“Zəncaninin edamı təxirə salınmalıdır” Güney Azərbaycan

“Zəncaninin edamı təxirə salınmalıdır”

İran parlamentinin deputatı Hüseyn Dehdəşti martın 6-da jurnalistlərə açıqlamasında tanınmış milyarder Babək Zəncaninin işindən və ona çıxarılan ölüm hökmündən danışıb.
Babək Zəncaninin işinin araşdırılması komitəsinin rəisi, Hüseyn Dehdəşti bildirib ki, Zəncani neft satışından əldə edilən pulları mənimsəməkdə tək olmayıb və bu işdə keçmiş hökumətdə yüksək nüfuza sahib olan bəzi rəsmilərin də əli olub: "Onlar, beytülmalı birlikdə mənimsəyiblər. Elə buna görə də hesab edirəm ki, Babək Zəncaninin edamı, keçmiş hökumətdə bu mənimsəmədə rolu olan pərdəarxası nüfuzlu şəxsləri unutduracaq və onlara qanun cəngindən yaxa qurtarmasına yardım edəcək.
Babək Zəncaninin işində əksini tapan bu böyük maliyyə fəsadın ortaya çıxmasında həmin nüfuz və qüdrət sahibi olan bəzi şəxslərin əli olub və hər şey onların planı əsasında baş verib. Məhz buna görə də düşünürəm ki, İran Məhkəmə Sistemi, Babək Zəncaninin edamını, pərdəaraxası həmin şəxslərin kimliyini etiraf edib onları ifşa etməsinə qədər təxirə salmalıdır". İran Məhkəmə Sisteminin sözçüsü, Qulamhüseyn Möhsüni Ejei martın 6-da jurnalistlərə açıqlamasında, dövlət əmlakını mənimsəməkdə günahlandırılaraq iki il əvvəl həbs edilən tanınmış milyarder Babək Zəncaninin edama məhkum edildiyini açıqlayıb.
Qeyd edək ki, Babək Zəncani, keçmiş prezident Mahmud Əhmədinejadın prezidentliyi dövründə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar zamanı, ölkə neftini gizli yollarla xarici bazarlara çıxarmaq məqsədilə işə cəlb edilib. Zəncani, İranın keçmiş ETTELAAT və iqtisadiyyat nazirlərinin, eləcə də İran Mərkəzi Bankı rəisinin tapşırığı ilə neftin ucuz qiymətə satışını bir başa üzərinə götürərək, satılan neftin pulunun böyük bir hissəsini xarici banklardakı şəxsi hesablarına yatırıb.
Bununla da Zəncani qısa müddət ərzində böyük bir milyarderə çevrilərək İranda və xarici ölkələrdə 67 iri şirkətin, onlarla təyyarə və bankın və onlarla digər obyektin sahibi olub. O, satdığı neftdən hökumətin payını ödədiyini bildirsə də, İran rejimi onu neft pullarını mənimsəməkdə günahlandırır və həmin pulların qaytarılmasını tələb edir.
Bəzi təhlilçilərin fikrincə, Babək Zəncani, mənimsədiyi pulların hamısını özünə götürməyib və o, həmin pulları hakimiyyətdəki bəzi yüksək rütbəli şəxslər və siyasi cərəyanlar arasında paylayıb. Məhkəmə prosesində neft satışından əldə edilən pulların kimlər arasında paylandığı barədə əlində çoxlu sənədin olduğunu bildirən Zəncani, həmin şəxslərin adlarını açıqlamayıb.