Yaratmaq naminə yaşamaq istər... Güney Azərbaycan

Yaratmaq naminə yaşamaq istər...

2-ci yazı

Güney Azərbaycan ədəbiyyatında inqilabi hərəkat və şah üsuli-idarəsinə qarşı mübarizə ruhu geniş yer tutur. Amma maraqlı bir cəhət də var ki, güneyli şairlər nə qədər mübariz və yenilməz olsalar da, əsərlərində təkrar-təkrar sübut etməyə çalışıblar ki, hər hansı bir rejimin dağılması heç də demokratik dəyərlərin yaradılmasına xidmət etmir. Demək, demokratik prinsiplər adı altında belə məqamda gizli görüntülər də özünü göstərir. Bu da cəmiyyətlərdə hadisələrin hansı məcrada cərəyan etdiyini görməyə mane olur. Bu üzdən güneyli qələm ustaları inqilabçı olmağı vacib şərt kimi səciyyələndirməklə yanaşı, həm də inqilabi mübarizəyə necə başlamağın yolunu da bəzən aşkar, bəzən də gizli-sətiraltı mənalarda veriblər. Əksər Güneyli şairlərin yaradıcılığında məhz bu ardıcıllıq özünü vacib məsələ kimi gündəmə gətirib. Təqdiredici haldır ki, onların bu mövzuda da şeir dili cazibədar, axıcı və rəvandır.
Poemaların mövzusundakı ürək yanğısı “Torpağımız səcdəgahımızdır!“ şüarı ilə öz təsdiqini tapır və oxucu da bu şüarla öz daxili dünyasına boylanır. Filosof Protaqorun da fikrincə, “insan - mövcud olan və mövcud olmayan bütün şeylərin ölçüsü”dür. Elə qədim yunan fəlsəfəsinin klassik mərhələsi də insana tərəf dönüşü ilə səciyyələnir. Güney şairlərinin poemalarında da insana dönüş xarakterikdir və mənəviyyat insan şəxsiyyəti ilə iki istiqamətdə - idraki proseslərə nüfuz kodeksi və məntiqi-reformativ həyat gerçəkliyi kimi təqdim edilir.
Güney ədəbiyyatında mənəviyyat başlıca meyar kimi xarakterizə edilir və cəmiyyətlərin məhz bu meyar üzərində formalaşmasının mümkünlüyü göstərilir. Yeri gəlmişkən, Böyük rus mütəfəkkiri Lev Tolstoya görə, mənəviyyatın üç ölçüsünü var: İ.Şəxsiyyətin öz “mən”inin xeyrinə xidmət edən cılız mənəviyyat; 2. “Mən”ə qarşı olan, mühitin (cəmiyyətin) ziddinə xidmət edən vəhşi mənəviyyat; 3. Bütün insanlığın xeyrinə xidmət edən ümumbəşəri mənəviyyat.
Mənəviyyatın əsasında ləyaqətlə düşünə bilmək durur. Bu prizmadan irticaçı qüvvələrin şovinist baxışlar sisteminə diqqət yetirərkən, bir daha aydın olur ki, tədqiq olunan dövrün ədəbiyyatının inkişafına güclü zərbələr vurulsa da, M.Eşqi, M.M.Etimad, M.Şəhriyar, B.Q.Səhənd, H.Sahir, H.Tərlan, K.M.Sönməz, H.M.Savalan, Ə.N.Oxtay, M.Üskülü, H.Düzgün və başqalarının poemalarında şahlıq rejimi kifayət qədər tənqid edilmiş, bu tənqid isə cəmiyyətdə yeni inqilab dalğasının kükrəməsinə zəmin yaradıb.
Dövrün ədəbiyyatında zamanın sərt aşırımlarında çətinlikdən qorxan və dərhal da ikiləşən - dəyişən insan faktoru qətiyyətlə ayrılır. Holbaxın, Helvetsinin, Lamertinin dünya, insan və idrak haqqında təsəvvürlərinin əsasını dünyanın mexaniki nəzəriyyəsi təşkil edirsə, Güney şairlərinin yaradıcılığının əsasını Vətən, ana torpaq, insanlıq, ana dili, milli mentalitet və s. kimi ali keyfiyyətlərə sədaqət hissi təşkil edir. Deməli, insan şəxsiyyətinin böyüklüyü onun gördüyü işin miqyası ilə ölçülür. Çünki məhz əqidəsinə sadiq insanlar böyük işlər görməyə qadir olur, həyatda və sənətdə dərin izlər qoyurlar. Səhəndin baxışına, yanaşmasına görə insan ana təbiəti dirildən, kainatı işıqlandıran, zülmətləri yara-yara əbədiyyət axtaran, ulu təbiətin ən maraqlı əfsanəsi, dərinliklərin sirlərinə baş vuraraq həqiqətin nişanələrini axtaran uca varlıqdır:

Demək, insan bu dünyanın,
Təbiətin sirdaşıdır.
Həqiqətin duyar könlü,
Görər gözü, yoldaşıdır.

