“Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq” Layihə

“Azərbaycan torpaqlarının işğalı ilə barışmayacaq”

Dağlıq Qarabağ problemi keçmiş SSRİ məkanının ən köhnə münaqişəsidir. O, 30 ildən çoxdur ki, davam edir. Ötən dövrdə problemin həlli üçün çoxsaylı vasitəçilik təşəbbüsü və danışıqlar formatları olub. Bu yaxınlarda isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk “söz savaşı” baş tutub.
Debatların danışıqları irəli aparmağa imkan verib-verməyəcəyini gələcək göstərəcək. Lakin artıq ilk təcrübə həm liderlərin şəxsi potensialını, həm də tərəflərin mövqeyinin möhkəmliyini qiymətləndirməyə imkan verir. Bu məsələdə ekspertlərin fikri üst-üstə düşür: debatda qələbəni, sözsüz ki, Azərbaycan prezidenti İlham Əliyev qazanıb. Üstəlik, tək Bakıda yox, Yerevanda və “üçüncü ölkələr”də də bu fikirdədirlər.
Amma burada başqa məqamlar da var. Tutaq ki, bir dövlət başçısının ingilis dilində səlist danışması, kamera qarşısında duruş və ya çıxış zamanı jestlərdən məharətlə istifadə etməsi əsas məsələ deyil. Axı Münxen debatı xeyli sayda başqa məqamı da üzə çıxarıb.
WorldMedia yazır ki, politoloq Fuad Axundov Moskva-Baku.ru-da (Rusiya) münaqişə ilə bağlı yazı dərc edib.
Müəllifin fikrincə, ilk növbədə məlum olub ki, Nikol Paşinyanın nə siyasi təcrübəsi, nə də bəzi incə məsələlərdən anlayışı var. Məsələn, o, bilmir ki, ölkə lideri nəyə istinad etməli, nəyə etməməlidir. Təbii ki, Paşinyanın Böyük Tiqrana, Arşakilərə, Baqratilərə istinadları kimi, “o illərdə Cənubi Qafqazda və ümumiyyətlə, dünyada Azərbaycan adlı ölkə olmayıb” sözləri də dinləyicilərə baş nazirin gözlədiyi təsiri bağışlamayıb. Bu yerdə xatırlatmaq lazımdır ki, tarixi istinadların bir dərinlik həddi də var. Məsələn, Paşinyanın bəhs etdiyi illərdə nə Münxen konfransının keçirildiyi Almaniya adlı ölkə, nə də Amerika Birləşmiş Ştatları var idi. Üstəlik, Böyük Tiqranın dövləti nə indiki Ermənistanın, nə də Dağlıq Qarabağın yerləşdiyi ərazidə olub. Amma məsələ heç bunda da deyil.
İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini xatırlatmasına cavabında Nikol Paşinyan həmin qətnamələrdən sitat gətirməyə çalışıb. Amma necə? ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirovun “Vikipediya”dakı söhbətlərinə istinadla. (!)
Razılaşın ki, çox sürrealist bir mənzərə yaranır: münaqişə tərəflərindən birinin lideri uzun illər davam edən danışıqlar prosesinə qoşulur, BMT TŞ-nin qətnamələrinə istinad edir, lakin sən demə, onun həmin qətnamələr haqda təsəvvürü sənədlərin özündən yox, yalnız “Vikipediya”da oxuduqları əsasında formalaşıb.
Paşinyan sənədi belə şərh edir: “884 saylı qətnaməyə baxsaq görərik ki, orada Azərbaycanın atəşkəs rejimini pozduğu və bunun nəticəsində öz torpaqlarını itirdiyi yazılıb. İlk növbədə, Azərbaycan özü TŞ qətnamələrinin şərtlərinə əməl etməyib. Bunu bəyan etmək çox vacibdir”.
Lakin sayca dördüncü olan 884 nömrəli qətnamədə Azərbaycanın guya atəşkəs çağırışına əməl etmədiyi haqda bir kəlmə belə, yoxdur. Sənəddə yalnız sərhədlərə və ərazi bütövlüyünə hörmətdən, Azərbaycanın Kəlbəcər rayonu və ondan əvvəl işğal olunmuş digər bölgələrindən (ondan əvvəl 822, 853 və 874 saylı qətnamələr də qəbul edilib) işğalçı qüvvələrin çıxarılmasından bəhs edilir.
