etməyə başladı. Bu, mayor Lisaneviçi şübhəyə saldı və bir dəstə qoşunla İbrahimxəlil xanın yaşadığı mənzilə getdi. İbrahimxəlil xan bir neçə nəfər əhli-əyalı və yaxın adamı ilə orada öldürüldü".

Elçin Qaliboğlu