H.M.Savalan da çağdaş Güney Azərbaycan ədəbiyyatında xüsusi yeri olan sənətkarlardandır. Onun əsərlərində inqilabi hərəkatın, siyasi mübarizənin yeni formaları sətiraltı təsvirlərlə oxucu idrakına sirayət edir. Şair poemalarında yaxşılığın - işıqlı aləmin spesifik cəhətlərini incə məqamlarla oxucuya çatdırır, insanı bir meyar, ölçü simvolu kimi səciyyələndirir. İnsan formaca dəyişən olsa da, xarakter etibarı ilə dəyişməzdir. Məhz bu dəyəri anlayan Savalan imtahan - sınaq məqamını yaşayan və bir-birinə qış-yaz münasibəti ilə baxan aşiq-məşuqun hələ səbəbi məlum olmayan ayrılığın tezliklə onların qəniminə çevriləcəyi faktının ağrı-acısını tək yox, eyni zamanda, aşiqanə hisslərin narahatlığını bir vaxtlar yaşadığından, məsələyə bələdliklə oxucu ilə bölüşmək istəyir. İnamla deyə bilərik ki, o, aşılamaq istədiyi yüksək ideyalı fikirlərin ifadəsinə nail olur. Savalan müraciət etdiyi şəxsin insan timsalında nədən belə hala düşdüyünü faktlaşdıra bilir və bu dəyişkənliyin səbəblərini aydınlaşdırmağa çalışır.
Həmid Nitqi “Təbriz” poemasında istibdad rejiminin əhalinin var-yoxunu talamasına, ölkədə haqq-ədalət hissinin unudulmasına, Azərbaycan xalqının möhtəşəm tarixinin, zəngin ana dilinin üzərinə kölgə salınmasına, milli varlığının danılmasına açıq etirazını bildirir, dilinin qadağan olunmasını belinin sınması kimi qəbul edir. Əsərdə şairin bir ziyalı kimi narahatçılığı hiss edilir və bu motiv ictimai əhəmiyyət qazanır:

Ədalət yadlardan çıxmış bir röya,
Azadlıq və həm də yaşayan Ənqa.
Müsavat məntiqə sığmaz xəyaldı,
Heç kimsə xanlardan soruşmaz hesab.
Yaşayan, bitməyən iztirab.
Tərəqqi - bir fərzi-mahaldı.
Qismətimiz kabus, ölüm, sürgün,
Qanlı istibdaddı.

Şairin “Əliboş getmə” poemasında da sevincin, qəmin üstündə köklənmiş böyük narahatlıq hiss olunur. Ölkədə şuralar qurulur, - deyən şair bulanıq suların durulacağına ürəyində böyük ümid bəsləyən xalqın işıqlı günlərin gələcəyinə göz dikdiyini vurğulayır. Sönməzin “Yeni yol” poemasında da şairin digər əsərlərindən oxucuya məlum olan narahatlıq hissinin spesifik xüsusiyyətlərini izləyə bilirik.
1945-46-cı illər milli-azadlıq hərəkatının yatırılması, inqilab fədailərinə divan tutulması H.M.Savalanın yaddaşında tarixin qanlı səhifəsi kimi yazıldığından “Ana” poemasında məhz Milli Hökumət məğlub edildikdən sonra Güneydə baş verən hadisələri, şahidi olduğu və ağrısını illər uzunu qəlbində yaşatdığı faciələrdən birini, qəhrəman ananın öz idealı uğrunda canını fəda etməsini qələmə alıb. H.M.Savalanın “Bahar bayramı” poeması da dövrünün ictimai ruhunun bədii dərkini ehtiva edir. Poemada utopik əhvali-ruhiyyə yoxdur, realizm var. Təbiilik o qədər güclüdür ki, hətta bəzi oxucular müəllifin çətin bir sosial-siyasi mühitdə azad mühitdən yazmağı və azadlıq arzulamanı yalnız həyata keçməyəcək xoş bir xəyal kimi başa düşə bilir. Şair isə həmin oxucunun fövqündə duraraq öz fikirlərində daha inamlı təsir bağışlayır. “Bahar bayramı” poemasında da vurğulandığı kimi, Savalan və qələmdaşları inanırdılar ki, ədəbiyyat milli şüurun güclənməsinə də ciddi təkan verəcək, xalqın istiqlala qovuşdurmaq arzusunu bir az da gerçəkləşdirəcək.
B.Q.Səhəndin milli-azadlıq hərəkatından bəhs edən “Xatirə” adlı mənzum əsəri həm onun ilk qələm nümunələrindən biri kimi, həm də cəsarətli olmağa çağırış baxımından çox dəyərlidir. O, burada qətiyyətlə bildirir ki, azadlıq hərəkatının qələbəsi xalqda milli şüuru qüvvətləndirməkdən, insanları Şərqin təvəkkül fəlsəfəsindən xilas etməkdən, onu hakim dairələrin milli məhrumiyyətlər pəncəsindən silkələyib çıxartmaqdan çox asılı olacaq. Fil.ü.e.d. Vüqar Əhməd yazır ki, şair ağır məhrumiyyətlərə düçar olmuş xalqının dərd-sərini, ona edilən milli zülmü “Xatirə” poemasında qabarıq şəkildə verə bilib:

İndi bizim ölkədə zülm tutub hər yanı.
Yurdumuz olub bütün dirilər qəbristanı.
Xalqımı quduz yağı dağıdır, kəsir, basır.
Hər həqq söz danışanı, öldürür, dardan asır.