Nəhayət, ən vacibi. Erməni ictimaiyyəti debatlarda prezident Əliyevin qalib gəldiyini etiraf etsə də, eyni zamanda əmindir ki, dikussiyanı udmaq da mümkün idi. Sadəcə bunun üçün polemikanı daha hazırlıqlı adam aparmalı idi.
Təəssüf ki, Ermənistanda bir məqamı hələ də anlamırlar: onlar tərəfindən bu polemikanı hətta dünyanın ən yüksək İQ-ya malik insanı aparsa belə, dünya ictimaiyyətini aldatmaq, onu Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin olmadığına, baş verənlərin isə işğal deyil, hansısa bir lirik, sülhpərvər hal olduğuna inandırmaq mümkün deyil. Buna otuz ildən çoxdur ki, nail ola bilməyiblər və dünya ictimaiyyəti əvvəlki kimi, Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edir.
Münxendə keçirilmiş Qarabağ debatı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın özü də etiraf edib ki, onun oğlu Aşot Dağlıq Qarabağda, yəni Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətdədir.
Xatırladaq ki, dünya ictimaiyyəti Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi sayıb və saymaqdadır. Bakı hesab edir ki, bu torpaqları Ermənistan işğal edib və Yerevandan olan çağırışçıların Dağlıq Qarabağda xidmət etməsi burada söhbətin Ermənistanın təcavüzündən və işğal faktından getdiyini açıq-aydın göstərir. Yerevanda isə əmin edirlər ki, Qarabağı heç kəs tanımasa da, o “öz müqəddəratını təyin etmiş müstəqil dövlətdir”, onun “özünümüdafiə ordusu” var və Nikol Paşinyanın da ucadan bəyan etdiyi kimi, orada “Ermənistan ordusu yoxdur”.
Belədirsə, erməni liderin oğlu orada hansı statusda xidmət edir? Əgər Qarabağda həqiqətən, Nikol Paşinyanın dediyi kimi, Ermənistan Respublikasının silahlı qüvvələri yoxdursa, öz ölkəsinin ordusunda xidmət etmək əvəzinə, Dağlıq Qarabağda olan kiçik Paşinyan fərari hesab olunmalıdır. Yox, bu şəxs başqa dövlətin ordusunda xidmət edirsə, demək, muzdludur. Bu isə beynəlxalq cinayət sayılır. Bu halla mübarizəyə həsr olunmuş BMT qətnamə və bəyannamələri, Cenevrə Konvensiyasının normaları var.
Lakin kiçik Paşinyan sadəcə olaraq, çantasını toplayaraq Qarabağa “barıt iyləməyə” getməyib. O, hərbi komissarlığa gəlib, könüllü olaraq Dağlıq Qarabağa yollanmaq istəyini bəyan edib. Belə də olub. Hərbi komissarlıq isə nə muzdlu əsgər tutan şirkət, nə də turizm agentliyidir. O, dövlət qurumudur və çağırışçını yalnız öz dövlətinin silahlı qüvvələrinə yollaya bilər.
Üstəlik, hətta Ermənistan ordusu da elə strukturudur ki, onun çox sərt komandanlıq zənciri var. Əsgər ürəyi istədiyi yerə deyil, Ermənistan ordusunun hərbi qulluqçusu kimi, dövlətin onu göndərdiyi yerə yollanmalıdır.
Əlbəttə, bir ölkənin hərbçilərinin digər ölkələrin ərazisində xidmət keçməsi halları da var. Məsələn, Rusiya hərbçiləri Suriyada xidmət aparır. Moskva vurğulayır ki, onları oraya Suriya Ərəb Respublikasının rəsmi hakimiyyəti adından Bəşər Əsəd dəvət edib. Lakin bunun üçün Suriyada Rusiyanın hərbi bazası, ruslarınsa Suriya Silahlı Qüvvələrinə aidiyyatı olmayan öz komandanlığı var. Heç kəs rus əsgərini Suriyanın hərbi hissələrinə xidmət etməyə göndərmir. Üstəlik, bir ölkənin hərbi qulluqçusunun başqa ölkənin hərbi geyimini geyməsi də müharibənin aparılması qaydalarına ziddir və beynəlxalq cinayət sayılır. Rusiyanın Tacikistanda, Qırğızıstanda və Ermənistanda da hərbi bazaları fəaliyyət göstərir. Onların da öz komandanlığı, dəqiq razılaşdırılmış statusu və ərazisi var. Yaponiya və Almaniyadakı ABŞ bazaları, Kiprdəki Britaniya bazaları da bu şərtlər altında mövcuddur.
Əgər Qarabağda da belə olsaydı, onda Ermənistan ilk növbədə, Qarabağı beynəlxalq hüququn subyekti kimi tanımalı, ikincisi isə həmin subyektlə bazalar və hərbi mövcudluq barədə müqavilə bağlamalı idi. Amma bu halda belə, onun əsgərləri yerli hərbçilərdən dəqiq fərqlənməli idi. Lakin Qarabağda buna oxşar heç nə baş vermir. Ermənistandan və Qarabağdan olan çağırışçılar eyni hərbi hissələrdə xidmət edir, onlar arasında tez-tez nizamnamədən kənar insidentlərin baş verdiyi haqda məlumatlar yayılır. Yeri gəlmişkən, daha bir sual yaranır: söhbət kimin ordusunun nizamnaməsindən gedir? Axı burada ayrıca “Qarabağ” və ya “Ermənistan” hərbi hissələri yoxdur. Necə ki, ayrıca komandanlıq da mövcud deyil. Azərbaycan prezidentinin də xatırlatdığı kimi, Qarabağda olan hərbi hissələrin şəxsi heyətinin 80%-i Ermənistan vətəndaşlarından ibarətdir. Yüksək rütbəli zabitlər isə çox asanlıqla Qarabağdakı və ya əksinə, Yerevandakı rəhbər kürsülərə keçə bilir.
Prezident Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ səmasında vurduğu Ermənistan hərbi vertolyotu haqda suala da kifayət qədər məntiqli sualla cavab verib: Ermənistan ordusunun vertolyotu Azərbaycan səmasında nə gəzirmiş?
Paşinyanın iflasa uğradığı daha bir mövzu isə Qafqaz Bürosunun Qarabağ qərarı ilə bağlı olub. Baş nazir hər kəsi əmin etməyə çalışırdı ki, həmin qərarla Stalin Qarabağı Azərbaycana verib. Əslində isə hamıya məlumdur ki, əvvəla, Qafqaz Büros Qarabağın Azərbaycana verilməsi deyil, onun tərkibində SAXLANILMASI barədə qərar çıxarıb. Elə prezident İlham Əliyev də bunu deyib.
İkincisi, Stalin həmin iclasda ümumiyyətlə iştirak etməyib. Üçüncüsü, arxivlər var, sənədlər və sübutlar ortadadır.
Azərbaycan birmənalı şəkildə bəyan edir ki, torpaqlarının işğalı ilə barışmayacaq. Onun ərazi bütövlüyü bərpa olunmalı, qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ tanınmalıdır. Bu isə müharibəyə bir addım qaldığı anlamına gəlir.
Münxen debatından sonra Paşinyan Ermənistanda tənqid atəşinə tutulub. Hər kəs onu diskussiya apara bilmədiyi, öz mövqeyini qorumağı bacarmadığı, qeyri-peşəkar olduğu üçün tənqid edir. Lakin, fikrimcə, Paşinyanın Münxendəki iflasının səbəbi başqadır – sadəcə, həqiqət Azərbaycanın tərəfindədir! Erməni liderin yerinə ingilis dilini mükəmməl bilən, ən yüksək İQ-ya, fenomenal erudisiyaya malik, Taleyranın ruhunun köçdüyü diplomatiya dahisi olsaydı belə, həmin şəxsin darmadağın olması qaçılmaz idi. Müasir beynəlxalq hüquqda sərhədlərin yenidən çəkilməsinə əsas verən heç bir məqam yoxdur. Bu isə o deməkdir ki, Münxen debatının nəticələri Ermənistan vətəndaşlarını çox ciddi düşündürməlidir.
Cavid