“Xatirə” poeması Səhəndin böyük istedadının ilk qaranquşu idi. Bu əsərin açdığı uğur yolu onu “Sazımın sözü”nə doğru aparırdı və Güney Azərbaycanın digər vətənpərvər və maarifpərvər ziyalıları kimi o da dil və milli kimlik məsələsi uğrunda aktiv məkildə fəaliyyətini davam etdirirdi. Səhənd Firudin bəy Köçərlinin “Hər bir millətin ruhani həyat və səadəti bağlıdır onun ana dilinə. Necə ki, dili azadə dillərdə caridir, o millət baqi qalacaqdır. Bir millət nə qədər zillət və üsrətə düşsə də, nə qədər xar və zəlil olub ixtiyarını itirsə də, nə qədər aciz, zəif və məğlub olsa da, fövt olmaz, itib batmaz, beşərti ki, onun ana dili əlindən alınmaya, o dilə cəlb olunmaya, onun hürriyyət və istiqlaliyyətinə mümaniət göstərilməyə və əliuzunluq və qələbə olunmaya” fikirlərini gerçəkləşdirmək amacı ilə yaşayır, yazıb-yaradır, digər qələmdaşları kimi öz dövründə ana dilinin qorunması və yad təsirlərdən qurtulması üçün səy göstərir, əsl qəhrəmanlıq nümayiş etdirirdi...
“Kitabi-Dədə Qorqud” eposuna müraciətin də əsasında məhz bu məsələnin siyasi tərəfi durur. Bu əsərdə Səhənd təkcə dastanın on iki boyunu nəzmə çəkməklə kifayətlənməyib, ictimai-siyasi hadisələri qabartmış, mənəviyyat, ruhani kamillik məsələlərini bir qədər də zənginləşdirmiş, çatışmazlıqları kəskin tənqid edib. Səhəndin “Başlanış” və “Qurtarış” adlı əlavələrində isə müəllifin ictimai arzuları, amalları və həyat hadisələrinə baxışı ifadə olunub.
Bu əsərə yüksək dəyər verən M.İbrahimov yazırdı: “Səhəndin “Dədə Qorqud” dastanlarına etdiyi Başlanışlarda şair “dastanın” (“Kitabi-Dədə Qorqud”) humanizm ruhunu və mündəricəsini inkişaf etdirib, bugünkü insanın mübarizələri və arzuları ilə aşılamış, həyat haqqında, insan haqqında bir sıra qiymətli fikirlər söyləyib”. Xalqla şairin birliyini vacib sayan Səhənd xalqla, ellə nəbzinin bir vurduğunu, köksündə bir deyil, milyonlarla soydaşının ürəyinin çırpındığını yazırdı. Bu çırpıntılar Heydər Abbasi Barışmazın da ürəyini riqqətə gətirib və güclü milli ruha sahib olan şair “Çağrılmamış qonaqlar”, “Udumlu dirək” və “Nəğmə dağı” adlı irihəcmli poemalarını qələmə alaraq illərdən bəri qəlbində yaşatdığı arzu və diləkləri, ağrı və acıları, fəlsəfi düşüncələrini, Güney xalqının yaşantılarını ağ vərəqlərə köçürüb. H.A.Barışmaz “Çağrılmamış qonaqlar” poemasını B.Q.Səhəndin “Sazımın sözü” trilogiyasındən ilham alaraq yazmış, böyük ehtiram bəslədiyi ustadına ithaf edib.
Beləliklə, deyə bilərik ki, dövrün poemalarında Vətən ağrısı, yurd həsrəti, yasaq edilmiş ana dilinin buxovlardan qurtuluşu və inkişaf etdirilməsi özünəməxsus tərzdə, bütövlüyün təcəssümü halında bədiiləşdirilir. Bu mənzum nümunələrdə paradoksal amillər, didaktik parametrlər, bir-biri ilə təzad yaradan müəyyən müxtəlifliklər, ədəbi-bədii müstəvidə cərəyan edən dünyəvi hisslər, bəşəri duyğular, milliliyin formalaşması istiqamətində atılan addımlar, olacaqdan olmuşlara kölgələnən ədəbi sıçrantılar və s. bəşəri niyyətlər kontekstində verilir, bu mürəkkəbliyin ifadəsində ümumazərbaycan ədəbiyyatının bütün dəyərlərindən yararlanmaqla, onun nəzəri əsaslarına da ciddi riayət edilir.

Esmira Fuad
filologiya üzrə elmlər doktoru